"Bu, həyatımdakı ən gözəl anlardan idi" - Namaz qılan məşhur model

19 Avqust 2022 22:11 (UTC+04:00)

Dünyaca məşhur model, fələstinli Bella Hadid “Rami” serialında rol alacaq.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, serial Nyu-Cersidə yaşayan misirli mühacir oğlu Raminin yaşantılarından bəhs edir.

O, müsəlman icması, Allah və sonsuz imkanlar vəd edən dostları arasında bölünmüş mənəvi “səyahətə” başlayır.

Aktrisa kimi ilk dəfə kamera önünə keçən model maraqlı açıqlamaları ilə yadda qalıb.

Müsəlman mədəniyyətində yaşamaq istədiyini deyən Hadid məsciddə namaz qılarkən dinlə arasında dərin bir əlaqə hiss etdiyini bildirib.

“Böyüyəndə atamla birlikdə yaşamaq, işləmək və ümumiyyətlə müsəlman mədəniyyətində yaşamaq istərdim, amma belə bir imkanım olmadı. Uşaqkən ailəmin Fələstin tərəfi ilə yaşayırdım, sonra valideynlərim boşandılar və anam bizi Kaliforniyaya apardı. Beləcə əlaqələr kəsildi”- Bella Hadid deyib.

Onun sözlərinə görə, orta məktəbdə oxuyarkən ərəb olduğuna görə daim uşaqlar tərəfindən təzyiqlərə məruz qalıb, ələ salınıb: “Özümü çox tənha və kədərli hiss edirdim. Mən həyatımın bir hissəsini itirdim”.

Model həmçinin qeyd edib ki, həyatının ən gözəl anlarından birini Ramazan ayında yaşayıb:

"Ramazan ayında dostumun yanına getdim və onunla birlikdə namaz qıldım. Bu, həyatımdakı ən gözəl anlardan idi"