“Rejissor mənə rol vermirsə günahkarı..." – Əməkdar artist

14 İyul 2022 09:50 (UTC+04:00)

Əməkdar artist Şövqi Hüseynovla Azərbaycan Dövlət Akademik Musiqili Teatrın ənənəvi mükafanlandırma mərasimində qarşılaşdıq. Yola saldığımız teatr mövsümü onun üçün uğurlu keçib. Əməkdar artistlə ayaqüstü söhbətimizdə həm yeni tamaşaları, həm arzuları, həm də teatrımızın bu gününə nəzər saldıq.

Teleqraf.com Şövqi Hüseynovla müsahibəni təqdim edir:

- Şövqi bəy, həm Gənc Tamaşaçılar Teatrında, həm də Akademik Musiqili Teatrda çalışırsınız...

- Eyni zamanda Mədəniyyət və İncəsənət Universitetində kursum var, dərs deyirəm.

- Bir yerdə dayanan aktyor deyilsiniz. Sizin haqqınızda həmişə bu fikirdə olmuşam.

- Çox xoşbəxtəm ki, bir yerdə dayana bilmirəm.

- Pandemiyadan sonra teatra qayıdıb, yaradıcılıq baxımından istədiyiniz nəticəni bu mövsümdə əldə edə bildinizmi?

- Pandemiya dönəmində bacardığımız qədər dayanmamağa çalışdıq. Doğrudur, səhnəmiz, tamaşaçımız olmadı, amma müəyyən layihələrdə onlayn formada iştirak edib yaradıcılığımızı davam etdirdik. Çünki dayanmaq aktyor üçün yox olmaq deməkdir. Biz mütləq hərəkətdə olub, işləməliyik.

Gənc Tamaşaçılar Teatrında Çexovun “Qağayı” əsərinə Nicat Kazımov quruluş verdi. Uşaq və böyüklər üçün tamaşalar təhvil verildi. Hazırda bizim teatr təmirdədir, ona görə pandemiyadan sonra öz səhnəmizdə deyil, başqa səhnələrdə tamaşalarımızı təqdim etdik.

Güman edirəm ki, yeni mövsümdə öz doğma səhnəmizə qayıdacağıq.

Akademik Musiqili Teatrda bu mövsüm ərzində yeddi tamaşa təhvil verildi. Teatrda 3-10 iyulda “Premyeralar paradı” adlı festival keçirildi, bütün yeni tamaşalar orada nümayiş olundu. Gələcəkdə bu festivalı teatrlararası, daha sonra beynəlxalq səviyyədə həyata keçirə bilsək, çox yaxşı olar. Bunlar hamısı teatrın, aktyorların inkişafına xidmət edir. Təhvil verilən 7 tamaşanın ikisində - “Utancaq qız” və “Bəxtiyar”da mən oynayıram. Hamısı gözəl tamaşalardır.

- Musiqili Teatrda ilk monotamaşa sizə məxsusdur. Hətta buna görə mükafata da layiq görüldünüz. Mükafatlandırma mərasimində teatrın direktoru dedi ki, Belarusda 7 min tamaşaçını ayağa qaldırmısınız.

- “Utancaq qız” monotamaşası ilə Belarusda keçirilən Beynəlxalq Teatr Festivalına qatılmışdıq. Amma festivalın açılışı və bağlanışı 7 min nəfərlik buz zalında keçirildi. Orada mən “O olmasın, bu olsun” tamaşasından Məşədi İbadın mahnısını təqdim elədim. Orada Azərbaycanın görməli, gəzməli yerləri- Qarabağımızı əks etdirən video-çarxımız nümayiş olundu. Bu bir fürsət idi, məncə yaxşı da dəyərləndirdik. Möhtəşəm anlar yaşadıq.

- “Kontrabas”la başlanan monotamaşalar silsələnizə “Utancaq qız”ı daxil etdiniz. Ölkəmizdə sizin qədər monotamaşa oynayan ikinci aktyor tanımıram.

- “Kontrabas” tamaşasının rejissoru İrina Aleksandrovna idi. “Dəlinin qeydləri”, “Utancaq qız”ı Cənnət Səlimova hazırlayıb. İndiyə qədər dörd monotamaşam olub. Yeni bir tamaşa da hazırlanır.

Monotamaşanı rolumun olmadığına görə oynamıram. Sadəcə monotamaşa mənim içimi rahatladır, yaradıcı baxımdan daha rahat, səliqəli oluram.

- Bir az aça bilərsinizmi?

- Mənim evdə böyük kitab şkafım var. O şkafda kitablar hamısı yerində olmalıdır. Neçənci sırada hansı kitabın olduğunu əzbər bilirəm və həmişə də qaydaya salıram. Məndən kitab istəyəndə sıra və nömrəsinə qədər deyirəm.

Mənim daxili balansımı, səliqəmi o monotamaşalar saxlayır. Kitab şkafı kimi...Baxmayaraq ki, hər iki teatrda da digər tamaşalarda rol alıram. “Şeyx Sənan”, “Aydın”, “Qağayı”, “Bəxtiyar” və digərləri...

Tamaşalar çoxdur, amma monotamaşalara daxili ehtiyacım var. Onları hazırlayanda mütləq repertuara daxil olacaq deyə qarşıma məqsəd qoymuram. Mən sadəcə o tamaşaları işləyirəm. Bəyənilir, qəbul olunur və repertuara salınır.

- Təklif sizdənmi, yoxsa rejissorlardan gəlir?

- Hər ikimizdən. Hər il monotamaşa hazırlamaq istəyirəm. Ukraynada dünyada analoqu olmayan mono teatr fəaliyyət göstərir. Çox istəyirəm bizdə də mono teatr yaransın. Orada yalnız mono tamaşalar göstərilsin.

- Bu teatrın yaranmasına nə mane olur?

- Mane olan nəsə yoxdur. Sadəcə mən bu barədə təklif etməmişəm, arzumu səsləndirdim. Monotamaşalar repertuarımı genişləndirəndən sonra bu təklifi lazimi qurumlara vermək barədə düşünürəm.

- Azərbaycan teatrının indiki mənzərəsi necədir? Biz dünya teatrları ilə ayaqlaşa bilirikmi?

- Bunu tamaşaçıdan soruşsanız daha dəqiq olar. Amma cəhdlər var. Biz dünya ilə ayaqlaşmağa cəhd edirik. İrəli getmək, inkişaf etmək üçün səy göstəririk. Yerimizdə saymaq niyyətimiz, məqsədimiz yoxdur. Hansı dərəcədə buna nail olduğumuzu zaman göstərəcək və tamaşaçılar onu daha dəqiq deyəcək. Amma təkrar edirəm ki, biz cəhd edirik, çalışırıq və buna dəstək də var. Teatrlar, nazirlik tərəfindən istənilən layihə təklifimizə heç bir zaman "yox" deyilməyib. 30 ildir mən Azərbaycan mədəniyyəti ilə dünyanı gəzirəm. Mədəniyyəti təbliğ etmək üçün həmişə şərait yaradılıb.

- Teatr sahəsində gənclərin fəaliyyəti barədə nə deyə bilərsiniz?

- Bütün teatrlarımıza gənclərin axını var. Bəzən yer, ştat da çatmır. Teatrda işləmək istəklərinin olması çox sevindiricidir. Onların da gələcək inkişafını zaman həll edəcək. Hər bir teatrda gənclərin özünü göstərmək üçün meydanı var. Heç bir direktor, baş rejissor işləmək istəyən bir gəncin qarşısını kəsməz. Bəlkə də bu var, amma mən bunun şahidi olmamışam.

- Hansı rejissorla işləmək daha rahatdır?

- Mən ümumiyyətlə, aktyor olmağı çox sevirəm. Sevimli rejissor anlayışı var, amma hər halda aktyor olmaq gözəl hisdir. Mən Cənnət Səlimova ilə Kamera Teatrından başlamışam. Cənnət xanım mənim ilk rejissorumdur. Teatr sahəsində demək olar bütün rejissorlarla işləmişəm və hər birindən nələrsə götürə bilmişəm. Çünki hər biri ilə yeni forma axtarışında olursan.

Hazırda Mehriban Ələkbərzadə ilə işləyirəm. Bilirsiniz ki, Mehriban xanım Gənc Tamaşaçılar Teatrının baş rejissorudur. Mehriban xanımla Akademik Milli Dram Teatrında “İsgərdərə yeni namə”də, Musiqili Teatrda isə “Nuri- didə Ceyhun”da işbirliyimiz olub.

- İndi arzunuz nədir?

- Aktyorun arzusu nə ola bilər? Aktyoru xoşbəxt eləmək çox asandır. Ona səhnə və gözəl materiallı rol ver. Görün, ondan xoşbəxt adam tapa bilərsiniz? Arzum yeni rollar oynamaq, yeni dramaturgiya ilə məşğul olmaqdır.

Həmçinin universitetdə tələbələrlə daha ciddi işləmək istəyirəm.

- Arzusunda olduğunuz rol var?

- Yoxdur. Hesab edirəm ki, aktyorlar bundan sonra hansı rolu oynayacağını düşünməməlidir. Rejissor düşünməlidir ki, bu aktyor filan rolu oynayıb, sabah ona hansı rol verək? Rejissor aktyorun inkişaf xəttini təyin etməlidir.

- Bir rolla ulduzu parlayıb amma çox tez sönən aktyor taleləri var. O insanlar sizin ətrafınızdadırlar. Sizcə, niyə belə uğursuz karyera ilə üz-üzə qalırlar?

- Heç bir rejissor öz tamaşaçısının düşməni deyil. Hamı istəyər ki, gözəl tamaşa alınsın, yaxşı aktyorlarla işləsin. Əgər rejissor hansısa tamaşasında mənə rol vermirsə, bunun günahkarı özüməm. Əgər mən hansısa rolda uğur qazana bilmirəmsə bunun günahkarı mənəm. Nə dramaturgiyadır, hərçənd bəzən zəif dramaturgiya da olur. Deməli mən özüm boşluq yaratmışam. Rejissor mənə rol vermirsə günahkarı özüməm.

- Niyə sizi seriallarda görmürük?

- Təvazökarlıqdan uzaq olsa da deyəcəm inanın, vaxtım qalmır. Amma kinoda ara-sıra çəkilirəm. Rejissor Yavər Rzayev Mehmandarovlara həsr olunmuş bədii-sənədli filmin hazırlıq prosesinə başlayıb. Baş qəhrəmanı mən canlandıracam.

Kinoda çox peşəkar rejissorlarla çalışmışam: Eldar Quliyev, Ayaz Salayev, Yavər Rzayev, Rövşən İsax, Oktay Mir Qasım.

Amma mən özümü teatr aktyoru hesab edirəm. Dədə evim teatrdır. Mən səhnədə xoşbəxtəm.