“Bir gecə keçirdim, içki içdim, kifayət qədər çılğın idi” – Xanım baş nazir

19 Avqust 2022 11:35 (UTC+04:00)

Finlandiya Baş naziri Sanna Marin bir partidə çəkilən və sosial şəbəkələrdə yayılan görüntüləri ilə bağlı açıqlama verib.

Teleqraf.com xəbər verir ki, içkili halda rəqs edərkən kameralara tuş gələn Marin görüntülərin şəxsi evdə təşkil edilmiş partidə çəkildiyini, əylənmək üçün narkotik istifadə etmədiyini və bunun tamamilə qanuni olduğunu söyləyib.

Baş nazir dostlarının partiyə qatılmasının da yanlış olmadığını deyib:

“Görüntülər yayımlandığı üçün məyus oldum. Dostlarımla bir gecə keçirdim. Əyləndik, kifayət qədər çılğın idi, bəli”.

Sanna Marin mətbuata açıqlamasında əlavə edib:

“Narkotik təsiri altında olmamışam, spirtdən başqa heç bir maddə istifadə etməmişəm. Rəqs etdim, oxudum, əyləndim və bunlar tamamilə qanunidir”.

Finlandiya baş nazirinin görüntüləri xüsusilə ölkənin siyasi müxalifəti tərəfindən ciddi şəkildə tənqid edilib.