"Başına noxta keçirir, dartıb mötəbər yerə qoyurlar, adam sınır..." - Şakir Xanhüseynli

29 İyun 2022 09:14 (UTC+04:00)

Biləsuvar rayonunda yaşayan şair Şakir Xanhüseynli Teleqraf.com-a müsahibə verib.

Müsahibəni təqdim edirik.

- Şakir müəllim, bu günlərdə "Sıçrayış" adlı şeirlər kitabınız çapdan çıxdı. Hər kitab müəllif üçün nədəsə əlamətdar olur. Bu kitabı nədən bu ərəfədə oxuculara təqdim etmək qərarına gəldiz?

- “Sıçrayış” sayca ikinci kitabımdır. Bu kitabda ən çox xoşladığım şeirlərim toplanıb. Ürəyimcə bir kitab alınıb. Deyim ki, əgər yazar heç olmasa özü öz yazdığının dəyərini, yerini bilmirsə, onda heç onu üzə çıxarmasa yaxşıdır. Bilirəm ki, "Sıçrayış" görməzlikdən gəlinəcək, nəsə fikrim budu. Olsun ki, bir insaf sahibinin əlinə keçər, dəyərləndirilər bir rəynən, bir fikirnən ən azından. Bundan artığını gözləmirəm.

Əlbəttə, şans da gərəkdi. Bəlkə yerinə düşmür, ancaq deyəcəyəm. Belə bir məsəl var: malın mal olmasın, bazarın bazar olsun... Bizdə ən çox tanınmaq sənətə görə yox, şəxsuyyətə görə olur, şəxsiyyət dedikdə burda sənin maddi durumunu, ətrafında kimlərin olduğunu, təkanverici - irəli itələyici qüvvən varmı, yoxmu, bunu nəzərdə tuturam.

Orta bir istedadla da güvəndiyin yedəkçin varsa, irəli gedəcəksən, yoxsa sənin adına növbə çatanda deyəcəklər: “ və başqaları”, yaxud heç belə adamı tanımırıq... “Sıçrayış”ı hər hansı bir kitabın önünə çıxara biləcək iddiasındayam, ən azından deyə bilərəm ki, ey kitabım, bax, get filan kitabla dost ol, qardaş ol... Nədə əlamətdardı? Həyatıma daxil olmaqda!

Elə bil əziz bir insanımı tapdım... Sənə əziz birindən nə istəyərsən - sadəcə, onun varlığı bəs edər; “Sıçrayış”ı yanımda bir dost, simsar kimi görürəm və bu, nə vaxtacan belə davam edəcək bilmirəm...

- Siz mətbuatdan çox sosial şəbəkədə fəalsınız. Mediada, mətbuatda nadir hallarda görünürsüz. Bunun səbəbi nədir? Sanki feysbuk olmasaydı, sizi oxucular tanımayacaqdı...

- Onu deyim ki, bu gün sosial şəbəkələr ənənəvi mətbuatın, medianın önünə çıxıb, qabaqlayıb KİV-i... Sosial şəbəkələrin hər hansı informasiyanı - bədii, elmi, publisistik, dünya xəbərləri qarışıq hər şeyi—anında yayma imkanına malik olması onun önləyici bir xüsusuyyətidir, burda görüm-baxım azdı, süründürməçilik yoxdu, kim kimdi, nəçidi, hardandı, hansı tayfadan, nəsildəndi kimi kriterlərdən uzaq bir məkandı sosial şəbəkələr, bəlkə ondandı...

Səbəblərdən birisi də ədəbi mühitdəki qruplaşma, dostbazlıq, tərəfkeşlik, diqqətin imzalar üzərində cəmlənməsi, bədii nümunənin keyfiyyətinin nəzərə alınmaması, əyalətdə yaşayan yazarlara faydada heç bir qatqıda bulunmamaq kimi “özəlliklər” bura əlavə olunsa, durum ortada...

- Oxuculara da maraqlıdı, harda yaşayırsız, nə işlə məşğulsuz? Nə vaxtdan yazırsız?

- Yardımlı rayonundanam, Biləsuvarda yaşayıram, müəlliməm. Orta məktəbdə oxuyanda çoxları kimi mənim də ilk yazılarm - şeirlərim rayon qəzetində çap olunub... Xatırlayıram ki, məktəb illərində bizim rayonda Sabir Rüstəmxanlı çox məşhur idi bir şair kimi, hey dillərdə idi.

Sabir müəllimdən sonra ədəbiyyata bir axın yarandı elə bil rayonumuzda, ümumiyyətlə cənub bölgəsində, bunu etiraf etməliyik biz...
Bakıda ilk dəfə məni şair Vaqif Bəhmənli "Sovet kəndi" qəzetində çap edib - iki şeirimi vermişdi qəzetin mədəniyyət bölməsində. Sonra “Gənclik” jurnalında dərc edildim.

- AYB-nin üzvüsüzmü? Bu təşkilata münasibətiniz necədir, onun ədəbi orqanlarında çap olunmusuzmu?

- 2018-ci ildən AYB-nin üzvüyəm. Təəssüf ki, üzv qəbul olunandan bəri heç bir tədbirə dəvət almamışam, üzvəm, amma sanki heç üzv deyiləm, üzvlüyüm ildə 15 manat üzvlük haqqı ödəməkdən o yana getməyib, üzvlük imtiyazlarından faydalanmamışam, bilmirəm belə imtiyazlar varmı... Mənim birliklə əlaqəm belədir...

”Azərbaycan”, “Ulduz” dərgilərində, "Ədəbiyyat qəzeti"ndə çap olunmuşam. Bu çap olunmaqlarım da həmin qəzet və dərgilərdəki bəzi vicdanlı əməkdaşların sayəsində mümkün olub, ona görə də nəşrlərə “sel kimi axmamışam”...

- Hər bir şairin tanınmasında, yaxud ədəbiyyata qədəm qoymasında bir müsbət qəhrəmanın rolu olur. Siz kimin və ya kimlərin adını çəkərdiz? Mənfi personajlar necə, olubmu?..

- Burda nə müsbətə, nə mənfiyə bir cavabım var. Bədii yaradıcılığın, məncə, hardn başlayıb harda bitəcəyi həmişə bir sirr olaraq qalır. Lakin mütaliə başlanğıcdı, ilkdi, əsasdı, səni harasa mütaliə çəkib apara bilər, nə oxuduğunun önəmi çoxdu.

Bax, mən hərdən fikirləşirəm ki, paytaxtdan uzaq bir rayonda özüm öz mühitiməm - özüm öz ədəbi mühitiməm... Hər yaşdan yazar üçün ustad, müəllim, yol göstərən onun mütaliəsidi, mütaliəsidi...

Və xoş halına onda ki, istedadın varsa, şansın gətirirsə, maddi durumun yaxşıdırsa yolunda həmişə yaşıl işıq yanacaq və bu, səni populyarlaşdıracaq.

Tanınmaq bir növ həm də xarakter məsələsidir, günahı elə hamının üzərinə yükləmək olmaz, gözə girməyi, altdan vurub üstə çıxmağı, dostlar qazanmağı hər adam bacarmır, mən onlardan biriyəm. Kimsə sənin şedevrini də bayraq edib deməz ki, belə bir şair var, nasir var, hər şeyi özün etməlisən, yoxsa künc-bucaqda qalacaqsan.

- Az-çox istedadı olan adamlar, eləcə də ədəbiyyat adamları - şairlər, nasirlər paytaxtda yaşamağa can atır, onun ədəbi və ya intellektual potensialından yararlanmağa çalışırlar. Siz niyə Bakıya gəlmədiz, bunun bir özəl səbəbi oldumu?

- Paytaxta yaşamağın avantajları çoxdu, bu, şəksizdir, belə bir fikir var ki, böyük balıqlar dənizlərdə, okeanlarda olur, ancaq bir arxda da böyük balıqlar ola bilər - mən burda işin mənəvi tərəfini götürürəm, Səməd Behrənginin balaca qara balığı nə qədər böyükdü!

Sadəcə, ölkədə fərq qoyulmadan yaradıcılıqla məşğul olan adamlar müəyyən qayğıyla əhatə olunmalıdır, heç kəs diqqətdən kənar qalmamalıdır, yaradıcı təşkilatlar bu işin ruporuna çevrilməlidi, ögey-doğmalıq edilməməlidir, əgər bir şorbada hamının duzu varsa, niyə ondan hər kəs dadmamalıdır?..

Ədəbi aləmdə məşhurlaşmaq, populyarlıq qazanmaq ən gözəl yaradıcılıq örnəkləri olan yazarları da başqa yollara baş vurmağa vadar edir... Bu gün əksər şair və yazıçıların populyarlığı ən çox haramla, “haram tikə” ilə mümkün olub...

Deyim ki, misalçün, Vaqif Bayatlının məşhurluğunda haram tikə yoxdur... Amma bəzilərinin haqqında elə şeylər eşidirsən, bilirsən, əlin yerdən-göydən üzülür. Bəzən orta səviyyəlinin birinin başına noxta keçirilir, onu dartıb-dartıb mötəbər bir yerə qoyurlar, yox, pərçim edirlər. Belə hallar adamı sındırır, ruhdan salır, şübhəsiz. Olmamalıdır, amma olur, özü də çox olur.

Bəzən yaxa yırtırıq ki, biz niyə xaricə çıxa bilmirik, əlbəttə, çıxa bilmərik. Özümüz özümüzə qarşı bu qədər yad və ögeyiksə, kimlərdənsə doğmalıq gözləməyə haqqımız varmı, cənablar? Nədənsə o məşhur misra gəldi ağlıma: “Öz qövmümüzün başına əngəl-kələfiz biz...”

- Əyalətdə yaşamağın, fəaliyyət göstərməyin hansı çətinlikləri var?

- Dəstədə olmursan (ədəbi cameəni qəsd edirəm), dəstədən kənar qalırsan, mətbuatla sıx əlaqə saxlamaq olmur, gözdən uzaq olduğunçün könüllərdən də iraq olursan, bu belədi, çap olunmaq qayğına qalınmır, sanki sən ən əhəmiyyətsiz bir işlə məşğulsan kimi bir fikir alqılanır başqalarında da...

Əyalətlərdə - paytaxtdan uzaq rayonlarda hakimiyyət strukturları yaradıcı adamlara qapı açmalarına bir imkan sağlamalıdır fikrindəyəm. Mənəviyyatsız insanların çoxalması xalq üçün də, dövlət üçün də acı nəticələrə gətirib çıxara bilər. Manqurt sürüsü kimə və nəyə lazımdır?
Ədəbiyyat bu mənəviyyatsızlığı aradan qaldırır, ədəbiyyat yoxdursa, onda adamlar gedib çöllərdə ot otlasın da; vəhşi həyat tərzidi ədəbiyyatsızlıq- mənəviyyatsızlıq!

Bir də əyalət heç də qol-qanadın qırıldığı yer kimi başa düşülməməlidir. Burda şəxsi təşəbbüsün, zəhmətin, fədakarlığın önəmi irəli çıxır və belə adamlar iki qat qəhrəmandır, məncə...

Cəlilabadda yaşayan şair, nasir, araşdırmaçı-folklorşünas alim, publisist, etnoqraf, pedaqoq və sair kimi bir çox sənət növlərini özündə ehtiva edən fenomen bir şəxsiyyət kimi Bilal Alarlının adını çəkə bilərəm.

- Ədəbi prosesləri izləyirsizmi? Baş verənlərlə bağlı - yeni əsərlər, müəyyən diskussiyalar (bəzən dırnaqarası), tənqidin mövqeyi, ədəbi redaksiyaların fəaliyyəti və sair - rəyiniz, fikriniz, mülahizəniz nədir?

- Tam, əhatəli olmasa da, izləməyə çalışıram- 50 faizin üstündə deyə bilərəm. Bu, daha çox sosial şəbəkələr vasitəsilə olur, ancaq əsas da ədəbi nəşrləri əldə etmək həmişə mümkün olmur, yəni daha çox virtual olaraq bu ədəbi məhsullarımızı dada bilirəm.

Ədəbi nəşrlərin əksəriyyəti rayonlara gəlmir, yəni naşirlər elə bil əllərini əyalətdən üzüblər... Yanlış fikirdi ki, yerlərdə, məsələn, şeir oxunmur, əgər şeir oxunmursa, demək, hər bir janrda yazılan əsərlər oxucusuz qalır. Şeirə münasibəti bütövlükdə bədii mətnə münasibət kimi dəyərləndirmək olar, şərti də olsa.

Bəzən diskussiyaya elə əsərlər cəlb olunur ki, həmin əsərin müzakirə edilməsi heç lazım deyil... Bir də müzakirələr daha çox ideyalarla, müəyyən “izm”lərlə bağlı olsa, faydası da çox olar... Çünki münbit zəmin yeni istedadların yaranmasına, pərvəriş tapmasına səbəb olur. Torpaqdan yaxşı məhsul almaq üçün ilk öncə torpağa qayğı lazımdır, sonra toxum...

Güman eləmirəm ki, Azərbaycanda çox böyük bir mədəni hadisə baş verə, əyalətdə ondan xəbərsiz qalına indiki informasiya resurslarının bolluğunda...

- Hazırkı şairlərdən, yazıçılardan kimləri oxuyur, kimləri təqdir və tənqid edirsiz?

- Ən çox oxuduqlarım barmaq hesabıyladı bəlkə də, o şairlərin yaradıcılığını hər şeydən öncə bir oxucu kimi izləyirəm, ümumuyyətlə, yazar ədəbiyyatın ürəyinin döyündüyü, nəbzinin atdığı yeri bilməlidir. Konkret adlar çəkə bilərəm, amma çəkməsəm yaxşıdır düşünürəm, bir maqazin proqramında deyiləm ki, olsun, ümumi fikirlər də detallı olaraq anlaşıla bilir.

- Ədəbiyyatdan, həyatdan hansı umacağınız, bu yöndə hansı arzularınız var?

- Əlbəttə, umduğum var, amma bunun nə önəmi? Əsas əlində olandır, sənə verilən dəstəkdir, imkandır, bu da olmayanda umduqların artıq boş bir xülya olaraq qalır elə və sən başlayırsan yenə öz orbitində fırlanmağa...
Konkret desəm, öz yazdıqlarımı başıma duz kimi çevirməkdən, yaxud öz yazdıqlarımın başına özüm dönməkdən başqa bir tərcihim-seçimim yoxdur...

- Planlarınız...

- Heç bir planım yox, plansızam...