Yaşıl Velosipedçilər Klubundan REPORTAJ

7 Aprel 2015 12:15 (UTC+04:00)

Bakıda əksəriyyət ya şəxsi avtomobilindən, ya da ictimai nəqliyyatdan istifadə edir. Amma mənzil başına velosipedlə çatmaq istəyənlər də var. Belələri həm ekoloji mühitin, həm öz sağlamlıqlarının qayğısına qalırlar. Yaşıl Velosipedçilər Klubunun da əsas prioriteti budur. Klub üzvləri hər bazar səhər saat 7-də yığışıb velosiped sürür, çay içir, söhbətləşir, imkan düşəndə ölkənin müxtəlif istiqamətinə turlar təşkil edirlər.

Havanın soyuq olmasına rəğmən, biz klubun ünvanına çatanda 50-dən artıq insan dəniz kənarında velosiped sürürdü. Söhbətləşməkçün çay fasiləsinə qədər gözləməliydik.

Velosipedçinin səhəri

Əvvəlcə yarandığı gündən klubda olan Fərhad Əliyevə yaxınlaşdıq. Bildirdi ki, Yaşıl Velosipedçilər Klubu “Təbiət Dostları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərir: “Qurum 2008-ci ildə yaradılıb. Missiyası paytaxtımızda velosiped sürənləri, həvəskarları bir araya toplamaq, ekoloji tarazlığı qorumaq naminə velosipedin ictimai nəqliyyat kimi təbliğinə xidmət etməkdir. Mənim özümün uşaqlıda sürdüyüm çox primitiv velosiped idi. Daha sonra velosiped haqqında məlumatlar topladım. Bu sahənin Azərbaycanda da inkişafına çalışdım.

Hazırda hər bazar günü səhər saat 7-də bulvara toplaşırıq. Bu cür yığışmağımız “Velosipedçinin səhər”i adlanır. Klubumuzun rəsmən 100 nəfər üzvü var, hər üzv ildə 20 manat pul ödəyir. Yığılan pullar təşkilatın ixtiyarında olan 8 velosipedin təmirinə xərclənir. Həmin velosipedlərdən daim istifadə olunur, onların təmiri, hazır vəziyyətdə olması üçün pula ehtiyac var. Klubumuza üzv olmağı arzulamayan, ancaq komandaya qoşulub bizimlə velosiped sürmək istəyənlərə də etiraz etmirik".

Yalnız bulvarda velosiped sürməyə icazə verilir

Oqtay Quliyev deyir ki, o, bulvarda velosiped sürənləri görərək, kluba üzv olub: “2007-ci ildən bulvarda velosiped sürürdüm. Bir dəfə baxdım ki, bir qrup insan velosipedini saxlayıb çay içir. Yaxınlaşıb maraqlandım, təfsilatı öyrəndim və kluba yazıldım. 2010-cu ildən Yaşıl Velosipedçilər Klubunda könüllü fəaliyyət göstərirəm. Yaxında yaşadığım üçün hər bazar hava yağışlı, soyuq olsa belə, gəlib velosiped sürürəm.

Çətinliyimiz əsasən vaxtla bağlıdır. Bəzən saat 10-a qədər, bəzənsə 9-a kimi bulvarda kütləvi velosiped hərəkətinə icazə verirlər. Bulvarda bircə yerdə velosiped zolağı var, yalnız həmin yerdə velosiped sürmək olar, orada da insanlar gəzir. Maşın yolu ilə sürəndə isə sürücülər mane olur.

Bizim məqsədimiz Azərbaycanda velosiped mədəniyyətini təbliğ etməkdir. Mənim İspaniyadan, Portuqaliyadan dostlarım var, Bakıda işləyirlər və bizim təşkilata üzv olublar. Klubumuzun təşkil etdiyi müxtəlif turlara qoşulurlar".

Oqtay Quliyev deyir ki, rayon camaatı onları gülərüz qarşılayır: “Velosipedlə yaxını Qobustan və Mərdəkan qəsəbələrinə, Sumqayıta getmişik. Ən uzaq səfərimiz isə Qusara olub. Maraqlı hadisələrlə qarşılaşmışıq. Rayon camaatı bizi mehriban, gülərüz qarşılayır. Qonaq çağırır, hətta pulsuz gecələməyə yer təklif edirlər. Əvvəlcə haradan gəldiyimizlə, kimliyimizlə maraqlanırlar. Azərbaycanlı olduğumuzu biləndə təəccüblənirlər.

Hazırda ara-sıra işə velosipedlə gedib-gəlirəm. Çox vaxt velosipedi park etməyə yer olmur, yaxud park edib qayıdanda velosipedi yerində tapmıram. Səbəbini bilmirəm. Çünki velosipedi saxladığım yerdə maşınlar da park olunur".

“Əvvəl məqsədim hobbi qazanmaq idi”

Fərhad Əliyev deyir ki, təşkilatın tərkibində müxtəlif velo-yürüşlər təşkil edilir: “Hər il 8 mart Beynəlxalq Qadınlar günü münasibəti ilə velo-tura çıxırıq. Hazırda müraciət edən insanlara velosiped sürməyi öyrədən layihə həyata keçiririk. Amma layihədən kənar da, il boyu təmənnasız təlimlər keçirik. Üzvlər üçün endirim olur, qeyri-üzvlərsə qeyd edilən məbləği tam ödəyir.

Bu yaxınlarda bir layihə icra elədik. 100-ə yaxın müraciət almışdıq. Onların arasından 20 nəfəri, əsasən də qadınları seçdik. Çünki qadınlar daha həvəsli, daha uzun müddətli tərəfdaşdırlar. Onlardan nə üçün velosiped sürmək istədiklərini öyrəndik. Hazırda bizimlə hər bazar onlar da velosiped sürməyə gəlirlər".
Klubun qadın üzvü Cəlalə Osmanlı deyir ki, 2010-cu ildən komandaya qoşulub: “Velosiped sürmək haqqında kluba üzv olduqdan sonra düşünməyə başladım. Ona qədər velosiped sürmək heç ağlımın ucundan da keçmirdi, üstəlik, sürməyi də bilmirdim. Klubdakı dostlarım sayəsində velosiped sürmək bacarığına yiyələndim. 2011-ci ildən aktiv velosiped həvəskarıyam.

Əvvəlcə məqsədim sadəcə yeni bir hobbi qazanmaq idi. Daha sonralar həm zövq almaq, həm sağlamlığımın qeydinə qalmaq, həm də faydalı bir nəqliyyat vasitəsini təbliğ etmək üçün bu işə davam elədim. Biz velosipedin ekoloji nəqliyyat vasitəsi kimi təbliği üçün dostlarımızla birlikdə əlimizdən gələni etməyə çalışırıq.

4 il əvvəl velosiped sürəndə küçədə rastlaşdığım velosipedçilərin əksəriyyətini, demək olar ki, tanıyırdım. Yəni əksəriyyət klubumuzun üzvləri idi. Hazırda kütləvilik artıb, daha şəhərdə rastıma çıxan velosipedçiləri tanımıram. Məqsədlərimizdən birinə nail olmuşuq, məncə..."

“Hello” qışqırıb alqışlayırlar

Xəyyam Bayramov isə klubun üzvü olmasa da, hər bazar velosiped sürməyə gəlir: “Mən kluba üzv deyiləm, amma hər həftə burada velosiped sürənlərə qoşuluram. Klubun hər cümə təşkil edilən işgüzar turu xoşuma gəlir”.

Klubun daha bir üzvü Əli Bayramov deyir ki, uşaqlıqdan velosiped sürməyə həvəs göstərib: “Atama hər gün deyirdim, mənə velosiped al, almırdı. Deyirdi, dərslərini yaxşı oxu, sonra... Mən də velosiped eşqinə dərslərimi yaxşı oxudum. Həmin vaxtdan velosiped sürürəm, turlara gedirəm. Ən uzaq turum ölkədaxili Bakı-Gəncə-Bakı marşrutu ilə 777 kilometr, ölkəxarici isə Novruz bayramı ərəfəsində Şəki-Tiflis-Tovuz marşrutu üzrə 550 kilometr olub.

Paytaxtda velosiped sürəndə maşınlar problem yaradır. Yalnız qadın sürücülər bizə yol verir. Azərbaycan ərazisindən magistralla gedəndə maşınlar siqnallayır, kənd camaatı “hello” deyib alqışlayırlar. Elə bilirlər, azərbaycanlı deyilik.

Tovuz turuna gedəndə rayonun ərazisindən çıxana kimi yol polisi bizə kömək göstərdi. Türkiyədə təhsil aldığım üçün ora gedəndə velosipedimi özümlə aparıram . Türkiyədə marşruta pul verdiyimi xatırlamıram".

Kifayət qədər velosipedçi olmadığı üçün ayrıca zolaq çəkilmir

Fərhad Əliyev velosipedin müxtəlif növlərindən söz açdı: “Biri gənclərin yol yarışında istifadə etdiyi velosipeddir ki, onlar yüngüldür, çəkisi 7-9 kiloqram olur. Yarışlarda iştirak üçündür. Amma qiyməti bahadır.

Yol velosipedi əsasən asfalt yollar üçün nəzərdə tutulub. Təkərləri nazik, sükanı fərqlidir. Onunla işə gedib-gəlmək daha rahatdır, az enerji ilə yaxşı sürət almaq olur.

İkinci növ velosiped dağ velosipeddir. Onlar aqressiv görünüşlüdür. Klub üzvlərində əsasən dağ velosipedləridir. Çünki bizim yollarımız o qədər də rahat olmadığı üçün hərəkət eləmək çətindir".
Həmsöhbətimizin sözlərinə görə, velosiped sürmək əyləncəli və faydalı olmaqla həm də təhlükəlidir: “Çox adam istəyir işə velosipedlə gedib-gəlsin, amma yollarda velosiped zolaqları olmadığına görə ehtiyatlanırlar. Əsas məqsədimiz velosipedi nəqliyyat vasitəsinə çevirmək, dövlət tərəfindən tanıtmaqdır. Gənclər və İdman Nazirliyi ilə birgə tədbirlər keçirmişik.

Bakı Şəhər Baş Polis İdarəsinə velosiped zolaqlarının təşkili üçün müraciət etdik. Bildirdilər ki, hələ yetərincə velosiped sürən olmadığı üçün şəhərdə ayrıca velosiped yolu çəkilmir. Amma yol çəksələr, velosipeddən istifadə edənlər çox, qəzaların sayı isə az olar".

Qeyd edək ki, velosipedlərin qiyməti 200-1500-ə manat arasındadır.

Yaşıl Velosipedçilər Klubunun üzvləri həftənin cümə günləri işgüzar tur keçirirlər. Axşam turlarında iştirak edənlər velosipedin ön (ağ), arxa (qırmızı) işıqları və səs siqnalı olmalı, velosipedçi dəbilqə (kaska) geyinməlidir.

İlhamə Əbülfət