"Dronqo"nun çəkilişləri niyə təxirə salınıb? - AÇIQLAMA

12 Dekabr 2014 14:50 (UTC+04:00)

"Çətin, eyni zamanda da məsuliyyətlidir"

Rejissor Yavər Rzayevin filminin çəkilişləri bir müddətlik təxirə salınıb.

Bunu Teleqraf.com-a açıqlamasında rejissor özü deyib: "Hava şəraitı ilə əlaqədar olaraq çəkilişləri bir müddətə təxirə salmağa məcbur olduq. Çəkilişlər Bakı və Qubada aparılmalıdır. Qubada yağan qar ucbatından çəkilişlərimizi təxirə saldıq". O bildirib ki, filmin çəkilişləri gələn ilin yanvar-fevral ayına planlaşdırılıb.

Şura İlqar Muradovu bəyənib

Məlumat üçün bildirək ki, rejissorun ekranlaşdırdığı "Xeyirlə Şərin rəqsi" filminin ssenarisi Çingiz Abdullayevin "Quba kapriççosu" romanı əsasında yazılıb. Əsərin süjet xəttinə əsasən tanınmış ekspert-kriminalist Dronqo Quba yəhudisi, zərgər Semyon İzmaylova məxsus itmiş "Şah Abbas" almazının axtarışlarına çıxarkən qətl hadisələrini də açmaq məcburiyyətində qalır. Filmdə baş qəhrəman - Dronqo obrazını tanınmış müğənni İlqar Muradov canlandırır. İ.Muradov qəzetimizə açıqlamasında rolunun kinostudiyanın Bədii Şurasında bəyənildiyini deyib: "İfamı bəyəndilər, amma çəkilişləri hələ olmayıb. Bu da havaların soyuq keçməsi ilə əlaqədardır. Məşqləri isə davam etdiririk. Rejissor mənə çox inanır. İndiyə kimi Dronqonun başına gələn müxtəlif hadisələrin əks olunduğu kitabları oxumuşam. Dronqo filmdə baş roldur və əlbəttə ki, heç vaxt filmə çəkilməyən biri kimi bu obrazı canlandırmaq çətin, eyni zamanda da məsuliyyətlidir".

"Təəccübləndirməyi bacaracağıq"

Yavər Rzayev İlqar Muradovla olan məşqlərin çox uğurla keçdiyini və filmin Azərbaycanda səs-küyə səbəb olacağını deyib: "2002-ci ildə çəkilən "Dronqo" adlı filmdə baş rolu tanınmış aktyor İvan Kalnınış ifa edib. Mənim təsəvvürümdə olan Dronqo isə başqadır. Bu obraz üçün İlqar tipli insan axtarırdım. İlqarı bir dəfə gördüm və bu fikrə gəldim. O obraza çox yaraşdı. İnanıram ki, bu filmlə İlqar Muradovun aktyorluq bacarığını tamaşaçılara göstərərək, hər kəsi təəccübləndirməyi bacaracağıq".

"Azərbaycanfilm" kinostudiyasında istehsal olunan psixoloji detektiv janrında olacaq tammetrajlı filmin ssenari müəllifləri Yavər Rzayev və Çingiz Abdullayevdir. Filmin bəstəkarı Siyavuş Kərimi, rəssamı Rafiq Nəsirov, operatoru Nadir Mehdiyevdir. İlqar Muradovdan əlavə, filmdə Qurban İsmayılov, Fuad Osmanov, Münəvvər Əliyeva, Məbud Məhərrəmov və başqaları çəkiləcəklər".

Nərmin