Görüş təxirə salındı - Qurbanov səbəbi açıqladı

13 Avqust 2022 21:20 (UTC+04:00)

"İntizamlı və əks-hücumlarda təhlükəli olan komandaya qarşı oynadıq. Səbirli olmaq önəmli idi. Vacib 3 xal qazandıq. Qələbəyə layiq idik. Rəqibə uğurlar arzu edirəm. Futbolçularımı təbrik edirəm.".

Teleqraf.com xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib. O səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri münasibəti ilə komandasını təbrik edib.

O bildirib ki, bu qələbə onlara Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə oyundan öncə xüsusi motivasiya verəcək. "Plzen təmsilçisinin oyununa baxmışam. Bizə qarşı daha çox sürpriz edə bilərlər. Hələ vaxtımız olacaq. Onları yaxından təhlil edəcəyik".

Qurbanov III turda "Turan Tovuz"la görüşün təxirə salınmasına münasibət bildirib. O bildirib ki, görüşün təxirə salınmasını özü istəyir.

"Matçlar arasında 6 gün fərq var idi. Son zamanlarda sıx qrafikdəyik. Futbolçular çox yüklənir. Səfərə gedəcəyik, buna görə istədik ki, oyunçular bir yerdə heç olmasa 3 gün hazırlaşa bilsinlər. Qarşılaşmanın təxirə salınmanın faydası olacağını düşünürəm".