“AMAY”ın sahibinə daha 2 milyon manatlıq ittiham

5 Mart 2015 17:39 (UTC+04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayev, eləcə də mərkəzin işçiləri Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın məhkəməsi davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrlik etdiyi prosesin əvvəlində cinayət işi üzrə zərərçəkmiş Orxan Cəfərov Abdulla Abdullayevə qarşı 2 milyon manat iddia qaldırıb. Orxan Cəfərov bildirib ki, nənəsi Minarə Quliyeva 2003-cü ildə torpaq sahəsi alıb: “Torpağı aldıqdan bir müddət sonra “Xudafərin” MMC tərəfindən həmin ərazi zəbt edildi deyir. Məhkəmələr də onları haqlı saydı. Nənəm 2011-ci ildə rəhmətə getdi. Mən də onun hüquqi varisi kimi ifadə vermişəm”.

Abdulla Abdullayevin vəkili Əkbər Bağırov Orxan Cəfərovun dediklərinin əsassız olduğunu deyib. O, zərərçəkmiş şəxs statusuna xitam verilməsini istəyib. Daha sonra Abdulla Abdullayev Orxan Cəfərovun iddiasına münasibət bildirib: “Başa düşmürəm. Mən gərək onda nə qədər adama mülki iddia qaldıram. Ev tikmişəm. O qədər xahiş edən olub ki, pulumuz yoxdur, ev ver, olanda verəcəyik. İndiyə qədər 1 manat verməyiblər, amma ev sahibidirlər. Gərək indi hamısını məhkəməyə verək?”.

Dövlət ittihamçısı Orxan Cəforovun iddiasının qəbul edilməsini məhkəmədən istəyib. Həmçinin digər mülki iddiaçı Mahirə Aslanovanın iddasının geri qaytarılmasını xahiş edib. Prokuror deyib ki, Mahirə Aslanova mülki iddianı vaxtından gec verib. Yerində müşavirə keçirən hakimlər Orxan Cəfərovun mülki iddiasını icraata qəbul ediblər, Mahirə Aslanovanın iddiasını geri qaytarıblar.

Daha sonra prosesdə Abdulla Abdullayev ifadə verməyə başlayıb.

Hacı Zeynalov