Avtoşluq edən əsgər barəsində - Yeni qərar

7 İyul 2022 10:03 (UTC+04:00)

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu əsgər Məlikov Əziz Soltanpaşa oğlunun barəsində yenidən həbs qətimkan tədbiri seçilib.

Bu barədə Teleqraf.com-a Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Hərbi prokurorluqda istintaq edilən cinayət işi üzrə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikov Əziz Soltanpaşa oğlunun xidmət yerini özbaşına tərk edərək hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırması müəyyən edildiyindən, ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilmiş və Bakı hərbi məhkəməsinin qərarı ilə 22 iyun 2022-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilib.

Bakı Apellyasiya Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Əziz Məlikovun müdafiəçisinin şikayəti əsasında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmaqla, o, həbsdən azad edilmiş və barəsində “komandanlığın müşahidəsi altına vermə” qətimkan tədbiri seçilib.

Lakin, Əziz Məlikov qətimkan tədbirinin şərtlərini kobud şəkildə pozmaqla qaçıb gizləndiyinə görə Hərbi prokurorluğun təqdimatı əsasında 6 iyul 2022-ci il tarixdə məhkəmənin qərarı ilə barəsində təkrarən həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam edir.

Qeyd edək ki, Əziz Məlikov Şamaxı rayon Məlhəm kənd bələdiyyəsinin sədri Soltanpaşa Məlikovun oğludur.