Ərdoğan Əsədlə görüşür? - Bağçalıdan açıqlama

15 Avqust 2022 16:44 (UTC+04:00)

Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriya başçısı Bəşər Əsəd arasında görüşün keçiriləcəyinə dair iddiaya münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, MHP lideri Türkiyənin bütün qonşuları ilə normal münasibətlər qurmağa çalışdığını deyib.

“Türkiyənin Suriya ilə bağlı atdığı addımlar dəyərli və dəqiqdir. Bu ölkədə yaşayan heç kim, mənşəyindən, məzhəbindən asılı olmayaraq, özgə və ya ölkəmizin düşməni deyil. Onların hamısı bizim qardaşımızdır və bizim tarixə, mədəniyyətə və inanca əsaslanan möhkəm bağlarımız var. Xarici işlər nazirimizin Suriya müxalifəti ilə Əsəd rejimi arasında sülhün bərqərar olması ilə bağlı konstruktiv və real sözləri qalıcı həll axtarışları üçün güclü nəfəsdir. Bundan heç kim narahat olmamalıdır”, - Bağçalı qeyd edib.

Onun sözlərinə görə, Türkiyənin Suriya ilə münasibətlərini siyasi dialoq səviyyəsinə yüksəltməsi və bu çərçivədə terror təşkilatlarının yuva saldıqları bütün bölgələrdən çıxarılması qarşıda duran siyasi gündəm mövzularından biri olmağa namizəddir və hətta bu haqda ciddi düşünməyə dəyər:

“Səmimi arzumuz və ümidimiz budur ki, 2023-cü ilə qədər hər sahədə və hər bir qonşumuzla normallaşma atmosferi hökm sürsün. Yaşadığımız geniş coğrafiya bizə deyir ki, döyüşərək yox, qucaqlaşaraq yaşayaq.

Türkiyə öz tarixi mükəlləfiyyətinin yol xəritəsində irəlilədikcə və qonşuları ilə ardıcıl, səviyyəli, qarşılıqlı hörmətə əsaslanan və balanslı dialoqlar qurduqca, nə qlobal imperializm fürsət tapacaq, nə də qonşu bölgələrdə terror təşkilatları özlərinə yer tapacaq.

2023-ci il böyük Türk-İslam əsrinin başlanğıcı və həmrəyliyi ili olacaq”.