Türkiyə son sözünü dedi: Rusiya geri çəkilir, İran isə... – Müsahibə

3 İyun 2022 09:23 (UTC+04:00)

ReAl partiyası sədrinin müavini Natiq Cəfərlinin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Yunanıstanın təhrikedici bəyanatlarına cavab olaraq, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afina ilə imzalanmış strateji müqavilənin pozulduğunu, Baş nazir Kiryakos Mitsotakislə görüşlərdən imtina etdiyini açıqladı. Yunanıstan isə Avropa və ABŞ-da Türkiyə əleyhinə fəaliyyətlərini artırıb. Sizcə, gərginlik hara qədər inkişaf edə bilər?

- Əslində Yunanıstan və Türkiyə arasında gərginliyin artıb-azaldığı dönəmlər olub. İki ölkənin dalğavari münasibətləri var. Açığı, indiki məqamda Yunanıstanın özbaşına addımlar atdığını düşünmürəm. Çünki həm Yunanıstan, həm də Türkiyə NATO üzvüdür. Təhrikedici addımlar atması, Türkiyəni hərbi dillə hədələməsi Afinanın öz ağlının məhsulu deyil. İndi əsas problem adalarla bağlıdır. Müqaviləyə görə, həmin adalar neytral olmalıdır və oranın hərbiləşdirilməsi qadağandır. Amma son zamanlarda coğrafi baxımdan Türkiyəyə yaxın olan yunan adalarında hərbi infrastrukturun qurulmasına başlanılıb. Müəyyən adalara hərbi qüvvələr yerləşdirilir, birində hərbi hava limanı tikilir. Bu isə Türkiyənin haqlı narazılığına səbəb olur. Amma hər iki ölkə NATO üzvü olmasını nəzərə alsaq, gec-tez anlaşacaq. Onların bir-birinə müəyyən güzəştlərə getməsi də mümkündür.

İndi alyansın iki üzvü arasında gərginliyin artması NATO-nun maraqlarına cavab vermir. Rusiya ilə gərginliyin pik həddə çatdığı vaxtda NATO daxilində hansısa konfliktin olması bu qurumun birliyinə və nüfuzuna zərər vura bilər. Amma Türkiyənin mövqeyi haqlıdır. Çünki Türkiyə Yunanıstandan beynəlxalq hüquq və münasibətlər çərçivəsində davranmağı tələb edir. Çox güman ki, Yunanıstanın belə davranması Türkiyədən müəyyən güzəştləri almaq istəyindən qaynaqlanır. Bu güzəştlər də Kipr və ya qaçqın məsələsi ilə bağlı ola bilər. Yəni diplomatiya və beynəlxalq münasibətlərdə zaman-zaman belə gərginliklər olur.

Yunanıstan-Türkiyə gərginliyi dalğavaridir. Əvvəlki təcrübələr də göstərir ki, bir müddət sonra münasibətlərin yenidən normallaşması mümkündür.

- Türkiyə Suriyanın şimalında yeni antiterror əməliyyatlarının siqnalını verib. Həmin bölgədə isə ABŞ-ın dəstəklədiyi PKK/YPG terror təşkilatının qüvvələri yerləşir. Bu əməliyyatdan və Türkiyənin Suriya ilə sərhədlərində təhlükəsizlik zolağı yaratmaq səylərindən gözləntiniz necədir?

- İlk dəfə deyil ki, Türkiyə Suriyada əməliyyatlara başlayacaq. Türkiyə son illərdə Suriyada bir neçə əməliyyat keçirib, öz sərhədlərinin təhlükəsizliyi və əhalisinin qorunması üçün məyyən addımlar atıb. Çünki zaman-zaman Suriyadan Türkiyə ərazilərinə raket zərbələri və terror hücumları olurdu. Türkiyə də haqlı olaraq, öz vətəndaşlarının can güvənliyinin təmin edilməsi üçün antiterror əməliyyatları aparıb. İndi isə söhbət Suriyanın içinə doğru 30 kilometrlik təhlükəsizlik zolağının yaradılmasından gedir. Düzü, bu, bir az çətin məsələdir. Çanki Suriya ilə sərhədlər çox böyükdür, təxminən 900 kilometrə yaxındır. Bütün sərhəd boyu eyni məsafə və gücdə bu zolağın yaradılması həm zaman, həm də resurs baxımından Türkiyə üçün məyyən problemlər yarada bilər.

PKK terror təşkilatı və onun bölgədəki törəmələrinin Türkiyəyə müqavimət göstərəcəkləri ilə bağlı bəyanatlarını nəzərə aldıqda, müəyyən gərginliyin yaranacağını da demək mümkündür. Burada ABŞ-ın da ciddi rolu var. Amerika Türkiyəyə qarşı bundan təzyiq vasitəsi kimi istifadə edir. Çünki Türkiyə ən azı İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı haqlı tələblər irəli sürüb. Amerika bu tələblərinin bəzilərindən geri çəkilməsi üçün Suriyadakı bu terror qruplaşmalarından Türkiyəyə təzyiq vasitəsi kimi istifadə edə bilər. Amma maraqlı məqam budur ki, PKK/YPG qruplaşmaları təkcə Amerika ilə əlaqədə deyil. Onların Suriya hakimiyyəti və ruslarla da kifayət qədər sıx münasibətləri var.

Mümkündür ki, Rusiyanın da Türkiyədən müəyyən istəkləri var. Türkiyə indi Rusiya üçün pəncərə rolunu oynayır. Türkiyə isə zaman-zaman öz haqlı mövqeyini ortaya qoyaraq, öz addımlarını atır. Məsələn, Türkiyə Rusiyanın hərbi təyyarələrinin öz hava məkanından Suriyaya uçmasına qadağa qoyub. Rusiya da bundan məmnun deyil. Yəni gərginliyin təkcə ABŞ tərəfindən artırıldığını demək çətindir. Əlbəttə ABŞ-ın da maraqlı var, amma Rusiyanın da terror qruplaşmalarına təsirinin olduğu da bilirik.

- Ümumiyyətlə, Suriya ətrafında maraqlı gəlişmələr baş verir: Rusiya bölgədəki qoşunlarını geri çəkir, ABŞ qüvvələrini artırmağa, İran isə rusların yaratdığı boşluğu doldurmağa başlayıb. Bu baxımdan, qarşıda Suriya və Bəşər Əsədi nə gözləyir?

- Gərginliyin getdikcə artması istisna deyil. İranın söz sahibi olmaq istəyi və Rusiyanın yaratdığı boşluğu doldurması İsrailin də xoşuna gəlmir. İsrailin də bununla və sərhəd toxunulmazlığı ilə bağlı iradları var. Yaxın zamanlarda Suriyada hərbi toqquşmaların genişlənməsi və artması təhlükəsi var. Suriya zaman-zaman proksi müharibələrinin getdiyi məkana çevrilir. Təəssüf ki, bu dəfə də gərginliyin artması mümkündür və orada bir çox ölkələrin maraqları toqquşur. Bu maraqlar Suriyanın hansısa resurslarına görə deyil, onun logistik və coğrafi mövqeyinə görədir. Suriyaya, ən azı onun böyük hissəsinə nəzarət etmək həm İraqa nəzarətin ələ keçirilməsi, həm də İranın region ölkələri ilə bağının kəsilməsində mühüm rol oynaya bilər.

Bölgədə İran-İraq-Suriya-Livan adlı bir bağ var. Bura İranın təsir mexanizminin geniş olduğu bir coğrafiyadır. Bu coğrafiyanın genişlənməsi isə ABŞ və İsrailin xoşuna gəlmir. Bu baxımdan, Suriyada proksi müharibələrin və toqquşmaların yenidən başlaması mümkündür. Yaxın zamanlarda gərginliyin artması ehtimalı kifayət qədər yüksəkdir.

- ABŞ Prezidenti Co Bayden son günlərdə iki dəfə Azərbaycan dövlət başçısı İlham Əliyevə məktub göndərdi. Üstəgəl, Vaşinqtondan Bakıya rəsmi səfərlərin artması da diqqət çəkir. Sizcə, bu fəallıq nədən qaynaqlanır və ABŞ-ın Azərbaycanla bağlı nə kimi hədəfləri ola bilər?

- Azərbaycanın ABŞ və Qərblə münasibətləri kifayət qədər yüksək səviyyədədir. Son illərdə bəzi problemlər aradan qaldırılır və tərəflər arasında effektli bir dialoq var. Getdikcə Azərbaycanın da önəmi artır. Çünki söhbət təkcə enerji daşıyıcılarından getmir, Azərbaycanın logistik olaraq önəmi çoxalır. Şərqlə Qərbi bağlayan körpülərin və yük dövriyyəsinin böyük hissəsi Rusiya üzərindən keçir. Rusiyanın isə getdikcə izolyasiyaya məruz qalacağı aşkardır. Görünən budur ki, Rusiyanın təcridi genişlənəcək. Bu məqamda da Şərqlə Qərbi bir-birinə bağlayan alternativ xətlərin önəmi daha da artır. Bu mənada, Azərbaycan körpü rolunu oynaya bilər. Azərbaycanın logistik mərkəzə çevrilməsi imkanları genişlənir. Bu, təkcə beynəlxalq diqqətin artması ilə deyil, Azərbaycanın əvvəlcədən müəyyən layihələri həyata keçirməsi də rolu oldu.

ABŞ və Avropa Birliyi ölkələri də təbii olaraq buna önəm verirlər. Bu mənada, Azərbaycanın geosiyasi və coğrafi məkan olaraq önəmi getdikcə artır.

- Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bu yaxınlarda Azərbaycan-Ermənistan sülh danışıqları ilə bağlı bəyanat yaydı. Mişel bəyanatında Avropa İttifaqının hər iki ölkə ilə əməkdaşlığı dərinləşdirmək və Cənubi Qafqazı təhlükəsizlik bölgəsinə çevirmək niyyətindən danışıb. Sizcə, indi Cənubi Qafqazın təhlükəsizlik bölgəsinə çevrilmək imkanları nə qədərdir, Brüssel bunu bacara biləcəkmi? Məsələn, liderlərin avqustda Brüsseldə gözlənilən görüşünə qədər nələr ola bilər?

- Əslində, Brüsselin getdikcə aktiv rol alması təkcə Avropa Birliyi ilə bağlı deyil, çox güman ki, onun arxasında və ya yanında ABŞ-ın maraqları və dəstəyi də var. Burada ən böyük problem Rusiyanın mövqeyidir. Bölgədə dayanıqlı və uzunmüddətli sülhün olması, Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi və sülh müqaviləsinin bağlanması şimal qonşumuzun hər iki ölkəyə təsir mexanizmlərini azaldır. Bu da indiki dönəmdə Moskvanın heç də xoşuna gəlmir. Münaqişənin közərən halda qalması, Moskvaya təsir və təzyiq imkanları yaradır.

Təbii ki, Brüsselin qalan məsələlərin həllində aktiv rol oynaması, Azərbaycanın da maraqlarına uyğundur. Çünki Rusiyanın prosesdə yeganə moderator olması, bölgəmizdə böyük problemlər yaradır. Bu baxımdan, Brüsselin prosesdə aktivlik göstərməsi Rusiyanın təsir və təzyiqlərinin azaldılması üçün əlavə fürsətlər yaradır.

Düşünürəm ki, Brüsselin fəallığı arta bilər. Yeganə problem Ermənistan daxilindəki gərginlikdən yarana bilər. Məlumdur ki, Ermənistandaxili gərginlik yüksək səviyyədədir. Son zamanlarda Rusiyadan dəstəklənən müxalifətin aktivliyi artıb. Əgər orada hansısa formada hakimiyyət dəyişikliyi olmasa və Paşinyan iqtidarda qalmağı bacarsa, Brüsseldə növbəti görüşə qədər ilkin sənədlərin imzalanması da mümkündür. Bunlar da gələcəkdə sülh müqaviləsinin imzalanması üçün hüquqi baza yaradacaq.