Qırğızıstan və Tacikistan arasında nə baş verir? - İki ölkəni üz-üzə qoyan səbəb

20 Sentyabr 2022 11:38 (UTC+04:00)

1991-ci ildə müstəqillik əldə etmiş Orta Asiya ölkələrində sərhəd problemləri 30 ildən çoxdur davam edir. Həllini gözləyən bu problemlər zaman-zaman region ölkələri arasında münaqişələrə çevrilir.

Teleqraf.com xəbər verir ki, bölgə ölkələri Tacikistanla Qırğızıstan arasında bu səbəblərdən baş vermiş son silahlı qarşıdurmada 80-dən çox insan həlak olub.

Bu günə qədər davam edən problemlərin ən mühüm səbəblərindən biri də SSRİ dövründə ittifaqda yer alan Orta Asiya ölkələrinin sərhədlərinin süni şəkildə cızılmasıdır. Ölkələrin müstəqillik əldə etməsindən sonra Moskva tərəfindən bölgədə yerləşdirilmiş “minalar” bir-bir partlamağa başladı.

Bölgədə sərhəd məsələləri ilə bağlı bir çox mübahisələr zamanla həll olunsa da, üç ölkəni əhatə edən Fərqanə vadisi uğrunda mübarizə səngimək bilmir.

Xüsusilə su ehtiyatları və sərhədlərin o tayındakı anklavlar region ölkələrini bir-biri ilə üz-üzə qoyur.

Qarşıdurmanın mərkəzi nöqtəsi

Özbəkistan, Tacikistan və Qırğızıstan regionun ən mürəkkəb sərhədlərinə malik ölkələrdir. Üç ölkənin sərhədlərinin kəsişdiyi Fərqanə vadisi demək olar ki, sərhəd mübahisələrinin mərkəzidir.

Özbəkistan və Tacikistan arasındakı 1332 kilometrlik sərhədin təxminən 1000 kilometri 2002-ci ildə, qalan hissəsi isə 2016-cı ildə vəzifəyə başlayan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin mehriban qonşuluq siyasəti ilə həll olunub.

Qırğızıstan 1391 kilometr ümumi sərhədi olan Özbəkistanla sərhədin müəyyənləşdirilməsi işlərinin böyük hissəsini həll edib.

Digər tərəfdən, Fərqanə vadisində qonşu olan Qırğızıstan və Tacikistan sərhəd probleminə görə münaqişə içindədir. İki ölkə arasındakı mübahisələrdə ərazi iddiaları, su qaynaqları və yaylaların istifadəsi ön plana çıxır.

Tacikistan və Qırğızıstan arasında 971 kilometrlik sərhədin 600 kilometri ilə bağlı razılıq əldə olunub, amma qalan hissədə tərəflər 70-ə yaxın sərhəd məntəqəsində güzəştə getmək istəmir. Son illərdə iki ölkə arasında baş verən silahlı qarşıdurmalar çoxlu sayda ölüm və yaralanma ilə nəticələnib.

Fərqanə vadisində anklav mübahisəsi

Mübahisəli sərhədlərlə yanaşı, Fərqanə vadisindəki anklav problemi də üç ölkənin xalqlarını üz-üzə qoyur. Başqa bir ölkənin ərazisində digər ölkəyə məxsus anklavların olması da münaqişələrə və insanların həyatlarının məhvinə səbəb olur.

Qırğızıstanda Özbəkistana məxsus Şahimərdan, Sox, Çonqara və Cənqayıl, Tacikistanın Vorux və Qərbi Kalaça anklavları, Özbəkistanda da Qırğızıstanın Barak və Tacikistanın Sarvak anklavları var.

Bu anklavlar arasında təxminən 60 min insanın yaşadığı Özbəkistana aid Sox və Tacikistanın Qırğızıstanda yerləşən Vorux anklavı böyüklüyü ilə diqqət çəkir. Zamanla əhalinin sıx yaşadığı bu bölgələrdə gərginlik və qarşıdurmalar baş verir.

Bu mübahisəli bölgələrin coğrafiyası, tranzit və su ehtiyatlarının idarə edilməsi baxımından strateji əhəmiyyəti də region ölkələri arasında onilliklərdir davam edən sərhəd mübahisələrinin və problemin həll olunmamasında mühüm amildir. Ölkələr bölgədəki bu üstünlüklərini itirmək istəmədiklərindən, regiondakı sərhəd problemləri uzun müddətdir həll edilə bilmir.