Fərda Əsədov: “Artıq III Dünya müharibəsi başlayıb” - Müsahibə

27 May 2022 11:42 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun ərəb ölkələri tarixi şöbəsinin müdiri, araşdırmaçı alim Fərda Əsədov Teleqraf.com-un sullarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Fərda müəllim, Rusiya-Ukrayna müharibəsi və bu savaşa qədərki vəziyyətlə bağlı fərqli yanaşmalar var. Bunu qlobal qarşıdurma prosesi və yeni dünya düzəninin formalaşmasının son mərhələsi kimi də qiymətləndirirlər. Siz bu prosesi, onun görünən və görünməyən tərəflərini necə təhlil edirsiniz?

- Konkret bu məsələdə deyə bilərik ki, prosesin kökündə duran çoxdankı, bəlkə də çarizmin dağılmasından sonrakı SSRİ və indiki Rusiya ilə Qərbin münasibət formasının axtarışı gedir. Əvvəl Avropa üçün Almaniya təhlükəsi və problemi var idi. Amma Avropa Birliyi qurulandan sonra bu proses bitdi. Avropa Birliyinin təsisçilərindən olan məşhur xadim Robert Şuman məqaləsində yazırdı ki, bizim Avropada sülh və rifah yaratmağımız üçün alman probleminin həlli lazımdır. Bu problemin həlli də baş verdi. Bunun baş verməsi sadəcə Almaniyanı müharibədə məğlub etmək, silahlı qüvvəsinə məhdudiyyət qoymaqla olmadı. Bununla paralel alman xalqının və dövlətinin paradiqmasının dəyişməsi oldu. İndi alman cəmiyyətində revanşizm kimi fikirlər görünsə də, tarixin təkrarlanmaması üçün orada böyük həssaslıq var ki, Almaniya əvvəlki siyasi məcrasına gəlməsin. Xatırlayaq, Almaniya XIX və XX əsrdə böyük problemlər yaradırdı, iki dəfə dünya müharibəsinə səbəb olmuşdu. Amma Avropa və Almaniya bu problemi həll edib. İndi Avropa və ABŞ-ın Rusiya ilə münasibətlərində bu məsələ böyük problem kimi durur. Çünki rus dövlətçiliyinin saxlanılması, rus xalqının və cəmiyyətinin tarixdə düşündüyü qədər yer tutması üçün sanki eyni ərazilərdə ənənələrin davam etdirilməsi ilə mümkün olduğu düşünülür. Halbuki, müasir dünyada 100 il bundan əvvəl olan siyasətin əsasını təşkil edən dəyərlər dəyişməlidir. Müasir siyasətdə beynəlxalq münasibətlər başqa cür qurulmalıdır. Yəni millətin yaşaması, onun dövlətinin davamiyyətini əvvəllər olan dəyərlər üzərində qurmaqdansa, müasir münasibət mədəniyyəti üzərində qurulmalıdır. Bax, bu, artıq Rusiyanın, rus cəmiyyətinin transformasiya problemidir. Orada gördünüz kimi elitanın müəyyən transformasiya ilə əsasrus xalqı arasında qarşıdurma həmişə olub, indi də görünür ki, fərq və uçurum var. Hər şeyə nəzarət, sərt qaydalar hazırda Rusiyada müşahidə olunur və bu, hələ təsirini göstərməkdədir. Tərəddüd içində qalan rus xalqının müəyyən elementləri bu və ya digər tərəfə getmək üçün qərar verəndə şəxsi təhlükəsizlik problemi ilə də qayğılanırlar. Bununla yanaşı biz görürük ki, elitada da müəyyən parçalanma var. Yuxarıda qeyd etdiyim paradiqma, transformasiya bəlkə də rus cəmiyyətinin bir hissəsində baş verib, amma digər hissə də ola bilsin ki, acı həqiqətləri dərk edərək yeni Rusiya yaratmaq fikrini bölüşmür. Əlbəttə, bu, xeyli dərəcədə indi Rusiya-Ukrayna mübarizəsinin nəticələrindən asılı olacaq.

Bu məqamda dediklərimi gücləndirmək üçün paradoksal yanaşma da səsləndirmək istərdim. Sanki millətin şüurunun, dövlətçilik paradiqmasının sınağa çəkilməsi indi təkcə Rusiya ilə baş vermir. Mən bunu zaman baxımından hətta erməni şüuru və dövlətçiliyi ilə də müqayisə edərdim. Bu, əslində tarixi baxımdan da təsadüfi hal deyil. Biz görürük ki, əsrin əvvəllərindəki rus işğalından sonra Rusiyanın dövlətçilik və imperiya siyasətində məhz bu bağlılıq formalaşdı. Belə ki, Rusiya müəyyən xalqların milli şüurunu formalaşdıraraq onun üzərində özünün imperiya siyasətini qurmaq xəttini qurdu. Bu, erməni xalqı ilə rus imperiya təfəkkürünün birliyini yaratdı. Bu birlik indi də ağrılı şəkildə davam etsə də, böhran vəziyyətinə gəlib çıxıb. Necə ki, eynilə Rusiyada ənənəvi siyasətin böhranı müşahidə olunur. Bunu bir qədər də incələsək, demək olar ki, 100 il bundan əvvəl - Çar Rusiyası dağıldıqdan sonra formalaşmaqda olan keçmiş imperiya xalqlarının milli şüurunun qalxması və müstəqillik uğrunda mübarizəsi indi həlledici mərhələyə gəlib çıxır. Əgər bu və ya digər formada SSRİ-nin dağılmasından sonra köhnə mühiti yaratmaq meylləri vardırsa - Avrasiya Birliyi, KTMT və s. qurumlarla onun dirçəldilməsi tendensiyası müşahidə olunurdusa, sonra zamanla bunun mümkün olmayacağını görən Rusiya rəhbərləri daha sıx bağlılıqla keçmişə baxıb onu bərpa etmək haqqında düşünürlər. Burada biz deyə bilmərik ki, SSRİ-nin yaradılması və ya başqa bir niyyət durur. Amma onlar bunu bəyan etməsə də, məsələlərin kökündə bu qayıdış düşüncəsini müşahidə edirik. Bu baxımdan biz həm də böyük və həlledici dövr yaşayırıq, 100 ildən artıq davam edən prosesin həlledici məqamına çıxırıq. Bu məqamın da kəskin təzahürü Rusiya ilə Ukrayna arasında baş verən qarşıdurmadır. Odur ki, biz özümüzün dövlətçiliyimizi düşünürüksə, bu mücadilədə Ukraynanın müstəqilliyinin bərpası, əvvəlki mühitdən qopması, milli kimliyinin bərqərar olmasını dəstəkləməliyik. Digər tərəfdən, rus dövlətçiliyinin və xalqının əsl mənada düşüncə tərzinin, dövlət mədəniyyətinin müasirləşməsini arzulaya bilərik.

- Əslində belə müşahidə ortaya çıxır ki, Rusiyanın keçmiş imperiya maraqlarından imtinası və müasirləşməsi mədəni yollarla baş vermədiyi üçün indi böyük müharibə yaratmaqla rus xalqını, maarifçilərini və düşüncə adamlarını oyatmağa çalışırlar. Bu müşahidə reallığa nə dərəcədə uyğundur?

- Bu, tamamilə doğru müşahidədir. Çünki SRRİ dağıldıqdan sonra belə fikirlər gücləndi ki, sülh və islahatlar yolu ilə Rusiyanın dəyişməsi, transformasiyası baş verəcək. Amma bu transformasiyanı rus xalqı və rəhbərləri müəyyən qədər öz maraqlarını güdməklə sanki Rusiyanın zəifləməsi, dövlətçiliyinin geriləməsi və təhlükə kimi gördülər. Buna qarşı köhnə alət və üsulları əsas götürməklə siyasətə qapıldılar. Əslində isə bunu təbii hal kimi qəbul etmək olardı. Əlbəttə, biz Rusiyadan ehtiyatlanan Qərb dövlətlərini də ideallaşdırmamalıyıq. Hər bir dövlətin öz maraqları var. Burada iqtisadi maraqlar da öz yerini tapa bilər. Amma onu bilirik ki, beynəlxalq qanunvericilik hansısa institutların bir-birinə zidd olan maraqlarını nizamlayır. Orada müəyyən bir mədəniyyət var ki, kompromistlərə nail olmaq üçün yol açır. Amma Rusiya təcrübəsinə baxanda görərik ki, silahlanmaya vəsait qoyulan mühitdə vətəndaş cəmiyyəti, institutlar zəifləyib. Sözsüz ki, biz daha çox sülh yoluna gedən, kompromistləri həll edəcək mədəniyyəti olan beynəlxalq münasibətlərə üstünlük verməliyik. Çünki biz həmişə olmasa da, son tarixi dövrlərdə məzlum xalq olmuşuq. Ya İranın, ya da Rusiya imperalizmi təhlükəsi önündə öz inkişafımızı da məhdud dairədə etmişik. İndisə düşünməliyik ki, bizim kimi məzlum xalqların xeyrinədir ki, bu güc istifadəsi, güclə imperalist maraqların təmin olunması mümkün qədər beynəlxalq institutlara söykənən mədəniyyətlə müəyyənləşsin.

- Ruslar Ukraynanı götürsə və məqsədlərinə nail olsa, dünyada nə baş verəcək?

- Doğrusu, bu ehtimalın yüksək olduğunu, inandırıcı göründüyünü düşünmürəm. Rusların tam qələbəsi real deyil. Amma bu baş versə, müəyyən dövr üçün hərbi əməliyyatlar dayanacaq. Sanki SSRİ dövründə olduğu kimi “Dəmir pərdə” yaranacaq. Amma hansı konfiqurasiyanın olacağını demək çətindir. Mümkündür ki, Rusiya bununla kifayətlənməyərək siyasətini davam etdirsin. Rusiyada hazırda belə səslər var ki, növbəti Qazaxıstan və ya Moldovadır. Orada da rusların bu siyasəti aparmaq üçün imkanları ola bilər. Düşünürəm ki, Rusiya Ukraynada öz maraqlarına cavab verən sülhə nail ola bilsə, növbəti addım atmaq üçün dövlətçiliyinin yeni sınağa çəkməsi üçün qətiyyəti olmayacaq. Lakin bu variant müvəqqəti faza olacaq. Çünki “Dəmir pərdə” indiki vəziyyətdə Rusiyada hətta əvəzləyici iqtisadiyyat yaradacağını desə də, mümkün deyil. Nəzərə alın ki, indi iqtisadiyyat dövlətləri bir-birinə daha çox bağlayır. Sərt məhdudiyyətlərin qoyulması halında belə, mən düşünmürəm ki, bu, orta zaman kəsiyində Rusiyanın sabitləşməsinə səbəb ola bilər. Əksinə, orada daxildə problemlər qaynamağa başlayacaq və növbəti böhran dövrünə gətirəcək ki, bu da proseslərin inkişafında yeni fazaya səbəb olacaq.

- Hazırda neft və qaz satışını çıxmaqla Rusiyaya qarşı ən sərt sanksiyalar tətbiq edilir, eləcə də Qərb Ukraynaya maliyyə, siyasi və hərbi dəstək verir. Rusiyanın Ukraynada dayandırmaq mümkün olsa, bu, hansı qlobal nəticələr ortaya çıxacaq?

- Bu baş versə, Rusiya siyasətində yenilənmə müşahidə olunmalıdır. Biz fantaziyadan uzağıq, amma onu da səsləndirməliyik ki, bu halda Rusiyanın ənənəvi siyasətinə qayıdışı rəhbər tutan rus hökuməti dəyişməli olacaq. Bu halda mümkündür ki, yeni ortaq vəziyyət yaransın. Qarşıdan gələn seçkilərdə ya ortaq siyasət aparan keçid hökuməti formalaşa, burada indiki prezident də iştirak edə bilər. Bəlkə də daha real hökumət Rusiyada ortaya çıxmalı olacaq. Bütün siyasi taleyini yuxarıda qeyd edilən siyasətin reallaşmasına qoyan rəhbər yəqin ki, məğlubiyyət kimi qəbul edilən nəticədən sonra siyasətini davam etməkdə problemlə rastlaşacaq.

- Bu necə olacaq, yumşaq, yoxsa kəskin formada?

- Məncə, bu da nəticənin mahiyyətindən asılıdır. Sonra düşünmək olar ki, proses yenidən başlayacaq, sanki 90-cı illərə qayıdış olacaq. Qərb də müəyyən nəticələr çıxarmalı olacaq. Gördüyünüz kimi, Henri Kissincer səsləndirir ki, Rusiyanı müəyyən mənada sakitləşdirmək lazımdır. Qərb də çox sakit və ehtiyatla qısamüddətli nəticə əldə etmək deyil, daha sakit mərhələli prosesin olmasına üstünlük verə bilər. Qısacası, indi baş verənlər həm də tarixi prosesdir. Əslində indiki hadisələr sanki XX yüzilliyin birinci rübündə olan hadisələrin davamıdır. Tarixin masştabında bu, belə görünür. Ola bilsin ki, 100 ildən sonra tarixçilər bu barədə yazanda indiki mərhələni vahid dövr kimi qiymətləndirəcək.

- Rusiya-Ukrayna savaşının daha təhlükəli fazaya - III Dünya müharibəsinə keçid etməsi, nüvə silahından istifadə təhlükəsini nə dərəcədə real sayırsınız?

- Bəzi müşahidəçiləri qeyd edirlər ki, artıq III Dünya müharibəsi başlayıb. Əgər biz iqtisadi və hərbi resursların qarşıdurmasını nəzərdə tuturuqsa, müəyyən qədər bu ifadədə həqiqət var. Biz görürük ki, Ukraynada Rusiyaya qarşı qoyulan potensial yalnız Ukraynanın potensialı deyil. Burada müəyyən qədər Rusiyaya qarşı duran NATO-nun potensialı var. Hətta hərbi təcrübəsi, dəstəyi də müşahidə edilir. Buna ona görə proksi müharibə (vasitəçilik müharibəsi) deyirlər ki, bilavasitə NATO iştirak etməsə də, maraqları haradasa təmin olunur. Lakin bunun nüvə silahlı müharibəyə çevrilməsi ehtimalı azdır. Baxmayaraq ki, bununla bağlı bəzi təhdidlərin olduğunu da müşahidə edirik. Mənə elə gəlir ki, bu məsələdə siyasi rəhbərlik nə qədər avtoritar mühitdə olsa belə, vəziyyəti tam müəyyən edə bilməyəcək. Mən hansısa insan şüurunun sayıqlığına arxalanıram. Burada şübhəsiz ki, hərbi elitanın da mövqeyi fərqli ola bilər. Hərbi mücadilədə nüvə silahına əl atmaq siyasi qərar olsa da, hərbi rəhbərlik tərəfindən icra edilməlidir. Bu da fərdi və tarixi məsuliyyət yaradır. Nə qədər düşünsək ki, rəhbərlikdə olan bir və ya iki şəxs belə qərar verə bilər, amma bu məsələdə daha geniş dəstəkləyici mövqeyə ehtiyac var. Rusiya Baş Qərargahı düşünmürəm ki, bu məsuliyyəti öz üzərindən ata və sonrakı mərhələdə məsuliyyəti siyasi rəhbərliyin üzərinə yıxa bilər. Zənnimcə, belə bir mövqe və qərar olsa, bu qərar verən şəxslər üçün böyük təhlükə yarada bilər. Belə bir təhlükənin yaranmasını qərar verən şəxslər də dərk edir. Odur ki, bu təhdidlər, açıqlamalar daha çox təzyiq məqsədi güdür. XXI əsrdə yaşayan ziyalı olaraq belə bir təhlükəni görmürəm.

- Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli olacağı, daha çox resursu olan tərəfin qalib gələcəyi deyilir. Siz bu müharibədə tərəflərin resurs və imkanlarını necə qiymətləndirirsiniz?

- Resursların aydınlıqla qiymətləndirilməsi asan məsələ deyil. Amma təhlillərdən belə nəticəyə gəlmək olar ki, Rusiyanın daima hərbi imkanlarının artmasını indiki şəraitdə təmin etməkdə böyük problemlər yarana bilər. Burada texnoloji problemlər var. Rusiya mediasında eşidirik ki, guya əvvəl asılılığı olan texnologiyalar indi ölkə daxili imkanları ilə təmin edilir. Məncə, bu daha çox təbliğat məqsədilə edilir, həqiqətə yaxın deyil. Biz sovet dövründə görürdük ki, müəyyən qədər rəqabət aparmaq mümkündür. SSRİ-nin resurslarının səfərbər edilməsi isə indiki Rusiyanın resurslarını müqayisə etmək doğru olmazdı. O zaman müəyyən qədər rəqabət aparmaq mümkün olurdu, amma texnologiyalar mürəkkəbləşdikcə, bunu davam etmək mümkün olmadı. Əslində SSRİ-nin böhrana düşməsinin bir səbəbi də bu oldu. Bu mənada zənn etmirəm ki, müasir Rusiya Qərb texnologiyaları ilə ayaqlaşması mümkün ola bilər.

İqtisadi resurslara gəldikdə, qaz, neft, ərzaq imkanları indiki mərhələdə Rusiyaya müəyyən qədər üstünlük verir. Ancaq onu da görürük ki, Qərbdə strategiya seçilir ki, hansı müddətdə Rusiyanın resurslarından asılılıq azala bilər.

Burada Rusiyanın başqa bir strategiyası da var. Söhbət öz resurslarının inkişaf etdirilməsi ilə yanaşı geniş məkanda Qərbə qarşı duran mühit yaratmaqdan gedir. Burada Hindistan, Afrika ölkələri, Latın Amerikasından danışa bilərik. Məsələn, bu yaxınlarda Prezident Putinin Afrika Müstəqillik günü ilə bağlı müraciəti də oldu. Orada deyilirdi ki, SSRİ və Rusiya Afrika ölkələrinin müstəqilliyinin tərəfində olub. Sözsüz ki, bu gedişlərdə Qərbə qarşı mühit yaratmaq, səfərbər olmaq niyyətləri var. Bəlkə də, indiki dövrdə həmin ölkələrdə Qərbə qarşı mənfi münasibət var. Mənim Latın Amerikasında dostlarım var və onlar da ABŞ-a qarşı ögey münasibət hiss olunur. Amma bir tərəfdən Latın Amerikası çox uzaqdadır, digər tərəfdən, oradakı münasibətlərdə dəyişməkdədir. Hətta indiki mərhələdə Qərbə qarşı mühitin yaradılması, iqtisadi əməkdaşlıq və koordinasiyanın qurulması mümkün olsa belə, Rusiyanın resursu,maliyyə və texnoloji imkanaları çatmaz ki, rəhbərlik rolunu üzərinə götürsün. Bunun əvəzində Qərb resurs və texnologiyası Ukrayna tərəfindədir.

Bundan başqa, biz diqqət edəndə görürük ki, Türkiyə siyasəti ilə sanki ortada dayanıb. Amma eyni zamanda Qərblə münasibətlərin pozulması və bir tərəfin yanında durmaq da prioritet kimi götürmür. Bunların hamısı Türkiyənin bu toplumda əhəmiyyətinin artması məqsədini güdür. Türkiyəni də narahat edən problemlər var və onun aradan qaldırılması üçün iş görülür. Biz Finlandiya və İsveç məsələsində bunu müşahidə etdik. Türkiyə məncə, öz problemlərini həll edəcək və bu icmada öz nüfuzunu artıracaq. Amma bu icmadan çıxmaq, hansısa tərəfə getmək kimi hədəfi də yoxdur.