Şotlandiya müstəqil ölkə olmaq istəyir – “İngilislərin əsiri olmayacağıq”

29 İyun 2022 11:25 (UTC+04:00)

Şotlandiya Baş naziri Nikola Sterdsen 2023-cü il oktyabrın 19-da müstəqillik referendumu keçirmək istədiklərini, bu planın qanuniliyini təyin etmək üçün Ali Məhkəməyə müraciət edəcəklərini və mərkəzi hökumətlə də danışıqlara və görüşə hazır olduqlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, baş nazir İngiltərənin hakim Mühafizəkarlar Partiyasının Şotlandiyanı onun iradəsinin əksinə gedərək Avropa Birliyindən ayırdığını deyib.

Sterdsen referendumla bağlı məsələnin İngiltərə hökuməti ilə demokratik şəkildə həll edilməli olduğunu bildirib. O, bu planın rəsmi təsdiqi üçün İngiltərə Baş naziri Boris Consona məktub yazacağını da söyləyib.

“Heç vaxt etməyəcəyim şey Şotlandiya demokratiyasının Boris Conson və ya hər hansısa bir ingilis baş nazirinin əsiri olmasına icazə verməkdir”, - Şotlandiya rəhbəri qeyd edib.

Onun sözlərinə görə, hər iki tərəf bir araya gələrək referendumun hüquqi əsasını heç bir şübhə doğurmadan ortaya qoymalıdır.

Sterdsen 2023-cü il oktyabrın 19-da məşvərət xarakterli referendum keçirəcəklərini, bununla bağlı qanun layihəsinin parlamentə təqdim edildiyini və səsvermədə “Şotlandiya müstəqil ölkə olmalıdırmı?” soruşulacağını deyib.

Sterdsen söyləyib ki, əgər Ali Məhkəmə Şotlandiya parlamentinin referendum keçirmək səlahiyyətinə malik olmadığına qərar verərsə, növbəti səsvermə “de-fakto referendum” olacaq.