Keçmiş ədliyyə naziri edam olunacaq - Qərar

22 Sentyabr 2022 15:42 (UTC+04:00)

Çinin keçmiş ədliyyə naziri Fu Zhenghua rüşvətxorluq və vəzifə səlahiyyətini pozmaq maddələri ilə ittiham olunduğu iş üzrə ölüm cəzasına məhkum edilib.

Teleqraf.com xəbər verir ki, Çin Mərkəzi Televiziyasının (CCTV) verdiyi məlumata görə, Fu Zhenghua Pekin İctimai Təhlükəsizlik Bürosunun direktoru və ictimai təhlükəsizlik nazirinin müavini kimi Ədliyyə Nazirliyi vəzifəsini icra edərkən, özü və qohumları vasitəsilə 117 milyon yuan (təxminən 14,9 milyon dollar) rüşvət almaqda ittiham edilib.

Rüşvətxorluq və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinən sabiq nazir və polis rəisi iki il müddətinə azadlıqdan məhrum edilməklə edam cəzasına məhkum edilib.

Qərarda Funun öz vəzifə səlahiyyətlərindən istifadə edərək sahibkarlıq fəaliyyətində, vəzifəli təyinatlarda və məhkəmə işlərində başqalarının xeyrinə istifadə etdiyi və bununla da haqsız üstünlük əldə etdiyi qeyd edilib.

2020-ci ilin mayında Çin Xalq Siyasi Məşvərət Konfransının üzvü təyin olunana qədər ədliyyə naziri və Kommunist Partiyasının Mərkəzi Siyasi və Hüquqi Məsələlər Komitəsinin üzvü vəzifələrində çalışmış 67 yaşlı Fu ötən il keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanılıb.

Keçmiş ədliyyə naziri və polis rəisinə qarşı iş iyulun 11-də açılıb. İyulun 29-da keçirilən iclasda Fu ona qarşı irəli sürülən bütün ittihamları etiraf edib.