Yenilənmiş büdcə: Pensiya və maaşların artımına vəsait ayrılmadı – Xalid Kərimli

21 İyun 2022 11:46 (UTC+04:00)

Xəbər verdiyimiz kimi, iyunun 20-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunun layihəsinin (birinci oxunuş) müzakirəsi keçirildi.

Azərbaycanın 2022-ci il üçün təsdiq olunmuş dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən gəlirləri 29 milyard 197 milyon 800 min manat, xərcləri isə 32 milyard 303 milyon 800 min manat səviyyəsində müəyyən edilib. Beləliklə, əvvəlki büdcə proqnozu ilə müqayisədə gəlirlər 2 milyard 381,8 milyon manat və ya 8,9 faiz, xərclər isə 2 milyard 424,8 milyon manat və ya 8,1 faiz artırılır.

Artımdan ən çox pay götürən müdafiə və investisiya büdcələridir. Belə ki, Azərbaycanın dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən bu ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 084,760 milyon manat səviyyəsində müəyyən edilib ki, bu, əvvəlki büdcə proqnozu ilə müqayisədə 594,868 milyon manat və ya 13,2 faiz çoxdur.

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə cari ildə 2,670 milyard manat ayrılacaq ki, bu da təsdiqlənmiş proqnoza nisbətən 21,4 faiz və ya 470 milyon manat çoxdur.

Aztəminatlıların sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 728,598 milyon manat müəyyən edilib ki, bu da təsdiqlənmiş büdcə proqnozu ilə müqayisədə 86 milyon manat və ya 2,4 faiz çoxdur.

Təhsil xərcləri 3 milyard 886,648 milyon manat səviyyəsində müəyyən edilib ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 2 milyon manat və ya 0,06 faiz çoxdur.

Göründüyü kimi, müdafiə və milli təhlükəsizlik xərcləri 13,2 faiz, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına ayrılan xərclər 21,4 faiz artırıldığı halda sosial müdafiə və təminat xərcləri 2,4 faiz, təhsil xərcləri 0,06 faiz artırılır, səhiyyə xərcləri isə 79,8 milyon manat və ya 4,5 % azaldılır.

İqtisadçı Xalid Kərimli cari ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarını Teleqraf.com-a şərh edib.

O bildirib ki, yenidən baxılmaqla dövlət büdcəsi kəsirinin 43 milyon manat artımı nəzərdə tutulur:

“Təsdiq olunmuş xərclər arasında aparılacaq dəyişiklik əsasən yeddi prioritet vəzifələrin maliyyə təminatına yönəldiləcək. İşğaldan azad olunmuş ərazilərdə yol infrastrukturunun yaradılması ilə bağlı layihələrin, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturunun təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsinə 1 milyard 447 milyon manat ayrılır. Bu məbləğin təqribən 50 faizi Qarabağın, Şərqi Zəngəzurun bərpasına və aparılan işlərin sürətlənmsinə sərf olunacaq.

Bundan əlavə, məlum olduğu kimi, Vətən müharibəsi dönəmində Tərtər, Gəncə, Bərdə və digər rayonlarımız tez-tez düşmən hücumlarına məruz qalırdı. Bu zaman həmin rayon və şəhərlərin infrastrukturu sıradan çıxdı, ciddi zərər dəydi. Bu məqsədlə ölkənin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulması, o cümlədən digər yaşayış məntəqələri üzrə tədbirlərin maliyyələşdirilməsinə 34 milyon manat ayrılması nəzərdə tutulur.

Yerdə qalan xərclərə nəzər salanda görürük ki, sosial müdafiə sahəsində, o cümlədən cari il ərzində götürülən sosial öhdəliklərin, əmək pensiyaları üzrə maddi yardımların, əmək haqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi üzrə 519 milyon manatın ayrılması proqnozlaşdırılır. Burada pensiyaların və sosial təqaüdlərin artırılıb-artırılmayacağı sualı açıq qalır.

Ötən il artırılanda düzgün hesablanma aparılmayıb, cari il bunun üçün əlavə vəsait cəlb olunur. Bu, qapalı olaraq qalır. Ancaq hesab edirəm ki, nəzərdə tutulan 519 milyon manat əlavə vəsait ilin ikinci yarısında sosial müdafiə xərclərinin maliyyələşməsinə yönəldilə bilər. Bu, sırf hökumətin verə biləcəyi bir qərardır. Ötən il bu məqsədlə büdcəyə 1.4 milyard manat əlavə vəsait qoyulub, bu il də 519 milyon manat üzərin gəlib. Sonuncu məbləğin qarşına yazılıb ki, cari ildə artırılmış pensiya, sosial təqaüdlərin, üstəgəl cari ildə götürülmüş öhdəliklərin maliyyələşdirilməsi nəzərdə tutulub.

Həmçinin müdafiə qabiliyyəti və milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi üzrə 588 milyon manatın ayrılması proqnozlaşdırılır.

O cümlədən ərzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsi üzrə 193 milyon manat, sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi məqsədilə 163 milyon manat və bir sıra zəruri kommunal və kommunikasiya xərclərinin təmin edilməsi üzrə 42 milyon manat ayrılacaq.

Bir sözlə, təsdiq olunmuş xərclər arasında Qarabağ və Şərqi Zəngəzurun bərpası, müdafiə qabiliyyəti və milli təhlükəsizlik sahəsində tədbirlərin, eləcə də sosial müdafiə sahəsində öhdəliklərin, əmək pensiyaları üzrə maddi yardımların, əmək haqqı və sosial müavinətlər üzrə ödənişlərin, həmçinin ərzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsi və sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi üzrə maliyyələşdirilmə diqqətçəkən məsələlərdir”.

Səhiyyə xərclərinin azaldılmasına gəlincə, analitik bunu pandemiya məhdudiyyətlərinin aradan qaldırılması ilə əlaqələndirib: “Bu ilin büdcə layihəsi ötən ilin sonunda təsdiqləndiyi üçün pandemiya üçün rezerv xərclər nəzərdə tutulmuşdu. Bu il pandemiyanın kontrol altına alınması nəzərdə tutulan xərclərin bir hissəsini lazımsız edir. Yəni artıq bu məqsədlə yaradılmışdı büdcə ehtiyatlarına ehtiyac qalmayıb. İlin 6 ayı yekunlaşır, görünən odur ki, pandemiya problemi cəmiyyət üçün ötən illərdəki kimi aktual deyil, karantin tədbirlərinin əksəriyyəti ləğv olunub. Ona görə də səhiyyə xərclərinə qənaət edilib, vəsaitlər digər istiqamətlərə yönəldilib”.

Xalid Kərimli son aylar xüsusən inflyasiya səviyyəsinin və enerji resurslarının qiymətinin artdığına diqqət çəkib: “İnflyasiyanın artması toplanan gömrük və vergi rüsumlarının artmasına gətirib çıxarır. Sual olunur, niyə Gömrük Komitəsi belə rahatlıqla 345 milyon manat gəlirini artırır. Əvvəl tutaq ki, bir yuyucu tozu 10 manata gəlirdisə, indi 15 manata gəlir. Bu o deməkdir ki, məhsulun gömrük rüsumu artır. Gömrük artımını əhali maliyyələşdirir. Bu, inflyasiyanın hesabına baş verir.

Cəmiyyət bir gözlənti içində idi ki, artımlar var, minimum əməkhaqqının, minimum pensiya təminatının, sosial təqaüdlərin artırılması gündəliyə gələ bilər. Ancaq indiki rəqəmlərlə sadəcə güman edə bilirik. Yəni 519 milyon manatın maaş və pensiyaların artırılacağına, yoxsa ötən il götürülmüş öhdəliklərin malliyyələşməsi üçün lazım olacaq?! Ehtimal etmək olar ki, hökumət sentyabrdan vəziyyəti yenidən qiymətləndirib sosial öhdəliklərini artıra bilər. Ancaq burada detallı məlumat yoxdur”.

“Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində xam neftin bir barelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları səviyyəsində götürülüb. Sənədə əsasən, bu ilin 5 ayında "AzeriLight" markalı xam neftin bir barelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, əvvəlki qanun layihəsində neftin bir barelinin orta illik ixrac qiyməti 50 ABŞ dolları səviyyəsində götürülmüşdü.

Maraqlıdır, neftin qiymətinin 60 dollardan aşağı düşmə ehtimalı varmı?

Müsahibimizin müşahidələrinə əsasən, son 5 ayda dünya bazarında neftin bir barelinin orta qiyməti 105-106 dollar civarında olub: “Mərkəzi Bankın proqnozuna görə, ilin axırına qədər neftin qiyməti 100 dolların üstündə olacaq. Neftin qiyməti bir sıra amillərdən asılıdır. Təxminən 6-7 ay əvvəl verilən proqnozlarada neftin qiymətinin keçən ilə nisbətən aşağı düşəcəyi yönündə idi. Ancaq görünən odur ki, neftin qiyməti yüksək olacaq. Bir sözlə, neftin qiymətinə dair səlis proqnozu heç kim verə bilmir. Yenilənmiş büdcədə neftin qiymətini 80-85 dollara qədər artırmaq olar. Burada çox böyük risk görmürəm. Çünki nəzərə alsaq ki, ilin 5-6 ayı ərzində neftin qiyməti 105 dolların üstündədir, növbəti 6 ay ərzində ortalama bir rəqəm götürmək olar”.