ABŞ-da yeddi nəfəri güllələyən gənc həbs edildi

6 İyul 2022 01:39 (UTC+04:00)

ABŞ-ın İllinoys ştatında Müstəqillik Günü paradında baş verən atışmada şübhəli bilinən Robert Krimo həbs edilib.

Teleqraf.com xəbər verir ki, gəncin 21 yaşı var.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, şübhəli şəxs diqqəti cəlb etməmək üçün qadın paltarı geyinib. Krimo yanğın pilləkəni ilə binalardan birinin damına çıxıb və oradan parad iştirakçılarına atəş açıb.

Gənc oğlan ümumilikdə 70-dən çox atəş açıb, sonra isə silahını yerə atıb.

O, aşağı endikdən sonra camaata qarışaraq gizlənmək üçün anasından aldığı maşınla onun evinə gedib.

Həbs zamanı avtomobildən daha bir silah aşkar edilib, hər iki silah qanuni əsaslarla onun tərəfindən alınıb.

Polis hələ də hücumun motivlərini müəyyən edə bilməyib.

Mediada yayılan məlumatlara görə, Krimo əvvəllər musiqi ifaçısı olub. O,sosial şəbəkələrdə səs yazıları və musiqi videoları dərc edib.

Qeyd edək ki, son məlumatlara görə, paraddakı insident zamanı ölənlərin sayı artıq 7 nəfərə çatıb.