Bakıda da fəaliyyət göstərən taksi şirkəti ilə bağlı şok faktlar – İfşa edildi

11 İyul 2022 16:35 (UTC+04:00)

İngiltərədə nəşr olunan “The Guardian” qəzeti ABŞ-da fəaliyyət göstərən beynəlxalq nəqliyyat şəbəkəsi şirkəti “Uber”lə bağlı qalmaqallı məqalə dərc edib.

Teleqraf.com xəbər verir ki, 124 000-dən çox sızdırılmış sənədin yer aldığı dosyedə “Uber”in “aqressiv qlobal genişlənməsi” zamanı qeyri-qanuni üsullara əl atmaqda ittiham olunur.

İddiaya görə, onlayn taksi xidmətinin həmtəsisçisi və keçmiş rəhbəri Travis Kalanik qanunları pozaraq sürücülərə qarşı zorakılıqdan sui-istifadə edib və hökumətlərlə gizli lobbi fəaliyyətləri həyata keçirib.

“The Guardian” 2013-2017-ci illərə aid fakturalar da daxil olmaqla, 124 mindən çox e-poçt, Votsap mesajları və brifinq sənədləri ələ keçirib. Məlumata görə, “Uber faylları” adlanan sənədlər şirkətin 40-dan çox ölkədəki biznesini əhatə edir.

Nəşrin açıqladığı sənədlər arasında Fransa ilə bağlı skandal faktlar da yer alıb. Sənədlərin birində 2014-cü ildə iqtisadiyyat, sənaye və rəqəmsal məsələlər naziri olan indiki Fransa Prezidenti Emmanuel Makronun Kalanikə dəstək verdiyi bildirilir.

Fransada 2015-ci ildə minlərlə taksi sürücüsü “Uber”ə qarşı nümayiş keçirib, hadisə sosial aksiyaya çevrilib və böyük zorakılıq halları ilə müşayiət olunub. Sözügedən sənəddə Kalanik “Uber” sürücülərinə qarşı zorakılığı dəstəklədiyi iddia olunur.

Kalanik 2017-ci ildə qalmaqallardan sonra “Uber”i tərk edib. Onu “Expedia”nın keçmiş baş direktoru Dara Xosrovşahi əvəzləyib.

Sənədlərdə həmçinin ABŞ-ın o vaxtkı vitse-prezidenti, indiki dövlət başçısı Co Bayden və o zaman Hamburqun meri olmuş Almaniya Kansleri Olaf Şolzun da adı lobbi səylərində hallandırılır.

Qeyd edək ki, “Uber” bir neçə ildir Azərbaycanda (Bakı) da fəaliyyət göstərir.