“Bundan sonra Donbasa müdaxilə Rusiyaya hücum sayılacaq” - Peskov

23 Sentyabr 2022 16:33 (UTC+04:00)

“Rusiya Ukraynanın Donbas, Xerson, Zaporoje və digər ərazilərin referendumla federasiyaya birləşmək qərarına müdaxiləsini ölkəmizə hücum kimi qiymətləndirəcək”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.

“Referendumlar”da müsbət qərar olacağı təqdirdə Kiyevin bu əraziləri geri qaytarmaq cəhdlərinin Rusiyaya hücum kimi qiymətləndirilib-qiymətlənməyəcəyi sualına Peskov belə cavab verib: “Bəli”.

Prezidentin sözçüsü söyləyib ki, həmin ərazilər federasiyaya ilhaq edildikdən dərhal sonra orada Rusiya Konstitusiyası qüvvəyə minəcək.

“Bu məsələ ilə bağlı hər şey çox aydın şəkildə göstərilib. Əgər bu ərazilərin Rusiya Federasiyasına daxil olması aktı olarsa, o zaman konstitusiyamızın müvafiq müddəaları artıq işləyəcək”, - Peskov bildirib.

Qeyd edək ki, bu gün Ukraynanın həmin ərazilərində ilhaqla bağlı “referendum” başlayıb. Proses sentyabrın 27-dək davam edəcək.