Bütün sənayelər çökə bilər, 346 min işçi... - Qorxunc xəbərdarlıq

4 İyul 2022 13:50 (UTC+04:00)

Rusiyadan təbii qaz tədarükünün kəsilməsi səbəbindən Almaniyadakı bütün sənayelər çökə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Alman Həmkarlar İttifaqının (DGB) prezidenti Yasmin Fahimi deyib.

O bildirib ki, təbii qaz darboğazının iqtisadiyyat və məşğulluq baxımından ciddi fəsadları olacaq: “Alüminium, şüşə və kimya sənayesi kimi sektorları daimi olaraq çökmə təhlükəsi ilə üzləşir. Belə bir çöküşün Almaniyada bütün iqtisadiyyat və məşğulluq üçün böyük nəticələri olacaq”.

Fahimi bəyan edib ki, ölkədəki enerji böhranı artıq inflyasiyanı rekord həddə çatdırıb və bu, sosial sabitliyə təhlükə yaradır.

Alman Ticarət və İnvestisiya Agentliyinə (Germany Trade & Invest) görə, Fahiminin vurğuladığı kimya sənayesi ölkənin üçüncü ən böyük sənayesidir və təxminən 346 min işçi çalışır.

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanın Rusiyadan aldığı təbii qaz ümumi yanacaq idxalının 35 faizini təşkil edir.

Rusiyanın enerji nəhəngi “Qazprom” Rusiya-Ukrayna müharibəsi səbəbindən Kanadanın tətbiq etdiyi sanksiyalara görə iyun ayında “Şimal axını-1” boru kəməri ilə Almaniyaya qaz axınını 60 faiz azaldıb, avadanlıq tədarükünü dayandırıb və təmir işlərini çətinləşdirib.

Avropa Statistika İdarəsinin (Eurostat) iyulun 1-də dərc etdiyi məlumatlara görə, avrozonada illik istehlak inflyasiyası iyunda 8,6 faizə yüksələrək yeni rekorda imza atıb. Hesabata görə, enerji qiymətləri illik 41,9 faiz artımla inflyasiyanın alt maddələrində birinci yerdədir.