Azərbaycanın xarici siyasətdə əsas hədəfləri: Dünya birliyinə inteqrasiya

13 Avqust 2022 17:48 (UTC+04:00)

Dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək, həmin qurumların fəal üzvünə çevrilmək və ölkənin dünyaya inteqrasiyasını təmin etmək Azərbaycanın qarşısına qoyduğu ən mühüm vəzifələrdən idi. Ötən dövr ərzində qarşıya qoyulan məqsədə çatmaq üçün çox mühüm addımlar atılıb. Yüksək peşəkarlıqla aparılan uğurlu xarici siyasətin nəticəsidir ki, ötən 30 ildə Azərbaycanın tarixi torpaqlarının Ermənistan tərəfindən işğal faktı dünyanın ən mötəbər beynəlxalq təşkilatları tərəfindən qəbul edilib. Məhz beynəlxalq siyasi müstəvidə qazanılmış uğurlar 44 günlük Vətən müharibəsində ölkəmizin haqlı mövqeyinin nümayiş olunmasına geniş imkanlar yaratdı.

Milli Məclisin deputatı Tamam Cəfərova Teleqraf.com-a açıqlamasında Azərbaycanın dünyaya inteqrasiyası, beynəlxalq təşkilatlarla əməkdaşlığı ilə bağlı çoxşaxəli siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu bildirib:

“Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə isə istər ayrı-ayrı dövlətlərlə, istərsə də nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələr uğurla davam etdirilib, daha da genişləndirilib. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmizin sistemli şəkildə dünya birliyinə inteqrasiya olunmasında ikitərəfli və çoxtərəfli siyasi münasibətlərin genişlənməsi istiqamətində atılan addımlar mühüm əhəmiyyət kəsb edir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk olaraq İslam Konfransı Təşkilatı (İKT), BMT, İqtisadi Əməkdaşlıq Təşkilatı (EKO), Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT), Beynəlxalq Valyuta Fondunun və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, Müstəqil Dövlətlər Birliyi (MDB) və diğər beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq münasibətləri qurub”.

Millət vəkili vurğulayıb ki, Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının istismarına dair 20 sentyabr 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” ölkəmizin dünya dövlətləri ilə qarşılıqlı əlaqələrinin dərinləşməsi və beynəlxalq mövqelərinin möhkəmləndirilməsinə güclü təkan verib:

“Məhz “Əsrin müqaviləsi” və sonrakı illərdə bir-birinin ardınca imzalanan neft müqavilələri Azərbaycanın dünya birliyinə inteqrasiyasını daha da sürətləndirib. Ümumilli lider Heydər Əliyev xarici siyasət xəttində beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi məsələlərinə çox böyük diqqət yetirirdi. Bu baxımdan 1994-cü il mayın 4-də Heydər Əliyevin “Sülh naminə tərəfdaşlıq” proqramının çərçivə sənədini imzalaması Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi istiqamətində atılan ən mühüm addımlardan biridir. Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulan ilk dövlətlərdən olub. 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanıb. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Əsasını Ümummilli liderin qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən xarici siyasət Azərbaycanın regionda və dünyada müttəfiqlərinin sayını xeyli dərəcədə artırıb. Azərbaycan artıq Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi dünya birliyinə inteqrasiyasının əsasında son illərdə həyata keçirilən beynəlxalq layihələr, bu layihələrin nəticəsi olaraq Şərqlə Qərbi birləşdirən tranzit ölkə rolunda çıxış etməsidir. Bakı-Tbilisi-Qars dəmir yolunun açılması, Azərbaycanın təşəbbüsü və vasitəçiliyilə TAP, TANAP kimi iri transmilli enerji marşrutları ölkəmizi əksər dünya ölkələrinin diqqət mərkəzinə çevirib. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi kimi mühüm layihələrlə Azərbaycan regionun mühüm nəqliyyat və logistika mərkəzi qismində çıxış edir”.

Tamam Cəfərova qeyd edib ki, XXI əsrin əvvəllərindən başlayaraq xarici siyasətdə baş verən müsbət dinamik dəyişikliklər Azərbaycanın 2012-2013-cü illərdə BMT TŞ-nin qeyri-daimi üzvü olmasının real zəminini hazırladı:

“2016-cı ildə isə Azərbaycan BMT Baş Məclisində keçirilmiş səsvermədə iştirak edən 184 üzv dövlətdən 176-nın səsini qazandı. Bu, 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməyə imkan yaratdı. 2011-ci ildən Azərbaycan Qoşulmama Hərəkatının üzvü olmaqla yanaşı 2019-2022-ci illərdə quruma uğurlu sədrliyi nəticəsində Azərbaycanın sədrlik müddəti yekdilliklə bir il daha uzadıldı. Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən yüksək qiymətdir. Eyni zamanda, Prezident İlham Əliyevin təşəbbüsünə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradılması ölkəmizin BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan QH-da həyata keçirdiyi məhsuldar fəaliyyətin nəticəsidir. COVID-19 pandemiyası dövründə ölkəmizin beynəlxalq təşkilatlardakı fəaliyyəti xüsusilə səciyyəvi oldu. Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19 ilə üst-üstə düşdü. Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə çox aktiv fəaliyyət göstərirdi. Azərbaycanın təşəbbüsü ilə 2020-ci ilin mayında Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi pandemiya ilə mübarizədə dövlətlərin səfərbər edilməsi istiqamətində ən bariz nümunələrdən biri idi. Bunun nəticəsində biz 2020-ci ilin dekabrında uğurla keçirilmiş, COVID-19 ilə mübarizəyə həsr edilmiş BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması ilə bağlı üzv dövlətlər tərəfindən dəstəklənmiş təşəbbüsü irəli sürdük. Bizim səylərimiz təkcə həmrəyliyin gücləndirilməsi və dəstəyin təmin edilməsinə yönəlməyib, eyni zamanda, ölkələrə dəstək, tibbi və humanitar yardımla bağlı bizim məlumat bazasından istifadə etməyə başlamış Ümumdünya Səhiyyə Təşkilatı üçün də faydalı oldu. Pandemiya dövründə 80-dən çox ölkəyə maddi yardım və humanitar dəstək göstərildi. Həmçinin Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində ianə olunub və bu vəsaitin yarısı birbaşa Qoşulmama Hərəkatının üzv dövlətlərinə ayrılıb. Hər zaman bərabərsizliyə, ayrı-seçkiliyə qarşı çıxan Azərbaycan peyvənd millətçiliyinə qarşı açıq şəkildə etirazını bildirən ilk ölkələrdən biri oldu. Bir çox ölkələrin çıxılmaz vəziyyətdə olduğu bir vaxtda zəngin ölkələr peyvəndlərin mütləq əksəriyyətindən istifadə edirdi. Buna görə də peyvənd millətçiliyinə qarşı mübarizəmiz Beynəlxalq Millətlər Təşkilatı tərəfindən də dəstəklənib”.

Deputat Azərbaycanın Avropa İttifaqı ilə yüksəlın xətlə inkişaf edən münasibətlərinə də diqqət çəkib:

“Müstəqillik illərindən başlayaraq Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi önəm verir. Azərbaycan 2009-cu ildən bəri Aİ ilə Şərq Tərəfdaşlığı (ŞT) proqramı çərçivəsində ikitərəfli və çoxtərəfli formatda əməkdaşlıq edir. Tərəflər arasında bərabərhüquqlu, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlıq xarici siyasətimizin prioritet istiqamətlərindən biridir. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair imzalanan Anlaşma Memorandumu da xüsusi önəm kəsb edir. Bu tarixi hadisə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolun növbəti təzahürü olmaqla yanaşı, Aİ ilə münasibətlərin keyfiyyətcə yeni mərhələsinin başlanğıcıdır. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin böyük gələcəyi var. Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində ikitərəfli qaydada işlər aparılır. Avropa İttifaqı Azərbaycan üçün əsas ticari tərəfdaşdır. Ticari dövriyyənin artırılması xalqlarımızın rifahı naminədir. Şübhəsiz ki, burada Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasının xüsusi əhəmiyyəti var. Bu istiqmətdə də Avropa İttifaqı olduqca fəal iş aparır. Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin daha da inkişaf edib dərinləşməsi istiqamətində qarşılıqlı maraq mövcuddur. Yaxın gələcəkdə də bunun şahidi olacağıq. Dünyada olduqca mürəkkəb və sürətlə dəyişən siyasi proseslərin getdiyi bir dövrdə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm qələbə nəticəsində tariximizin yeni mərhələsinin əsası qoyulmaqla yanaşı, regionda və bütövlükdə beynəlxalq siyasi münasibətlər sistemində də yeni bir dövr başlayıb. Bu bir reallıqdır ki, Cənubi Qafqaz bütün dünyanın diqqət mərkəzinə çevrilib. Burada yaranan əməkdaşlıq imkanları regionda marağı olan qüvvələr üçün geniş imkanlar açıb. Şübhəsiz ki, burada ən önəmli məqam ondan ibarətdir ki, artıq Azərbaycan şərtləri diktə edən tərəfdir. Xüsusilə qeyd etməliyik ki, yaxın vaxtlarda Zəngəzur dəhlizinin reallığa çevrilməsi regionda geniş əməkdaşlıq imkanları yaradacaq. Burada Prezident İlham Əliyev tərəfindən irəli sürülən 3+3 əməkdaşlıq formatını xüsusilə qeyd etməliyik. Bu əməkdaşlıq formatı regionun inkişafı və bölgədə yaşayan xalqların rifahı üçün olduqca əhəmiyyətlidir. Bütün bunlar sözsüz ki, xarici siyasətdə əldə edilən çoxşaxəli, gərgin və səmərəli fəaliyyətin nəticəsidir. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin liderliyi ilə uğurla həyata keçirilən xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq arenada artan nüfuzu daha möhkəmlənəcək”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr sədrinin müavini Sevinc Fətəliyeva isə bildirib ki, müstəqilliyin ilk illərindən Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında beynəlxalq siyasətdə fəal iştirak edir:

“Bu kontekstdə bir neçə məqama xüsusi diqqət yetirmək lazımdır. Əvvəla, Avropa İttifaqı (Aİ) ilə münasibətlərin qurulması və inkişaf etdirilməsi Azərbaycanın iqtisadi inkişafına dəstək və siyasi maraqlarının müdafiə olunması üçün mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı ilə müxtəlif təyinatlı iqtisadi layihələr işlənib, təşkilata üzv ölkələrin enerji təhlükəsizliyini təmin edəcək beynəlxalq əhəmiyyətli karbohidrogen layihələri həyata keçirilib. Ölkəmiz, həmçinin beynəlxalq güclərin diqqətini Qarabağ münaqişəsinə və onun beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli həlli məsələsinə çəkməyə çalışıb. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatı və BMT Təhlükəsizlik Şurasının qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilib, işğalçı qüvvələrin zəbt olunmuş ərazilərimizdən dərhal çıxarılması tələb edilib”.

Millət vəkilinə görə, Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2012-2013-cü illər üçün keçirilən seçkilərdə qələbə üçün tələb olunan 129 səsdən də çox - 155 səs əldə edib:

“Bununla ölkəmiz Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olub. Eyni zamanda BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması və artıq dövlətimizin başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin mayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərindən biri idi. Azərbaycan 2012-ci ilin may və 2013-cü ilin oktyabr aylarında BMT Təhlükəsizlik Şurasına sədrlik edib. Ölkəmizin BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə ən mühüm uğuru 2012-ci il mayın 4-də terrorçuluğa qarşı mübarizəyə dair öhdəliyin təmin olunması yolu ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda yüksək səviyyəli konfransın keçirilməsi oldu. Prezident İlham Əliyevin sədrlik etdiyi konfransın yekununda bəyanat qəbul olundu. Terrorçuluğun bütün formaları və təzahürləri bir daha qətiyyətlə pisləndi, terrorizmin təbiətinin dəyişildiyi qeyd edildi. Bununla yanaşı üzv dövlətlər beynəlxalq münasibətlərdə hər hansı bir dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı təhdid və ya gücdən istifadə etməmək öhdəliyini həyata keçirməyə çağırıldı. Dünyada ilk dəfə olaraq Azərbaycan BMT-nin təcavüzkar ölkəyə qarşı qəbul etdiyi, amma ikili standartlara görə icra olunmayan qətnamələrin icrasını 2020-ci ildə baş vermiş 44 günlük müharibədə qələbə qazanmaqla təmin etdi”.

Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanın Avropa Şurası, Müstəqil Dövlətlər Birliyi, İslam Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, digər beynəlxalq təşkilatlarla əlaqələri var və bu münasibətlər uğurla davam edir:

“2011-ci ildə isə ölkəmiz Qoşulmama Hərəkatına üzv olub. Qoşulmama Hərəkatının tarixinin ən parlaq dövrünü Azərbaycan Prezidenti İlham Əliyevin təşkilata rəhbərlik etdiyi zamanda yaşadığını, desək, yanılmarıq. Dünyanın COVID-19 pandemiyası ilə üzləşdiyi günlərdə dövlətimiz böhranın aradan qaldırılması məqsədilə ədalətli münasibət, bərabər paylaşım adı ilə müxtəlif tədbirlər keçirdi və təkliflər irəli sürdü ki, bunlar da təşkilat üzvləri və digər beynəlxalq təşkilatlar tərəfindən yekdilliklə qəbul olundu. Azərbaycan tərəfindən Qoşulmama Hərəkatının adından irəli sürülmüş COVID-19 əleyhinə peyvəndlərə bütün ölkələrin bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığının təmin edilməsi ilə bağlı 2021-ci il dekabrın 16-da BMT-nin Baş Assambleyasında qətnamə qəbul edildi. Pandemiyaya qarşı mübarizədə Azərbaycan nümunəsi hər kəsə örnək kimi göstərilir. Bu müstəvidə Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində COVID-19 pandemiyasına qarşı mübarizə naminə beynəlxalq səylərin səfərbər edilməsi sahəsində qlobal liderliyini davam etdirir. Hərəkata sədrliyi dövründə Azərbaycanın Qoşulmama Hərəkatı üçün müfəssəl və iddialı qlobal fəaliyyət planı hazırlanıb. COVID-19 pandemiyasının dünyanı bürüməsi, Azərbaycanın yeni vəziyyətə çevik və adekvat reaksiyası, pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi istiqamətində irəli sürdüyü beynəlxalq təşəbbüslər Prezident İlham Əliyevin dövlətimizin nüfuzunun yüksəlməsi istiqamətində uğurları kimi səciyyələndirilir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin daha bir il müddətə - 2023-cü ilə qədər uzadılması rəsmi Bakının qlobal çağırışlara münasibətdə daha fəal rol oynamasına gətirib çıxaracaq. Artıq Azərbaycan nüfuzlu dövlətdir və Prezident İlham Əliyevin təşəbbüsləri beynəlxalq müstəvidə də dəstəklənir”.

Deputat parlament diplomatiyasının ölkəmizin xarici siyasət kursunda mühüm əhəmiyyətindən bəhs edib:

“Milli Məclis bir sıra beynəlxalq təşkilatlarda təmsil olunur, eləcə də bir çox ölkələrin parlamentləri ilə dostluq qrupları fəaliyyət göstərir. Əlbəttə, parlament çox mühüm hakimiyyət qoludur və onun işində beynəlxalq fəaliyyət xüsusi yer tutur. Parlamentarilər beynəlxalq miqyasda Azərbaycan həqiqətlərinin təbliği istiqamətində öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar. Bir sıra ölkələrin parlamentləri ilə sıx əlaqələr qurulub ki, bu, dövlətlərarası münasibətlərdə əhəmiyyətli rol oynayır. Buraya qanunvericilik sahəsində əməkdaşlığı, təcrübə mübadilələrini də əlavə etsək, Azərbaycan parlamentinin, ümumilikdə, ölkəmizin beynəlxalq fəaliyyətində nə qədər vacib rol oynadığını görə bilərik. Ümumiyyətlə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini olaraq deyə bilərəm ki, parlamentimizdə beynəlxalq fəaliyyətə böyük maraq var. Xüsusilə 44 günlük Vətən müharibəsi zamanı bütün cəmiyyətimiz kimi ölkə parlamenti də imkanlarını səfərbər edərək aktiv fəaliyyət göstərib. Bu dövrdə Azərbaycanın parlament diplomatiyasının bütün imkanları tam haqlı olaraq Vətən müharibəsi ilə bağlı gerçəkliklər haqqında dünya ictimaiyyətini məlumatlandırmağa, Ermənistanın hərbi-siyasi rəhbərliyinin törətdiyi təxribatların beynəlxalq auditoriyaya çatdırılmasına səfərbər olundu. Azərbaycan Parlamenti şanlı Ordumuzun əks-hücum əməliyyatlarına başladığı ilk anlardan etibarən beynəlxalq ictimaiyyəti məlumatlandırmaq, Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı hərbi təxribatları, şəhər və rayonlarımızı artilleriya və raketlərdən atəşə tutması ilə bağlı həqiqətləri çatdırmaq məqsədilə milli parlamentlərə və beynəlxalq parlament təşkilatlarına müraciətlər ünvanlayıb. Postmüharibə dövründə də parlament diplomatiyası uğurla davam etdirilir, Azərbaycan reallıqları dünya ictimaiyyətinin diqqətinə çatdırılır”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.