Hərbi qulluqçu DTX-yə niyə şikayət etdi? – "Yolda Aygün adlı qadın..."/Şok təfərrüat

2 İyun 2022 14:05 (UTC+04:00)

Azərbaycanda özünü Müdafiə Nazirliyinin şəxsi heyətlə iş üzrə baş idarəsinin əməkdaşı kimi təqdim edən 1989-cu il təvəllüdlü Nicat dələduzluq etməkdə, vəzifəli şəxsə rüşvət verməyə təhrikdə təqsirli bilinib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Nicat 100 ABŞ dolları məbləğində saxta pulu 2021-ci ilin sentyabr-oktyabr ayları ərzində Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən şəraitdə əldə edib, üzərində saxlayıb.

Bundan sonra o, 2021-ci ilin oktyabrında aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz olan tanışı vasitəsi ilə Müdafiə Nazirliyinin Kəlbəcər rayonunda yerləşən N saylı hərbi hissəsində müddətdən artıq hərbi xidmət keçməklə Bakı şəhərində yerləşən N saylı hərbi hissəyə xidmət yerinin dəyişdirilməsində köməklik göstərilməsi ilə əlaqədar özünü vəzifəli şəxs kimi təqdim edib.

Bunun üçün 5000 manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini deyib. Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı o, saxlanılıb.

İstintaq orqanı tərəfindən Nicatın barəsində Cinayət Məcəlləsinin 29,178.1-ci (dələduzluğa cəhd), 178.1-ci (dələduzluq), 204.1-ci (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) və 32.4, 312-ci (iştirakçılıq, rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Səbail rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Günel Səmədovanın icraatında araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Nicat elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, saxta pulla bağlı özünü təqsirli bilmir: “100 dolların saxtalığı barədə məlumatım olmayıb. Pulu yararsız halda küçədə tapmışam və istifadə etdiyim avtomobilin sürücü hissəsində günlüyünə qoymuşam. İdarəyə dəvət edilərkən hərbi biletimi, şəxsiyyət vəsiqəsimi, həmçinin həmin 100 dolları da şalvarımın cibinə, yəni özümə məxsus olan digər 200 manatlıq əskinasların yanına qoymuşam”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, 2020-ci ildə avtomobillə Gəncə şəhərindən Bakıya gələrkən yolda Aygün adlı şəxsi götürüb: “Onunla yolda danışarkən özümü ehtiyatda olan zabit kimi təqdim etdim. Bundan əlavə öz mobil telefon nömrəmi Aygünə verdim, onun telefon nömrəsini götürdüm”.

Təqsirləndirilən şəxs deyib ki, təxminən 2021-ci ilin oktyabrın əvvəllərində Aygün ona zəng edib:

“Bildirdi ki, yolda tanış olduğu bir hərbiçi oğlan var, Bakı şəhərinə xidmətə düzəlmək istəyir. Pula ehtiyacım olduğundan bu məsələni həll edəcəyimi bildirdim. Həmin vaxt Aygünün telefonu ilə adını sonradan bildiyim İsmiranla danışdım. İsmiran mənə Kəlbəcər rayonunda xidmət etdiyini, lakin əziyyət çəkdiyinə görə xidmət yerini Bakı şəhərinə dəyişmək istədiyini bildirdi. İsmirana xidmət yerini Bakı şəhərinə dəyişə biləcəyimi bildirdim. Mənə öz mobil nömrəsini verdi, zəng edərək bu işi 5000 manata həll edə biləcəyimi dedim.

İsmiran sonradan zəng edərək imkanının zəif olduğunu, sadəcə 4500 manat düzəldə bildiyini dedi. 2000 manatını düzəltdiyini, görüşərək verə biləcəyini söylədi”.

Nicat bildirib ki, noyabrın 1-də İsmiran ona 2000 manat pul verib: “Noyabrın 5-də zəng edərək 2500 manatı harada verə biləcəyini soruşdu. Ona “İçərişəhər” metrostansiyasının yaxınlığında görüşə biləcəyimi dedim. Həmin gün Nazirlər Kabinetinin binasının qarşısındakı yolda avtomobildə İsmiran mənə 2500 manat verdi. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları yaxınlaşaraq özlərini təqdim etdi, məni Baş İdarəyə dəvət etdilər”.

Nicat ifadəsinin sonunda əməlindən peşman olduğunu deyib.

İş üzrə şahid qismində ifadə verən İsmiranın sözlərinə görə, hərbi hissədə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi çalışır: “Bakı şəhərinə getmək üçün xidmət keçdiyim Kəlbəcər rayonundan Gəncə şəhərinə gəldim. Gəncə şəhərində Bakı şəhərinə taksi ilə gələrkən həmin avtomobildə sərnişin qismində gedən bir qadın xidməti geyim formasında olduğumu gördü. Məndən harada xidmət göstərdiyimi soruşdu. Mən də xidmət yerim barədə danışdım.

Söhbət zamanı xidmət yerimi Bakıya dəyişmək istədiyimi dedim. Özünü Aygün kimi təqdim edən həmin qadın Müdafiə Nazirliyində yüksək əlaqələri olduğunu, hissələrdən birinə həmin tanışlardan biri vasitəsi ilə yerdəyişmə edə biləcəyimi dedim. Aygün öz mobil telefon nömrəsindən Nicat adlı şəxsə zəng etdi və telefonda mənim xidmət keçdiyim yeri Bakı şəhərindəki hərbi hissələrdən birinə yerdəyişmə etdirib-etdirə bilməyəcəyini soruşdu. Nicatın cavabından sonra Aygün öz mobil telefonunu mənə verdi. Aygünün mobil telefonu ilə Nicatla danışdım, Nicata öz mobil nömrəmi verdim”.

İsmiran qeyd edib ki, oktyabrın 9-da vatsapda Nicat ona yazaraq 5000 manatı nə vaxt gətirə biləcəyini soruşub: “Pulu toplaya bilmədiyimi dedim. Oktyabrın 25-dən noyabrın 7-dək hərbi hissədən məzuniyyətə çıxdım və Bakı şəhərinə gəldim. Noyabrın 1-də 2000 manat topladım. Həmin ərəfələrdə ilkin olaraq Dövlət Təhlükəsizliyi Xidmətinə müraciət etdim. Müraciətim Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərildi.

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə dəvət edildim. Orada Nicat adlı şəxsin məndən Kəlbəcər rayonundan Bakı şəhərində yerləşən hərbi hissəyə yerdəyişmə etmək üçün 5000 manat istədiyini, onun tələbi üzrə ilkin olaraq 2000 manat pul topladığımı bildirdim.

Bundan sonra Nicata zəng edərək onu görüşə çağırdım. Telefon danışığı zamanı Nicata 5000 manat deyil, 4500 manat pul verə biləcəyimi söylədim. Nicatla "20 Yanvar" dairəsi adlanan ərazidə ona məxsus avtomobildə görüşdük. Maşında 2000 manat pulu Nicata verdim. Nicat da pulu sayaraq götürdü. Qalan 2500 manat pulu daha sonra verəcəyimi dedim”.

İsmiranın ifadəsinə görə, noyabrın 5-də Nazirlər Kabinetinin binasının qarşısında Nicatın avtomobilində 2500 manatı sayaraq verib: “Nicat da həmin pulu götürərək getmək istədi. Bu zaman Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları gəldi, Nicatı saxladılar”.

İsmitan əlavə edib ki, hazırda Nicata qarşı heç bir şikayəti yoxdur. O, Nicata verdiyi pulu ona tam qaytarıldığını söyləyib.

Nicat 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.