“Neft Daşları” yatağı üçün yeni estakadayanı meydança tikilir

11 Aprel 2015 02:10 (UTC+04:00)

“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında “Neft Daşları” yatağı üçün yeni estakadayanı meydançanın tikintisi uğurla davam etdirilir.

“Neftqazelmitədqiqatlayihə” institutunun layihəsi əsasında inşa olunan 1637A nömrəli estakadayanı meydançanın baş podratçısı “Neftqaztikinti” trestidir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, meydança 14 istismar quyusunun qazılması üçün nəzərdə tutulub. Burada qazılacaq quyuların hər birindən sutkada 10 ton neft hasil olunacağı gözlənilir.

Layihə çərçivəsində indiyədək 6 blok, 7 aralıq seksiyası, 2 minik və 3 yanalma meydançası inşa olunub. Yanğın əleyhinə su kəməri (dəniz suyu), içməli su kəməri və yanacaq boru kəmərinin çəkilişi davam edir. Dəmir-beton plitələrin, qülləaltı pastamentin, yükqaldırma qabiliyyəti 13,5 ton olan hidroaktiv kranın, eyni zamanda, istehsalat zamanı və yanğına qarşı su təchizatını təmin etmək məqsədi ilə 4 elektrik dalma nasosunun və 2 lafet qülləsinin quraşdırlıması nəzərdə tutulur. Estakadayanı meydançada ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə sahələri üzrə işlər bütün müasir norma və tələblər səviyyəsində yerinə yetirilir.

Dənizin çirklənməsinin qarşısını almaq üçün estakadayanı meydançanın döşəməsində novlar, döşəmənin altında isə çirkab suları yığmaq üçün tutumlar yerləşdiriləcək. Meydançanın tikintisinin bu ilin iyun ayında başa çatdırılacağı gözlənilir.