“Dialoqa satqınlıq deyirsənsə, necə demokratsan?”

16 Dekabr 2014 12:23 (UTC+04:00)

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun təmsilçiliyi ilə keçirilən iqtidar-müxalifət dialoqunu şərh edib.

S.Cəlaloğlu Teleqraf.com-a açıqlamasında deyib ki, iqtidar-müxalifət görüşünün baş tutması vacib və əhəmiyyətlidir:

“Görüşü 4 partiya sədri təklif etsə də, format daha da genişləndirildi. Çünki tədbir daha çox partiya sədrinin iştirakı ilə bir çox məsələlərin müzakirəsinə həsr olundu. Dialoq təklifinə PA-nın şöbə müdiri Əli Həsənov səviyyəsində reaksiya verilməsini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, proses davam etdirilməlidir. Cəmiyyətdə hər şey danışıq və diskussiya ilə həll olunur. Ən azı adam bilmədiyi şeyi öyrənir, başqasına öz bildiyini çatdırır. Tərəflər bu siyasi dialoqdan bir-birini alçatmaq və yalnız öz maraqlarını təmin etmək üçün istifadə edirsə, bu dialoqun nə cəmiyyətə, nə də dialoq iştirakçılarına xeyri olacaq. İllərdir deyirəm ki, siyasi dialoq lazımdır. Bu dialoqda Müsavat, AXCP kimi partiyalar da iştirak etməlidir. Amma AXCP-nin "mən varam bu dünya var, mən yoxam dünya yoxdur" yanaşması subyektivizmin nəticəsidir. Fəlsəfədə də belə cərəyan var. Cəbhəçilər də geridə qalmış bu fəlsəfədən yapışıb gedir. Dialoqdan bir nəfər kənarda qalıbsa, deməli, bu cəmiyyətə lazım deyil kimi mövqe yanlış bir şeydir. O adamlar iddia edirsə, onların iştirakı olmadan belə dialoq baş tuta bilməz, əksinə, hesab edirəm ki, onların iştirakı çox vaxt bu işləri korlayır. Çünki onlar demokratiyanın nə olduğunu o qədər də dərk edə bilmirlər. Demokratiyanın ən vacib prinsiplərindən biri konsensusdur, razılaşmadır. Bunlar razılaşmanı satqınlıq kimi qiymətləndirirlər. Bu, razılaşan adama yox, demokratiyaya verdikləri qiymətdir. Amma gecə-gündüz deyirlər ki, demokratıq. Sən demokratik prinsipə satqınçılıq deyirsənsə, necə demokrat ola bilərsən? Ola bilər opponentə ləkə yaxmaq istəyirsən, amma bütünlükdə xalqın demokratiya haqqında təsəvvürlərini korlayırsan axı. İnsanlar görüşəndə satqın olur?”

“Müsavat formatı bilsəydi, görüşə gələrdi”

S.Cəlaloğlu Müsavat Partiyasının görüşdə iştirak etməmə səbəbinə aydınlıq gətirib: “Bu görüşü 4 partiyanın görüşü kimi nəzərdə tutmuşduq. Müsavat Partiyasında dedilər ki, biz görüşə qatılmayacağıq, amma dialoq olsa, iştirak edərik. Sonradan görüş dialoq formatında inkişaf elədi. Müsavat görüşün belə formatda keçiriləcəyini bilsəydi, yüzdə yüz iştirak edərdi”.

Nərgiz