“Heç kim Azərbaycana qarşı bu addımı atmayacaq, çünki..." – Köçəryan

29 Sentyabr 2022 17:10 (UTC+04:00)

“Əgər Ermənistan hökuməti Azərbaycana sanksiyaların tətbiqinə nail olmaq istəyirsə, bu, heç bir nəticə verməyəcək”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Karen Köçəryan deyib.

Ekspert Baş nazir Nikol Paşinyanın Azərbaycandan qorxduğunu iddia edib: “Birinci vəzifəsi dövlətin təhlükəsizliyini təmin etmək olan ölkə başçısı deyir ki, ona heç kim silah satmır.

Burada iki variant var:

Birincisi, siz effektli işləmirsiniz (mənbələriniz yoxdur, danışıqlar apara bilmirsiniz və s.);

İkincisi, siz yalan danışırsınız və düşməni (Azərbaycanı nəzərdə tutur – red.) qəzəbləndirmək istəmirsiniz.

Tvitterdə ağlayan uşaqlar heç kimin vecinə deyil. Ən yaxşı halda, onlara gülürlər və aşağılanırlar.

Əgər ümidiniz qonşu ölkəyə qarşı sanksiyalardırsa, bu baş versə belə, “mənəvi qələbə”dən başqa heç bir nəticə verməyəcək. Yəni bu üsul işləməyəcək. Çünki heç kim qonşumuzun neftindən, qazından imtina etməyəcək".

Köçəryan heç bir dövlətin Azərbaycana sanksiya tətbiq etməkdə maraqlı olmadığını söyləyib.