İlham Əliyevlə görüşdən sonra yeni gəlişmə - “Rauf Denktaşdan sonra o da...”

19 Avqust 2022 20:39 (UTC+04:00)

“Yunan Kipri Ermənistana dəstəyini və Qarabağ separatçılarına simpatiyasını heç zaman gizlətməyib”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert Şimali Kipr Türk Cümhuriyyəti - Azərbaycan münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:

“Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ərsin Tatar Azərbaycana səfər edə biləcəyini deyib. Ərsin Tatar bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyənin Konya şəhərində görüşmüş və fikir mübadiləsi aparmışdı. Kipr lideri bu səmimi söhbətdən çıxış edərək, Azərbaycana səfər edə biləcəyini söyləyib.

Baş tutacağı təqdirdə, bu, Şimali Kipr Türk Cümhuriyyəti prezidentinin Azərbaycana ilk səfəri olmayacaq. Adanın mərhum lideri Rauf Denktaş da vaxtilə mərhum dövlət başçısı Heydər Əliyevin dəvəti ilə Azərbaycana gəlmişdi.

Rəsmi Bakı Şimali Kipri rəsmən tanımasa da iqtisadi, ticari və humanitar sahələrdə əlaqələrinin genişlənməsinə, birbaşa təyyarə reyslərinin açılmasına heç nə mane olmur. “Bunun qarşılığında yunanlar Azərbaycan əleyhinə hansı addımlar ata bilər” sualı 44 günlük savaşdan sonra aktuallığını itirib.

Digər tərəfdən, Yunan Kipri Ermənistana dəstəyini və Qarabağ separatçılarına simpatiyasını heç zaman gizlətməyib”.