Ölkədə gərginlik artır - Parlamentin buraxılması üçün tarix verildi

11 Avqust 2022 17:23 (UTC+04:00)

“Sədr” Hərəkatının lideri Müqtəda əs-Sədr İraq parlamentinin ən geci gələn həftənin sonuna qədər buraxmağa çağırıb.

Teleqraf.com xəbər verir ki, Sədr ədliyyə sistemindən daha sonra elan edəcəkləri müəyyən şərtlərlə növbədənkənar seçkilərin keçiriləcəyi tarixi müəyyən etməyi tələb edib.

Hərəkat lideri tərəfdarlarının etirazlarını davam etdirəcəklərini də bildirib.

2021-ci ilin oktyabrında keçirilən seçkilərdə qalib gələn Sədr koalisiya hökuməti qura bilməyib və siyasətdən çəkildiyini açıqlayıb. O, geri çəkildikdən sonra hökuməti formalaşdırmaq vəzifəsi İran tərəfindən dəstəklənən “Koordinasiya Çərçivəsi”nə keçib. “Koordinasiya Çərçivəsi” iyulun 25-də keçmiş əmək və sosial işlər naziri Məhəmməd Şiə Sudanini baş nazirliyə namizəd kimi irəli sürüb.

Sədr tərəfdarları isə iyulun 30-da İrana yaxın şəxs kimi gördükləri Sudaniyə etiraz etmək üçün parlamentə basqın edərək oturaq aksiya keçiriblər.