Kissincer: `Ukraynada vəziyyət çoxdan nəzarətdən çıxıb`

15 May 2014 12:06 (UTC+04:00)

Kissincer: “Çox güman ki, Putin Ukraynada vəziyyəti son həddə qədər gərginləşdirmək istəməyib”.

ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer CNN telekanalına müsahibəsində Rusiyanın Ukraynaya qarşı yürütdüyü siyasətin arxasında nələrin dayana biləcəyinə aydınlıq gətirib.

Keçmiş katibin fikrincə, “Vladimir Putin güman ki, “Ukrayna əməliyyatını” qabaqcadan planlaşdırmayıb”.

“Özümüzə belə bir sual verək: Putin, Olimpiya oyunlarına 60 milyard dollar xərclədi. Orada açılış və bağlanış mərasimləri oldu. O, Rusiyanı normal, proqressiv bir dövlət kimi təqdim etməyə çalışdı. Bu baxımdan onun 2-3 gün sonra Ukrayna üzərinə hücuma keçməsi qeyri-mümkündür”-deyə Kissincer fikir bildirib.

Kissincer, Rusiya prezidentinin Ukrayna ilə bağlı atdığı addımları artıq nəzarətdən çıxmış situasiyaya bir reaksiya kimi qiymətləndirib.

“Düşünürəm ki, nə vaxtsa onun Ukraynanı özünə tabe etmək fikri olub. Ümumiyyətlə bütün dövrlərdə, bu vaxta kimi görüşdüyüm hər bir Rusiya lideri, o cümlədən Soljenıtsın və Brodskiy kimi dissidentlər Ukraynanı Rusiya tarixinin və mədəniyyətinin bir hissəsi kimigörüblər. Lakin, düşünmürəm ki, bu dəfə Putin vəziyyəti bu qədər gərginləşdirməyi öncədən planlaşdırıb. Zənnimcə o, situasiyanın mərhələli şəkildə inkişafını nəzərdə tutmuşdu, onun bugünkü davranışları isə fövqəladə hala hesablanmış bir reaksiyasıdır.

Əlbəttə, onun niyə məhz bu cür hərəkət etdiyini izah edərkən, başqa bir ölkənin hər hansı bir hissəsinin öz ölkənə ilhaqına və ya başqa bir ölkəyə hərbi müdaxiləyə haqq qazandırmaq olmaz. Lakin düşünürəm ki, əvvəlcə biz Ukraynanın problemini həll etməli, daha sonra isə Rusiya ilə münasibətləri müzakirə etməliyik” –deyə ABŞ-ın keçmiş dövlət katibi bildirib. /azvision.az/