G7 ölkələrindən OPEC-ə çağırış: Hasilatı yüksəltməsəniz...

28 May 2022 19:31 (UTC+04:00)

“Böyük Yeddiliy”in (G7) energetika və iqlim nazirləri OPEC ölkələrini yanacağın qiymətində kəskin artım fonunda neft hasilatını yüksəltməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, ABŞ, Almaniya, İngiltərə, Kanada, Fransa, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin iqlim, enerji və ətraf mühit nazirləri Almaniyada keçirilən toplantıdan sonra birgə yazılı açıqlama verib.

Rusiyanın Ukraynada başlatdığı müharibənin beynəlxalq enerji bazarlarına güclü təsir göstərdiyi diqqətə çatdırılaraq, bunun neft, qaz, kömür, faydalı qazıntılar və dolayısı ilə elektrik enerjisi, mal və xidmətlər, ərzaq məhsullarının qiymətlərinin artmasına səbəb olduğu bildirilib.

Nazirlərin açıqlamasında deyilir: “Neft və qaz hasil edən ölkələri məsuliyyətli davranmağa və daralan qlobal bazara reaksiya verməyə çağırırıq, həmçinin qeyd edirik ki, OPEC bu prosesdə əsas rol oynayır”.

Nazirlər Avropa İttifaqının Rusiya təbii qazından asılılığının azaldılmasının zəruriliyini vurğulayıblar və boru kəməri ilə ötürülən qazın tədarükündə yarana biləcək fasilələrin yumşaldılması üçün mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünün artırılmasının vacibliyini qeyd ediblər.

Açıqlamada 2035-ci ilə qədər karbondan təmizlənmiş elektrik sektoruna çatmağın hədəfləndiyi və məhdud hallar istisna olmaqla, bu ilin sonuna qədər fosil yanacaq layihələrinə ictimai dəstəyin dayandırılması öhdəliyi olduğu ifadə edilib.