Solovyov yenidən Azərbaycandan üzr istədi - “Səhvlər olur”

30 İyun 2022 10:23 (UTC+04:00)

Rusiyalı teleaparıcı Vladimir Solovyov Qarabağ separatçısı David Babayanı efirə dəvət etdiyinə görə Azərbaycandan yenidən üzr istəyib.

Teleqraf.com xəbər verir ki, jurnalist "Rossiya 1" telekanalında “Solovyovla axşam” verilişinin efirində növbəti dəfə siyasi səhvə yol verdiyini deyib.

“Başqa ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət Rusiyanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Şəxsən mən bu prioritetlə tam razıyam. O gün səhər efirimdə Bakıda yolverilməz sayılan hadisə baş verdi. Azərbaycandan öz adımdan üzr istəyirəm, çünki bu, mənim şəxsi siyasi səhvimin nəticəsi idi. Çətin vaxtlar, səhvlər olur”, - Solovyov qeyd edib.

Solovyov dünən də sözügedən məsələyə görə Azərbaycandan üzr istəmişdi.