Papanı diz çokdürən türk imperatoru - Atillanın qəbri tapıldı

1 Dekabr 2014 02:18 (UTC+04:00)
Macarıstanın paytaxtı Budapeşt şəhərində Dunay çayı üzərində yeni bir körpünün tikintisi zamanı 6-cı əsrə aid olan qəbir tapılıb. Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, analizlər qəbrin böyük Hun İmperatorluğunun lideri Atillaya aid olduğu şübəhisini yaradıb.
Qəbri analiz edən Budapeşt Universitetinin tarixçilərindən Albrect Rümschtein isə gözlərinə inanmayıb: "Hamısı Hunlarla əlaqəli əşyalardır. Çoxlu silah tapdıq. Tədqiqatlar onu göstərir ki, bu Atillanın qəbridir. Lakin bunu dəqiqləşdirmək üçün analizlər aparılmalıdır."
Əgər həqiqətən də, tapılmış qəbrin Atillaya aid olduğu sübut edilsə ərazidə işlər dayandırılacaq və geniş tədqiqat işləri başladılacaq.
Qeyd edək ki, Atilla (406 - 453) dünyanın ən məşhur sərkərdələrindən biri, "Avropanın imperatoru" titulunu qazanmış Hun İmperiyasının hökmdarıdır. Roma papası 1-ci Lev Atillanın qarşısında əyilib başına tac qoymuş və onu Avropanın imperatoru elan edərək, Roma şəhərinə hücum etməmək üçün yalvarmışdı. Atilla bütün qərbi öz əlinə alandan sonra şərqə – İrana hücum eləmək istəyirdi. İtaliya səfərindən sonra İldiko adlı bir şahzadə ilə evlənmişdi. O, zifaf gecəsi daxili qanaxmadan (ağız və burnundan qan açılıb) vəfat etdi.
Bunun sui-qəsd olduğu düşünülürdü. Amma belə bir versiya da var ki, onu müayinə edən şaman deyib ki, sui-qəsd yoxdur. Bu, irsi xəstəlikdir. Qardaşı Buda (Budapeşt 1873-cü ildə Dunay çayının şərqində yerləşən Peşt, qərbində yerləşən Buda və Obuda şəhərlərin birləşməsindən yaranıb) da eyni xəstəlikdən ölmüşdü. Atillanın ölümü hunları matəmə qərq etdi. Rəvayətə görə, onu dəfn edəndə iç-içə üç tabut qoyublar. Birinci tabut qızıldan, ikincisi gümüşdən olub.
Üçüncüsü isə poladdan düzəldilib. Bu tabutlar Tissa çayının kiçik adalarının birində torpağa basdırılıb. Adada dərin bir məzar qazılıb. Sonra çayın yatağı dəyişdirilərək qəbrin üzərindən keçirilib. Atillanın məzarını kimsə tapa bilməsin deyə belə ediblər.