Nəsib bəy parlamentdə çıxış edərək demişdi ki, bu gündən etibarən... - Müsahibə

28 May 2022 09:05 (UTC+04:00)

Tarixçi alim Firdovsiyyə Əhmədova Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

– Firdovsiyyə xanım, əvvəlcə milli dövlətçilik tariximizdə cümhuriyyət xadimlərinin misilsiz xidmətlərinin yüksək dəyərləndirilməsi, onların zəngin irsinin öyrənilməsi və təbliği ilə bağlı bu gün dövlət səviyyəsində həyata keçirilən siyasətlə bağlı fikirlərinizi bilmək istərdik...

– Təbii ki, Azərbaycan Xalq Cümhuriyyəti özü dövlətçilik tariximizdə, türk dünyasının, islam aləminin tarixində çox möhtəşəm bir hadisədir. Çünki bu tarix istər türk dünyasında, istərsə də islam aləmində ilk modern dövlətçiliyin tanındığı tarixdir. Yəni, Azərbaycan Xalq Cümhuriyyəti ilk türk cümhuriyyətidir. Hətta 1920-ci ildə Osmanlı dövlətinin ağır günlərində – istila vəziyyətində olduğu zamanda belə İstanbul Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması ilk türk cümhuriyyəti olaraq alqışlanmış, bu münasibətlə bütün Türk dünyasına, eyni zamanda Azərbaycan xalqına təbriklər göndərilmişdi. Yəni, biz bu hadisə ilə bağlı yalnız Azərbaycan adına qürur duymaqla kifayətlənməməli, eyni zamanda məhz belə bir cümhuriyyətin varlığını, Türk dünyasında, islam aləmində daha erkən, hamıdan birinci olaraq Azərbaycan xalqının çağdaş idarəçiliyə malik dövlət qurduğunu demokratik təsisatlara əsrlərlə sahib olan ölkələrə, xüsusilə Avropa ölkələrinə çatdıra bilməliyik. Təbii ki, belə bir cümhuriyyəti qurmuş şəxsiyyətlər haqqında da xüsusilə bilgi verilməlidir. Çünki bu cümhuriyyət sadəcə bir bölgədə baş verən proseslərin sonucu kimi meydana çıxmadı. Bu cümhuriyyət həmin respublikanı quran insanların, aydınların onillərlə apardıqları, xalqda milli məfkurənin, milli yaddaşın, milli mənlik şüurunun formalaşması yönündə teatr, mətbuat, məktəb vasitəsilə apardıqları fəaliyyətin nəticəsi idi ki, zamanı yetişdikdə həmin prosesdə hazırlıqlı olaraq məsuliyyəti öz üzərlərinə götürdülər.

Təbii ki, bu gün dövlət səviyyəsində cümhuriyyətin, cümhuriyyət qurucularının yubileyləri ilə bağlı sərəncamlar verilir, müvafiq tədbirlər planı hazırlanır, tədbirlər keçirilir. Bu, rəsmi səviyyədə verilən qiymətdir. Həmin şəxsiyyətlərin xatirəsini anmaqla cəmiyyətin alt qatında daha geniş səviyyədə onlar haqqında xüsusən gənc nəsildə bilgi yaratmaqla yaxşı haldır. Ancaq daha önəmli hadisə bu şəxsiyyətlərin önəm verdikləri dəyərlərin cəmiyyətdə yer almasına və o dəyərlərin gələcək nəsillərə ötürülməsinə nail olmaqdır. Ona görə də yalnız adlar ətrafında cari tədbirlərin keçirilməsi yetərli deyil. Elə o sərəncamlardan irəli gələn ən mühüm vəzifə odur ki, hər dəfə o şəxsiyyətlərin irsinin öyrənilməsinə diqqət yetirilsin. Bir məqam da var. Cümhuriyyət qurucularının üst qatı, yəni elit təbəqəsi mövcuddur. Onların adlarının daha çox tanınmasına baxmayaraq onların irsi haqqında bilgilər də heç də geniş əhatəyə sahib deyil. Amma cümhuriyyəti böyük bir komanda qurmuşdu. Ona görə də nazirliklərdə, hətta yazıçı, şairlərin, cümhuriyyət dəyərlərinə önəm verən bütün ziyalıların irsini öyrənmək, onların adlarını bilmək, xatirəsini qeyd etmək lazımdır. Bu baxımdan təbii ki, böyük işlər görülməlidir. Son 30 ildə cümhuriyyət tarixi ilə bağlı kifayət qədər tədqitatlar aparılıb, akademik nəşrlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitablar nəşr olunub. Amma cümhuriyyət qurucularının, xüsusilə mühacirət dövrünün irsi o qədər zəngin irsdir ki, onların məktəb səviyyəsində metodiki baxımdan gənc nəslə öyrədilməsi yönündə də ciddi işlər aparılmalıdır. Yəni, bu bizim qarşımızda yalnız cümhuriyyət qurucularına minnətdarlıq vəzifəsi kimi deyil, həqiqətən də cümhuriyyətə önəm verən bir nəslin o dəyərləri yaşadıb çağdaş zamanın çağırışlarına uyğun olaraq inkişaf etdirmək baxımından strateji bir xətt olmalıdır.

– Müstəqillik gününün Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması şəraitində qeyd etməsinin, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağın bu gün Şuşada dalğalanmasının əhəmiyyəti ilə bağlı fikirləriniz nədən ibarətdir?

– Biz hər zaman Müstəqillik günü, başqa tarixi günlərimizlə bağlı tədbirlər keçirərkən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını və o zaman daha qürurla bu bayramları qeyd etməyi arzulamışıq. Cümhuriyyətin 104-cü ildönümü günündə biz 44 günlük Vətən müharibəsinin qürurunu yaşamaqda hələ də davam edirik. Bu müharibə büütn dünyaya Azərbaycan xalqının şücaətini, əzmkarlığını, Azərbaycan hərbçisinin, əsgərinin bir cəngavərlik ruhunu nümayiş etdirdi və bizə qalib xalq imici yaşatdı. Amma bu savaş təbii ki, ilk öncə bizim cümhuriyyət qurucuları qarşısında növbəti vəzifəmizin yerinə yetirilməsi idi. Necə ki, cümhuriyyət dönəmində yarandığı gündən etibarən Bakı uğrunda, Azərbaycanın digər əraziləri uğrunda savaş apararaq əzəli Azərbaycan torpaqları üzərində Azərbaycan hakimiyyəti bərqərar olurdusa, nəhayət etibarilə 114 min kvadrat kilometrlik bir ərazi cümhuriyyət xəritələrində, Paris sülh konfransına təqdim olunan sənədlərdə öz əksini tapmışdısa və bu ərazilər üzərində tam hakimiyyət mövqeyi var idisə, biz bizə ondan daha qısa qalmış, əlimizdən alınmış torpaqlarda qalan 86,6 min kvadrat kilometrlik ərazinin bərpası – itirilmiş ərazilərimizin geri qaytarılması üçün bir vəzifə borcu olaraq işlərimizi aparmalı idik. Bunun bir qismi Şuşa da daxil olmaqla Azərbaycan hərbçisinin qanı bahasına 44 günlük müharibə zamanı geri alındı. Təbii ki, şəhidlərimizin xatirəsini əziz tutmalı, qazilərimizə cansağlığı arzulamalıyıq.

Bu gün biz Vətən müharibəsi sözü ilə yanaşı Birinci və ikinci Qarabağ müharibəsi sözü işlədirik. Qeyd edim ki, 1920-ci ildə Qarabağda qaldırılmış qiyamın yatırılması zamanı gənc Azərbaycan ordusu heç bir müttəfiqi olmadan, heç bir xarici qüvvənin köməyinə arxalanmadan təkbaşına şücaətlə mübarizə aparıb istər qiyamı yatırdı, istərsə də Azərbaycanın qərb sərhədlərinin təhlükəsizliyini təmin etdi. Bu böyük bir plan idi ki, erməni təcavüzkarları sovet Rusiyası ilə əməkdaşlığa gedib, işbirliyi yapıb Azərbaycan Cümhuriyyətini devirmək istəyirdilər. Bir məqamı da vurğulamaq istərdim. İngilis qoşunlarının Azərbaycandan çıxarılması zamanı dövlətin təhlükəsizliyi baxımından bir narahatlıq var idisə, 1919-cu ilin avqustunda baş nazir Nəsib bəy Yusifbəyli bu münasibətlə Azərbaycan parlamentində çıxış edərək Azərbaycan xalqını, millət vəkillərini təbrik etmişdi ki, bu gündən etibarən biz tam istiqlaliyyətə qovuşduq. Yəni, Azərbaycan ərazisində hər hansı xarici qüvvənin, lap sülhməramlı adı ilə belə olması yenə də bizdə – xalqda təbii ki, narahatlıq yaradır. Cümhuriyyətimizin 104-cü ildönümündə arzu edək ki, gün o gün gəlsin Azərbaycanın heç bir qarış torpağında hər hansı xarici dövlətin qüvvələri olmasın və Azərbaycan tam olaraq özünün respublika üçün nəzərdə tutulmuş əraziləri üzərində suveren hakimiyyətini tam bərqərar edə bilsin.

– Bu il Azərbaycanın öz müstəqillik gününü qardaş Türkiyə ilə birlikdə qeyd etməsi, dörd il öncə Bakının işğaldan azad edilməsinin 100 illiyi ilə əlaqədar keçirilmiş hərbi paradda, həmçinin, Vətən müharibəsində qazandığımız tarixi qələbəyə həsr olunmuş zəfər paradında olduğu kimi, builki tədbirlərdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının və müttəfiqliyinin təcəssümü hesab oluna bilərmi?

– Təbii ki, hesab oluna bilər. Bilirsiniz ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlər siyasi və ya beynəlxalq konyukturaya söykənən münasibətlər deyil. Bu, qardaş xalqların tarixi, etnik, dini, müştərək tarixinin bir göstəricisidir. Siyasi müstəviyə nəzər salsaq isə görərik ki, 104 il öncə Azərbaycan və Türkiyə arasında hər iki dövlətin hərbi qüvvələrinin birgə iştirakı ilə Qafqaz İslam Ordusunun müzəffər yürüşü nəticəsində Bakı azad edildi, Qarabağ üzərində Azərbaycanın suveren hakimiyyəti bərqərar oldu. Ümumiyyətlə, Azərbaycanın işğal altında olan əraziləri Azərbaycan və Türkiyə hərbçilərinin birgə şücaəti nəticəsində azad olunmuşdu. Yəni, Azərbaycanla Türkiyə arasında 104 il əvvəl imzalanmış sülh və dostluq haqqında bir müqavilə var idi. Ona görə də biz bu günlərdə həm Bakının azad olunması tarixini, həm də Qafqaz İslam Ordusunun məcburiyyət qarşısında geri çəkilməli olan qüvvələrindən Azərbaycanda qalıb Azərbaycan naminə vuruşan, sovet işğalı ilə barışmayan Nuru paşanın komandanlığı altında olan qüvvələrin xatirəsini minnətdarlıqla yad edirik. Bu baxımdan tam təbiidir ki, cümhuriyyətimizin 104-cü ilində də biz yenə hər iki qardaş dövlətin başçılarının bir araya gələrək bu münasibətlərin regional və beynəlxalq təhdidlərə, təzyiqlərə baxmayaraq daha üstün bir yer aldığının, məqam tutduğunun dünyaya nümayişinin şahidi olacağıq.