Ukrayna təsdiqlədi – Qara dənizdə Rusiyanı çətinə salacaq gəlişmə

28 May 2022 16:36 (UTC+04:00)

Ukrayna yerüstü buraxılış sistemləri və müvafiq sayda “Harpun” gəmi əleyhinə raketlər alır.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Aleksey Reznikov məlumat verib.

“Artıq mətbuatda bəzi məlumatlar var, sadəcə təsdiq edirəm ki, həmkarlarımla, bəzi dost ölkələrin, o cümlədən Danimarkanın müdafiə nazirləri ilə danışmışam. Deyə bilərəm ki, “Harpun”lar alacağıq, bunlar gəmi əleyhinə xüsusi məhvetmə vasitələridir”, - Reznikov bildirib.

Ukraynanın sözügedən silahlarla Danimarka ilə yanaşı, Böyük Britaniya və Hollandiya tərəfindən təmin ediləcəyi, digər ölkələrin də bu prosesə qoşulacaqları qeyd edilib.

“Bu sistemlər düşmənimizin Qara dənizdəki qüvvələrini məğlub etmək üçün yerləşdiriləcək. Bununla beynəlxalq səviyyədə tanınan naviqasiya azadlığını bərqərar edəcəyik. “Moskva” kreyserindən sonra digərlərinin də Qara dənizin dibinə çökməsini gözləyirik”, - Reznikov vurğulayıb.