Ukrayna ordusu rusların hücumunun qarşısını aldı - Son durum

5 İyul 2022 22:12 (UTC+04:00)

Ukraynada bir sıra yaşayış məntəqələrinin ərazilərində döyüşlər davam edir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının operativ məlumatında deyilir.

Xarkov istiqamətində düşmən əvvəllər ələ keçirdiyi xətlərdə müdafiə olunur. Ruslar Udı, Dementyevka, Novoe, Tsirkuni, Kutuzovka, Bazaleevka, Prişib, Şevelevka və Protopopovka yaşayış məntəqələrinin ərazilərini atəşə tutmaq üçün tank, minaatan, top və raket artilleriyasından istifadə ediblər.

Ruslar Sosnovka yaxınlığında hücum əməliyyatları həyata keçirsələr də, uğur qazana bilməyiblər.

Xarkov vilayətinə hava zərbəsi endirilib.

Bundan əlavə, Slavyansk istiqamətində ruslar öz bölmələrinin taktiki mövqeyini yaxşılaşdırmağa çalışır.

Donetsk istiqamətində rusların əsas məqsədi Baxmut-Lısıçansk yolunu nəzarətə götürmək və Beloqorovka qəsəbəsini tutmaqdır.