Rusiya səfiri Kissinceri bolluca təriflədi: “Siz əsl nəhəngsiniz”

28 May 2022 17:53 (UTC+04:00)

Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov keçmiş dövlət katibi Henri Kissinceri anadan olmasının 99-cu ildönümü münasibətilə təbrik edib, onun böyük strateji uzaqgörənliyini qeyd edib.

Teleqraf.com xəbər verir ki, Rusiya səfiri diplomatik missiyanın “Teleqram” kanalında dərc olunan bəyanatda bildirib: “Xahiş edirəm, 99 illiyiniz münasibətilə mənim ən səmimi təbriklərimi qəbul edin! Siz bütün dünyanın diplomatları və siyasətçiləri arasında əsl nəhəngsiniz. Sizin xarici siyasət sahəsində bir nəzəriyyəçi və praktik kimi böyük təcrübəniz müqayisə edilə bilməz. Sizin fikirləriniz isə unikaldır, düşüncələri ruhlandırır və yenilikçidir”.

Antonov qeyd edib ki, Rusiya səfirliyi Kissincerin strateji uzaqgörənliyini yüksək qiymətləndirir və onun ictimai çıxışlarını diqqətlə izləyir.

1973-1977-ci illərdə Dövlət Departamentinə rəhbərlik etmiş Kissincer bundan əvvəl Qərbi Rusiya ilə danışıqları bərpa etmək üçün Ukraynaya təsir göstərməyə çağırmışdı.