Ordumuz bu ərazilərə də nəzarət edir, artıq Xankəndi... - Açıqlama

13 Avqust 2022 15:15 (UTC+04:00)

Prezident İlham Əliyevin vurğuladığı "Nəyi, nə zaman edəcəyimi yaxşı bilirəm” - fikrinin biz hər gün təsdiq tapdığını görürük. Sözsüz ki, bu gün Azərbaycan dövlətinin düşüncə və strateji xətlə atdığı addımlar onun mövqeyinin və maraqlarının daha da möhkəmlənməsinə xidmət edir. Zamanı gəldikcə dövlətimiz elə uğurlara imza atır ki, bunlar Azərbaycana böyük hörmət gətirir və onun nüfuzunu daha da yüksəldir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədov deyib.

O qeyd edib ki, son “Qisas” əməliyyatı da Azərbaycanın gücünün, qüdrətinin yerində olduğunu cəmi bir neçə saata bir daha sübut etdi:

“Aprel döyüşləri, Tovuz döyüşləri, Vətən müharibəsində olduğu kimi Azərbaycan son “Qisas” əməliyyatı ilə də düşmənə layiqli dərs verdi. Çünki Ermənistanın bütün təxribatlarına Azərbaycan daha sərt qarşılıq verib. Son iki aya yaxın dövrdə Ordumuzun Azərbaycan-Ermənistan sərhəddində, öz ərazilərimizdə əldə etdiyi yüksəkliklər olduqca vacib bir məsələdir. Çünki bu gün Azərbaycan Ordusunun tutduğu mövqelər imkan verir ki, Şuşa Laçın yolu, Şuşa-Xankəndi-Ağdam yolu, Buzdux yüksəkliyindən Sərsəng-Vəng-Ağdaban-İmarət-Qərvənd istiqaməti nəzarətimizdə saxlanılsın. Bu yüksəliklərdən Ordumuz kim hara getsə, nə iş görsə vizual olaraq buna nəzarəti həyata keçirir. Sarıbaba, Qırxqız yüksəklikləri, eyni zamanda yeni çəkilən Laçın yolu indi tamamilə Azərbaycan Ordusunun nəzarəti altındadır”.

Deputat Xankəndi şəhərinin tamamilə Silahlı Qüvvələrimizin nəzarətində olduğunu söyləyib:

“Azərbaycan-Ermənistan sərhəddi boyu 15-20 km-lik məsafə də Ordumuzun nəzarətindədir. Bu sözsüz ki, çox böyük uğurlardır. Bütün bunlar gələcəkdə eşidəcəyimiz şad xəbərləri bizə artıq diqtə edir. Şuşadan Laçına qədər olan yolun hər iki tərəfi bizim kəndlərimizdir. İndi sülhməramlılar yeni Laçın yoluna yerdəyişmə etdikdən sonra Şuşadan Laçına sərbəst giriş-çıxış təmin olunacaq. Dövlət başçısı da artıq mesaj verdi ki, yaxın gələcəkdə qalan məsələlər də öz həllini tapacaq”.

Elman Məmmədov görə, 1988-ci ilə kimi Azərbaycan ərazisində yaşayan ermənilər tədricən anlayacaqlar ki, onların gələcəyi ancaq bizim qanunlara tabe olmaqdan asılıdır:

“Ermənistan iflasa uğramış bir dövlət kimi bu ermənilərə heç bir yardım edə bilməyəcək. Artıq bizim ərazimizdə yaşayan ermənilər dövlət başçısına Azərbaycanda yaşamaq üçün müraciətlər edir”.