“Müsavatın mitinqi xaricdən verilən sifarişdir”

10 Aprel 2015 12:16 (UTC+04:00)

Müsavat Partiyası aprelin 19-na mitinq təyin edib. Partiya “Məhsul” stadionuna qədər yürüş edilməsi haqda qərar qəbul edib. Partiyanın Təşkilat Komitəsinin sədri Razim Əmiraslanlı qəzetimizə bildirdi ki, etiraz yürüşü ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə müraciət olunacaq: “Yürüş 20 Yanvar metrosundan başlayacaq, ”Məhsul" stadionunda bitəcək".

Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən bütün ictimai-siyasi partiya və təşkilatlara bu yürüşdə iştirak etməklə bağlı müraciət olunacaq: “İlkin olaraq belə fikrimiz var ki, ayrı-seçkilik olmadan partiyalara müraciət edək. Müzakirənin gedişindən asılı olaraq sonda qərar qəbul edəcəyik”.

Müsavat funksioneri dedi ki, AXCP və Milli Şuraya da müraciət etməyi planlaşdırıblar.

“Müsavatın mitinqi sifarişdir”

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov Müsavat Partiyasının yürüş istəyinə münasibət bildirib: “Bunların hamısı bir sifarişdir. Bunların məqsədi ondan ibarətdir ki, xaricdən verilən sifariş əsasında, həm də ayrılan maliyyə əsasında bu prosesləri həyata keçirsinlər və dünya ictimaiyyətini, ayrı-ayrı dövlətləri çaşdırmaq üçün bizi istəməyən qüvvələrin, erməni lobbisinin, müxtəlif QHT-lərin dəstəyi ilə bu addımları atsınlar. Onların piketləri ilk Avropa Oyunlarına qədər davam edəcək. Bu hərəkətləri ”Eurovision" mahnı müsabiqəsi keçirilərkən də görmüşük və indi bu hərəkətlərin təkrar olunması heç də təsadüf hesab olunmamalıdır".

“Müsavat qorxur ki, Milli Şuradan az adam toplasın”

Onun fikrincə, mitinq məsələsində Milli Şura ilə Müsavat Partiyası arasında mübarizə gedir. S.Novruzov söylədi ki, Müsavat Partiyası mitinq keçirməkdə tərəddüd edir: “Qorxurlar ki, Milli Şuradan az adam toplasınlar. Çünki keçən dəfə biabırçı bir hal baş verdi. Hər iki tərəfin mitinqi sifarişli olduğundan insanlar bunu başa düşür və ona görə də heç kim onların piketlərinə gəlmir”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Müsavatın yürüşünə qatılmayacaqlarını söylədi: “Çünki onlar bu qərarı verərkən bizimlə məsləhətləşməyiblər. Partiya öz funksionerləri ilə müzakirə edərək bu fikrə gəlib. Qərar verilməsində iştirak etmədiyimiz yürüşə qatılsaq, ADP-ni buraxıb Müsavat partiyasına üzv olarıq”.

Onun sözlərinə görə, AXCP ilə Müsavat mitinq məsələsində rəqabət aparır: “Onların keçirdikləri mitinqlərin məqsədi heç də sosial-iqtisadi vəziyyətlə bağlı deyil. Hər dəfə mitinqlərdən sonra aparılan təbliğata baxsanız, görərsiniz ki, mitinqlər guya vətəndaşların vəziyyəti ilə bağlı keçirilir, amma təbliğat bundan ibarət olur: biz yeganə müxalif qüvvəyik, Azərbaycan müxalifəti bizik, yerdə qalanlar satqındır, bizdən güclü müxalifət yoxdur, ən üstün güc bizik və s. Keçirilən mitinqlərin məqsədi partiya maraqlarına xidmət etmək və bundan piar kimi istifadə etməkdir. Ona görə də mitinqlərin nə əhəmiyyəti var, nə də xalq mitinqi dəstəkləyir. Çünki xalq görür ki, bu mitinqlər siyasi qrupların özlərini təbliğ etmək üçün bir vasitəsidir?”

“Müsavat düşünür ki, AXCP iki mitinq keçirib, özü geridə qalıb”

ADP sədri dedi ki, Müsavat AXCP-dən geri qalmamaq üçün bu mitinqi təyin edib: “Müsavat düşünür ki, AXCP iki mitinq keçirib, özü geridə qalıb. Təcili 1-2 mitinq keçirib öz gündəliyinə yazacaq. Bundan qabaq Müsavat bir mitinq keçirmişdi, çox uğursuz alınmışdı, çünki partiyanın parçalanma dövrünə təsadüf etmişdi. Görünür, bundan sonra hazırlaşıb daha ciddi aksiya keçirmək istəyirlər. Amma mitinqlər heç bir nəticə verməyəcək. Əgər biz hökumətin fikirlərimizi eşitməsini istəyiriksə, bu zaman hökumət hansı yolla fikirlərimizi eşitməyə üstünlük verirsə, o yolu seçməliyik. Hökumət deyirsə ki, sizi mitinqlə yox, dialoqla eşidirəm, onda niyə mitinq etməliyik? Hökumət desə ki, sizi dialoqla da eşitmək istəmirəm, onda yeganə yol mitinq olar.”

NƏRGİZ