İki ölkədən Şimali Koreyaya dəstək - Cəza tədbirinə imkan vermədilər

28 May 2022 01:12 (UTC+04:00)

Çin və Rusiya BMT Təhlükəsizlik Şurasının ballistik raket sınaqlarına görə Şimali Koreyaya qarşı sanksiyaların artırılmasını tələb edən qətnaməsinə veto qoyub.

Teleqraf.com xəbər verir ki, ABŞ-ın Şimali Koreyaya qarşı sanksiyaları artırmaq üçün təklif etdiyi qanun layihəsi Təhlükəsizlik Şurasının iclasında səsə qoyulub.

Çin və Rusiya qanun layihəsinə veto qoyub. 13 ölkə isə Şimali Koreyaya illik xam neft ixracının 1 milyon barel azaldılaraq 3 milyon, emal olunmuş neft ixracının isə 125 min barel azaldılaraq 375 min barelə endirilməsini nəzərdə tutan qərarı dəstəkləyib.

Qanun layihəsinin BMT Təhlükəsizlik Şurasında qəbul edilməsi üçün 15 üzvdən ən azı 9-u lehinə səs verməli və daimi üzvlərdən ABŞ, Rusiya, Çin, İngiltərə və Fransadan heç biri veto hüququndan istifadə etməməlidir.

Şimali Koreyaya tütün və tütün məmulatlarının ixracını qadağan edən qanun layihəsi, eyni zamanda, bu ölkəyə mineral yanacaqlar, mineral yağlar və bunların distillə edilməsindən əldə edilən məhsulların ixracını qadağan etmək məqsədi daşıyıb.

Qanun layihəsində Şimali Koreya kəşfiyyatı ilə əlaqəli olduğu bildirilən “Lazarus” haker qrupunun aktivlərinin dondurulması da nəzərdə tutulub.

ABŞ-ın BMT-dəki nümayəndəsi Linda Tomas Qrinfild səsvermədən əvvəl verdiyi açıqlamada Şimali Koreyanın bu ilin əvvəlindən bəri 6 qitələrarası ballistik raketi sınaqdan keçirərək və kütləvi qırğın silahları hazırlamaqla beynəlxalq sülh və təhlükəsizliyi təhdid etdiyini bildirib.

BMT Təhlükəsizlik Şurası 2006-cı ildən nüvə proqramına görə Şimali Koreyaya qarşı iqtisadi və hərbi sanksiyalar tətbiq edir.