“Putin heç bir strateji məqsədinə nail ola bilməyib” - Blinken

27 May 2022 15:12 (UTC+04:00)

Beynəlxalq nizamın əsasları ciddi və davamlı çağırışla üz-üzədir, Rusiya Prezidenti Vladimir Putin və onun rejimi açıq və real təhlükə yaradır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

Onun sözlərinə görə, Putin üç ay əvvəl Ukraynaya qarşı genişmiqyaslı işğala başlamaqla BMT Nizamnaməsində təsbit edilmiş və bütün ölkələri işğaldan qorumaq üçün nəzərdə tutulmuş suverenlik və ərazi bütövlüyü prinsiplərini pozub:

“Buna görə də bir çox ölkə bu təcavüzə müqavimət göstərmək üçün birləşib. Çünki onlar bunu öz sülh və təhlükəsizlikləri üçün də birbaşa təcavüz kimi görürlər”.

Blinken Ukraynanın öz xalqını və müstəqilliyini qorumaq üçün cəsarətlə mübarizəni davam etdirdiyini, ABŞ və dünya ölkələrindən misilsiz yardım aldığını vurğulayıb.

“Müharibə davam etsə də, Prezident Putin heç bir strateji məqsədinə nail ola bilməyib. Ukraynanın müstəqilliyini məhv etmək əvəzinə, onu gücləndirdi. NATO-nu parçalamaq əvəzinə, birləşdirdi. Rusiyanın gücünü bir daha təsdiqləmək əvəzinə, onu sarsıdır, beynəlxalq təhlükəsizliyi zəiflətmək əvəzinə, onu qorumaq üçün ölkələri birləşdirdi”, - Blinken bildirib.