Deputatdan Hacıbəyliyə xəbərdarlıq - “Dostluğumuzu” silməyə məcburam”

10 Mart 2015 19:09 (UTC+04:00)

Aydın Mirzazadə: “Bu radikal müxalifət cəbhəsinə xas olan mədəniyyətin göstəricisidir”

Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli ilə YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzazadə arasında anlaşılmazlıq yaranıb və bu tərəflərin bir-birinə kəskin fikirlər işlətməsi ilə yadda qalıb.

Müsavat rəhbərliyinin başı daxili problemlərinə qarışdığı bir ərəfədə başqanın qardaşı Mustafa Hacıbəyli sosial şəbəkədə A. Mirzazadə ilə bağlı status yazıb. Daha sonra Hacıbəyli və bir qrup tərəfdarı deputatın sosial şəbəkədəki, səhifəsində müzakirələr açaraq onu ciddi tənqid ediblər. Deputatın qarşı tərəfə cavabı isə qısa və xəbərdarlıq tonunda olub:

"Mustafa Hacıbəyli, vaxtı ilə siz mənə facebbok-da dostluq göndərdiniz. Bizim fərqli siyasi cəbhələrə məxsus olmağımıza baxmayaq dostluğu qəbul etdim və bunun özünün bir siyasi mədəniyyət nümunəsi olmasına şərait yaratdım. Ancaq 7 mart tarixində siz bütün etik qaydalarını pozaraq özünüzün və mənim səhifəmdə mənim haqqımda təhqiredici material yerləşdirdiniz. Fərqli fikrə dözümlü bir insan kimi onu silmədim və bayram günləri olduğu üçün polemikaya da girmədim. Bununla belə dünən siz və sizin həmfikirləriniz bütün etikanı kənara qoyaraq həmin status üzrə heç bir ölçüyə sığmayan müzakirə açdınız. Əslində bu radikal müxalifət cəbhəsinə xas olan mədəniyyətin göstəricisi idi. Yazdıqlarınız tənqid və fərqli fikir söyləmək çərçivəsini qətiyyən gözləmirdi. Sizin kimi düşünənlərin sayının az olduğunu həmin statusu bəyənən 20 nəfərlə qiymət vermək mümkündür. Hansı ki, mənim səhifəmdəki istənilən statuslara 100-dən çox insan müsbət rəy bildirir. Sizi buna son qoymanızı, həmin statusunuzu silməyi və gələcəkdə formal da olsa, dostluq qayadalarını gözləməyə çağırıram. Əks təqdirdə bizim “dostluğumuzu” silməyə məcburam”.

Cavidan