İran ingilis diplomatı casusluq iddiası ilə saxladı - PUA görüntüləri yayıldı

7 İyul 2022 12:51 (UTC+04:00)

Böyük Britaniyanın İrandakı səfirinin müavini Giles Uitaker, avstriyalı diplomat və 3 polşalı tədqiqatçının ölkədə casusluq fəaliyyəti ilə məşğul olduqları səbəbilə saxlanıldığı iddia edilib.

Teleqraf.com İran mətbuatına istinadla xəbər verir ki, ingilis diplomatın Avstriyanın İrandakı mədəniyyət attaşesinin həyat yoldaşı və 3 polşalı tədqiqatçının casusluq fəaliyyəti ilə məşğul olduqları üçün tutulduğu bildirilir.

Məlumata görə, saxlanılanlar arasında Nikolay Kopernik Universitetinin Ətraf Mühitin Mikrobiologiyası və Biotexnologiyası Departamentinin elmi işçisi Makiej Valczak, Torpaqşünaslıq kafedrasının professoru Marcin Svitoniak və Charzynski Przemyslav da var.

Xəbərdə ailəsi ilə birlikdə İranın Kirman əyalətindəki Şahdad səhrasına gedən Böyük Britaniya səfirinin müavini Uitakerin avstriyalı diplomat və onu müşayiət edən polşalı tədqiqatçılarla birlikdə bölgədən torpaq nümunələri və görüntülər götürdüyü bildirilib.

İslam İnqilabı Keşikçiləri Korpusunun Diplomatların səhra səfərindən PUA vasitəsilə qeydə aldığı görüntüləri dövlət televiziyasında yayımlanıb. İngilis diplomat və onu müşayiət edən tədqiqatçıların yaxın bölgələrdən torpaq, duz və su nümunələri və görüntülər götürdüyü qeyd edilib.

Görüntülərdə Britaniya diplomatının İranın hərbi bölgələrindən götürdüyü torpaq nümunələrini xaricə göndərməyə çalışdığına dair votsap yazışmaları da yer alıb.

Britaniya Xarici İşlər Nazirliyi diplomatının İranın paytaxtı Tehranda casusluq iddiası ilə saxlanılması ilə bağlı xəbərin tamamilə yalan olduğunu bildirib.