"Viktoriya" "Qarabağ"la oyundan öncə müdafiə xəttini gücləndirdi

11 Avqust 2022 17:30 (UTC+04:00)

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Çexiyanın "Viktoriya" (Plzen) komandası heyətini yeni futbolçu ilə gücləndirib.

Teleqraf.com klubun rəsmi saytına istinadən xəbər verir ki, Plzen təmsilçisi yerli "Siqma" kollektivindən Vatslav Yemelkanı transfer edib. 27 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

"Viktoriya"nın direktoru Adolf Şadek Çexiya millisinin də formasını geyinən təcrübəli futbolçunun dərhal komandaya qoşulduğunu və Azərbaycan çempionuna qarşı keçiriləcək matçlarda iştirak edə biləcəyini söyləyib.

Qeyd edək ki, "Qarabağ" və "Viktoriya" arasında ilk oyun avqustun 17-də Bakıda olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq. Cavab qarşılaşması isə avqustun 23-də Plzendə baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.