Çin və Yaponiyadan kritik addım – Yeddi saatlıq görüş anlaşma ilə bitdi

19 Avqust 2022 10:44 (UTC+04:00)

Çin və Yaponiya ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana son səfəri ilə ada ətrafında artan hərbi gərginlikdən sonra münasibətlərdə sabitliyi qorumaq üçün qarşılıqlı dialoqun davam etdirilməsi mesajı verib.

Teleqraf.com xəbər verir ki, Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr komitəsinin sədri Yan Cieçi Tyanjin şəhərində Yaponiya baş nazirinin milli təhlükəsizlik müşaviri Akiba Takeo ilə görüşüb.

Yeddi saat davam edən görüşdə Yan və Akiba gərginliyin ikitərəfli münasibətlərdə sabitliyi poza biləcəyi ehtimalına qarşı dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.

Akiba Tayvan boğazında sülh və sabitliyin vacibliyini dilə gətirərək, Yaponiya hökumətinin təlim çərçivəsində raketlərin atılmasına etirazını təkrarlayıb.

Tayvanın Çinin ayrılmaz hissəsi olduğunu bildirən Yan isə bu problemin həllinin Çin-Yaponiya münasibətlərinin siyasi təməlinin və iki ölkə arasındakı etimad və xoş niyyətin qorunub-saxlanmasına əsaslandığını vurğulayıb.

Tərəflər yeddi saatlıq görüşdə iki ölkə arasında dialoqun bundan sonra da davam etdirilməsinə dair razılaşma əldə edib.