Arvadının başqasına ərə gedəcəyini eşidən kişi dəliyə döndü – Şok olay

26 May 2022 17:13 (UTC+04:00)

Abşeron rayonunda 1973-cü il təvəllüdlü Amil arvadı Bahara (adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə bu il yanvarın 21-də Hökməli qəsəbəsində baş verib.

Amil saat 22 radələrində yaşadığı evdə Baharla qısqanclıq zəminində mübahisə edib. O, arvadını döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Amil bildirib ki, Baharla 13 il evli olub: “Lakin 2020-ci ildə biz boşandıq. Buna baxmayaraq barışaraq Hökməli qəsəbəsindəki evimizdə birlikdə yaşamağa davam etdik. Lakin o, sözümə baxmadığından və mənimlə kobud danışdığından aramızda bəzən mübahisələr yaranırdı”.

Təqsirləndirilən şəxs qeyd edib ki, yanvarın 21-də saat 10 radələrində yaşadıqları evdə olan zaman Bahara zəng gəlib: “Mən zəng edənin kim olduğunu soruşdum. Bahar cavabında məni söydü, təhqir edərək başqa bir şəxslə evlənəcəyini bildirdi. Bundan əsəbləşdim. Əvvəl yumruqla Baharın başına vurdum, sonra başını qapının tininə çırpdım. Bahar alın nahiyəsindən xəsarət aldı. Mən evdən çıxaraq getdim”.

Zərərçəkmiş şəxs qismində ifadə verən Baharın sözlərinə görə, Amil spirtli içki aludəçisi olub. Bu səbəbdən 2020-ci ildə 13 illik evliliklərinə son qoyaraq boşanıb, amma yenidən evliliklərini bərpa ediblər: “Amil yenə də spirtli içkinin təsiri altında evdə əsassız mübahisələr yaratmağa davam etdi. Hadisə baş verən günü yaşadığımız evdə telefonuma zəng gəldi. Amil telefonu əlimdən alaraq kimin zəng etdiyini soruşdu. Mübahisə yarandı. Amil yumruqla başıma vurdu, saçımdan yapışaraq məni yerə yıxdı, başımı qapının tininə çırpdı”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, Amilin əlindən çıxaraq Daxili İşlər Nazirliyinin “102 xidməti-zəng” mərkəzinə baş vermiş hadisə barədə məlumat verib.

Bahar ifadəsinin sonunda ərinin hərəkətindən şikayətçi olduğunu, onun cəzalandırılmasını xahiş edib.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.

Amil 1 il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzası təyin edilib.