Şəhid anasına qarşı dələduzluqla bağlı Baş Prokurorluqdan – Açıqlama

29 İyun 2022 17:33 (UTC+04:00)

İlham Abdullayevin Rübabə Kəlbiyeva və digərlərinə qarşı dələduzluq etməsi faktı ilə bağlı Qusar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 32.4, 312.2-ci (iştirakçılıq, vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə), 178.2.2-ci (təkrar dələduzluq) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə başlanmış cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirtilib.

Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İstintaq dövründə Rübabə Kəlbiyevaya dəymiş 11 min manat ziyandan 7 min manatı ödənilib.

Qeyd edək ki, Rübabə Kəlbiyeva Vətən Müharibəsi şəhidi Murad Kəlbiyevin anasıdır.

İlham Abdullayev şəhidin adının əbədiləşdirilməsi üçün anasını aldadıb. Zərərçəkmişə Qusar rayonunun Cibir kəndinin məktəbinə şəhidin adına verilməsini deyib və pulun alıb.

Murad Kəlbiyev Vətən Müharibəsi zamanı, oktyabrın 6-da Füzuli döyüşlərində şəhid olub. Ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.