İstanbul buxtasında 7 qayıq alova büründü, bir neçəsi batdı

7 İyul 2022 10:10 (UTC+04:00)

Bu gün səhər saatlarında İstanbulda Avcılar buxtasında yeddi qayıq yanıb.

Teleqraf.com xəbər verir ki, estakadaya bağlı olan qayıqda naməlum səbəbdən yanğın baş verib. Qısa müddətdə böyüyən yanğın estakadaya qoşulan digər qayıqlara da keçib.

Yanğını görən vətəndaşlar vəziyyəti xilasetmə və təhlükəsizlik qruplarına xəbər verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və polis qrupları cəlb edilib.

Qısa müddətdə hadisə yerinə gələn yanğınsöndürənlər yanğına müdaxilə edib, polis qrupları təhlükəsizlik tədbirləri görüb.

Uzun səylər nəticəsində yanğın nəzarətə götürülüb. Nəticədə yanğın digər qayıqlara keçməyib.

Yanan 7 qayıq yararsız hala düşüb, yanğınsöndürənlərin müdaxiləsi ilə digər qayıqlara keçməsinin qarşısı alınıb. Yanan qayıqlardan bəziləri batıb.