“Şərtlərimiz bunlardır, yerinə yetirin, sonra gəlin" - Çavuşoğlu

27 May 2022 14:53 (UTC+04:00)

“Terrorizm NATO və müttəfiqləri üçün ən böyük təhlükədir. İsveç və Finlandiyanın müraciətində bu məsələdə qətiyyətimizi nümayiş etdirmişik. Hər iki ölkə terror təşkilatlarına qarşı mübarizədə konkret addımlar atmalı və terrora dəstəyi dayandırmalıdır”.

Teleqraf.com xəbər verir ki, bunu polşalı və rumıniyalı həmkarları ilə görüşündə Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

Onun sözlərinə görə, Türkiyənin Finlandiya və İsveçin NATO-ya müraciətlərinə etirazı onların terror təşkilatlarına dəstəyi ilə bağlıdır:

“Bizim niyə buna qarşı olduğumuzu hamı bilir və anlayır. Ankaraya nümayəndə heyətləri gəldi, görüş keçirildi. İki ölkənin terror təşkilatlarına, xüsusilə PKK/YPG-yə verdiyi dəstək və bununla bağlı əldə olan məlumatlar bir daha onlarla bölüşüldü. Nümayəndə heyətləri bu sənədləri aldı, paytaxtlarına qayıtdılar, indi biz bu ölkələrdən konkret addımlar gözləyirik. “Türkiyəni inandıra bilərik” kimi yanaşma doğru deyil, gözləntimiz yalan gözlənti deyil. Əgər onlar NATO-ya üzv olmaq istəyirlərsə, terror təşkilatlarına dəstəyi dayandırmalıdırlar.

Tələblərimiz haqlı tələblərdir, aydın və birmənalıdır. Bu ölkələr terroru dəstəkləyirlər, eyni zamanda, bizə qarşı sanksiyaları ləğv etməlidirlər. Ümid edirəm ki, Finlandiya və İsveç bizi çox yaxşı başa düşdü. Həmişə dialoqun tərəfdarıyıq, ümid edirik ki, bu gözləntilər konkret şəkildə yerinə yetiriləcək.

Yunanıstan Makedoniyanın NATO üzvlüyünü niyə 11 il gecikdirdi? Çünki bu ölkənin adının dəyişdirilməsini istəyirdi. Şimali Makedoniya olanda vetosunu geri götürüb. Biz heç kimdən adını dəyişməyi tələb etmirik, sadəcə onlardan terrora dəstəklərini dayandırmalarını istəyirik”.