Conni Deppi niyə müdafiə etdi? - Keçmiş sevgilidən şok etiraf

25 İyul 2022 21:55 (UTC+04:00)

“Mən həqiqətə inanıram. Dürüstlüyə və ədalətə inanıram. Conni haqqında həqiqəti bilirəm. Bilirəm ki, o, məni təpikləməyib, pilləkənlərdən aşağı itələməyib. Mən həqiqəti deməliydim”.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Conni Deppin keçmiş sevgilisi model Keyt Moss BBC 4 telekanalına müsahibəsində məhkəmədə aktyorun lehinə danışmasının səbəblərini açıqlayarkən deyib.

Məşhur aktyor Conni Depplə keçmiş həyat yoldaşı, aktrisa Ember Herdin boşanma prosesi yalnız Hollivud tarixində deyil, dünya hüquq tarixində də uzun müddət unudulmayacaq.

Ember Herdın nəticəyə etirazı, Conni Deppin isə cavabı davanı hələ də gündəmdə saxlayır.

İyunun 1-də yekunlaşan prosesdə şahid qismində şou-biznesin, sənət dünyasının bəzi məşhurları da dinlənilib. Onların arasında ən çox diqqət çəkən Conni Deppin keçmiş sevgilisi, model Keyt Moss olub. 90-cı illərdə böyük eşq yaşayan iki keçmiş sevgili onlayn formada məhkəmədə üz-üzə gəlib. Moss çoxdan gözlənilən ifadəsini verib və Deppin lehinə danışıb.

Ember Herdin iddiasına görə, Depp Keyt Mossla sevgili dönəmində ona qarşı fiziki zorakılıq tətbiq edib. Depp Mossu pilləkənlərdən aşağı itələyib. Hətta Ember Herdin qardaşı Uitni də bu iddianı təsdiqləyib.

Lakin Keyt Moss İngiltərədən onlayn formada məhkəmə dinləmələrinə qoşularaq bu iddianın heç bir əsası olmadığını bildirib. O, hadisəni danışıb və Deppin onu pilləkənlərdən itələmədiyini deyib:

“Biz Conni Depplə tətil üçün Yamaykadakı “Goldeneye Resort”da dincəlirdik. Otaqdan çıxmaq üzrəydik. Conni məndən əvvəl çıxdı. Mən isə çıxanda sürüşdüm, pilləkənlərdən yıxıldım və belimi əzdim. Nə baş verdiyini bilmədiyim üçün qışqırdım. Çox ağladım, Conni gəlib mənə kömək etdi. O məni otağa aparıb həkim çağırdı. Depp məni heç vaxt təpikləməyib və pilləkənlərdən aşağı itələməyib”.

Mossun ifadəsi bəziləri tərəfindən “Herdin iddialarının təkzibi” kimi qiymətləndirilib. Bəziləri bunu “keçmişini qorumaq üçün belə danışdı” kimi şərh edib. Bəzilərinin fikrincə isə keçmiş sevgililər hələ də bir-birilərini unuda bilməyiblər və bu hadisələr onların yenidən bir araya gəlməsinə şərait yaradacaq.

Məlumat üçün bildirək ki, Keyt Moss və Conni Depp 1994-cü ildə Nyu-Yorkda bir kafedə tanış olublar. O zaman Depp kino dünyasında parlayan bir ulduz idi. Moss isə hələ özünü moda dünyasında tam təsdiqləməmişdi. Onların münasibəti qısa müddətdə ehtiraslı bir sevgiyə çevrildi. Üç il birlikdə olan cütlüyün münasibəti 1998-ci ildə başa çatdı.

Conni Depp və Kayt Moss o dövrdə və ondan sonra da qəzetlərin manşetlərini bəzəyirdilər. Onlar ayrılsalar da Moss heç vaxt Deppi unuda bilməyəcəyini gizlətmədi. Depp də vaxtaşırı keçmişi üçün darıxdığını etiraf edirdi.

“Həyatımda heç kim mənə Conni Depp qədər qayğı göstərməyib. Ona görə də o məni tərk edəndən sonra bir il göz yaşı tökdüm və depressiyadan çıxa bilmədim. Onun dediklərinə inanırdım. Ondan nə edəcəyimi soruşanda həmişə mənə yol göstərərdi. Ayrılandan sonra ən çox bunun üçün darıxırdım. Mən etibar etdiyim birini itirmişdim və bu, kabus kimiydi" - Keyt Moss vaxtilə “Vanity Fair” dərgisinə müsahibəsində demişdi.

“Mən əvvəllər belə emosional qadınla rastlaşmamışdım. O zaman karyerama daha çox diqqət yetirmək istəyirdim. Buna görə işlə sevgimi tarazlaya bilmədim və ayrılmağa qərar verdim” - Conni Depp Keyt Moss haqda danışarkən belə söyləmiş və hətta əlavə etmişdi: “Keyt birlikdə yaşamaq üçün dəhşətli bir insandır”.