“Türk dövlətləri Türkiyəyə dəstək olmalıdır” - MÜSAHİBƏ

16 Aprel 2015 16:44 (UTC+04:00)

“Yəhudi soyqırımı ilə bağlı Nürenberq tribunalı oldu, soyqırımı məhkəmədə sübut olundu, Almaniya öhdəliklər götürdü. Yəni burada məsələnin hüquqi yolları var idi. Bosniyada baş verən soyqırımı da məhkəmə tərəfindən sübut olunub. Keçmiş Yuqoslaviya üçün tribunal var və orada da fərdi məsuliyyət qoyuldu. Orada Bosniya və Serbiya arasında məsələ də qoyulmuşdu. Amma beynəlxalq məhkəmə qərar verdi ki, Serbiya dövlət kimi bu soyqırımına məsuliyyət daşıya bilməz, amma vaxtilə prezident olan Miloşeviç və generallar həbs edildi, cəzalandırıldı. Başqa sözlə, beynəlxalq məhkəmə şəxsləri cəzalandırdı, lakin dövlət üzərinə məsuliyyət qoymadı. Belə presedent də yoxdur ki, ona istinad edib Türkiyəni cəzalandırmaq mümkün olsun”.

Bunu Teleqraf.com-a müsahibəsində Respublikaçı Alternativ Hərəkatının idarə heyətinin üzvü, hüquqşünas Erkin Qədirli bildirib. Müsahibəni təqdim edirik:

- Erkin bəy, hüquqşünas kimi Avropa Parlamentinin saxta erməni “soyqırımı” ilə bağlı qətnaməsini necə qiymətləndirirsiniz?
- Bu, hüquqi deyil, siyasi qərardır. Odur ki, hüquqi olmayan qərarı şərh etmək yersiz olardı. Çünki söhbət soyqırımından gedirsə, soyqırımının hüququ tərifi, konvensiyası var. Xüsusilə, bu konvensiya II Dünya Müharibəsindən sonra qəbul edilib. 1915-ci olayları zamanı nəinki konvensiya, heç hüquq lüğətində “soyqırımı” ifadəsi olmayıb. Odur ki, Soyqırımı Konvensiyasına istinad edərək 1915-ci ildə baş verən hadisələrə qiymət vermək məntiqsizlik olardı. Həm də, bu bir məhkəmə deyil ki, məsələ araşdırılsın. Xatırladım ki, I Dünya Müharibəsində məhkəməyə cəhd olmuşdu, eləcə də, ingilislər təqsirləndirilən şəxs qismində bir neçə türk hərbçini Malta adasında mühakimə etmək istəmişdilər. Ancaq orada sübutlar olmadı, hadisələr də soyqırımı kimi təsdiq edilmədi. Avropa Parlamentinin mövqeyi siyasi qərardır və 1915-ci il olaylarının 100 illiyinə həsr edilir. Bu, Avropa Parlamentinin ilk qərarı deyil. 1987-ci ildə də Avropa Parlamenti belə qərar vermişdi. O zamankı qətnamə daha sərt idi. Mən bunu sadəcə geopolitik anlamda təhlükə sayıram. Türkiyə ilə bağlı bir təhlükə yoxdur. Ola bilsin ki, bizə qarşı təhlükə var. Ermənilərdən istifadə edərək yenidən geopolitik oyun qura bilərlər. 1987-ci ilin yayında Avropa Parlamenti belə qərar verdi, həmin ilin payızında Aqanbekiyan müsahibə verərək Qarabağın Ermənistana verilməsini tələb etdi, bundan 2 həftə sonra Ermənistanda mitinqlər başladı, 1988-ci ildə azərbaycanlılar kütləvi surətdə oradan qovuldu. Bu dəfə belə bir hal təkrarlana bilməz, amma özümüzə qarşı müəyyən təhlükə ola bilər. Erməni “soyqırımı”nın Türkiyədən daha çox bizə aidiyyəti var. Türkiyəyə bata bilməzlər, amma ermənilərin könlünü almaq üçün bizdən torpaq almağa cəhd göstərilə bilər. Odur ki, biz də möhkəm durmalıyıq.

- Deyirsiniz ki, bu, siyasi qərardır. Bu qərarın arxasınca hüquqi qərarlar da çıxarıla bilərmi?
- Hüquqi qərar olmayacaq. 1987-ci ildə də belə siyasi qərar verilmişdi, hətta ifadə olunmuşdu ki, müasir Türkiyə buna görə məsuliyyət daşımır. Həmin qətnamədə hətta ASALA terror təşkilatının türk diplomatlarını qətlə yetirməsi faktları da pislənmişdi. İndiki qətnamədə bu məqamlar yoxdur. 1987-ci il qətnaməsində “qurban”ların ailə üzvlərinə təzminat ödənilməsi məsələsi də var idi, bu dəfə isə bunun olub-olmadığını bilmirəm. Bu siyasi qərarın arxasınca Türkiyəyə deyə bilərlər ki, “soyqırımı” tanı, bu faktla barış, vaxtilə biz də barışmışıq, Ermənistanla sərhədi aç, münasibət qur. Eləcə də, Ankaranı şirnikləndirə bilərlər ki, Avropa Birliyinə qəbul edəcəyik və s. İndi Türkiyəyə qarşı dışlama var, amma bundan Türkiyəyə ziyan gələsi deyil. Təzminat istəyəcəklər, Ankara da verməyəcək! 1915-ci il hadisələri ilə bağlı Türkiyədən qovulub və Amerikada yaşayan ermənilərin bəziləri təzminatla bağlı məhkəmədə dava açıb. Həmin ermənilər sığorta şirkətlərini məhkəməyə vermişdilər ki, bizim Türkiyədə həyat sığortamız, sağlamlığımız, mülkiyyət sığortamız olub, indi buyurun kompensasiya ödəyin. Lakin Amerika məhkəməsi bu iddiaları rədd etmişdi, bildirmişdi ki, soyqırımı məhkəməsi federal hökumətin səlahiyyətindədir, xarici siyasət məsələsi olduğundan ştat hökuməti bu məsələni həll edə bilməz. Yəni Amerikanın özündə məsələnin hüquqi tərəfi həll edilmədi. Bunu yəhudi soyqırımı ilə müqayisə etmək də uğursuzdur. Çünki yəhudi soyqırımı ilə bağlı Nürenberq tribunalı oldu, soyqırımı məhkəmədə sübut olundu, Almaniya öhdəliklər götürdü. Yəni burada məsələnin hüquqi yolları var idi. Bosniyada baş verən soyqırımı da məhkəmə tərəfindən sübut olunub. Keçmiş Yuqoslaviya üçün tribunal var və orada da fərdi məsuliyyət qoyuldu. Orada Bosniya və Serbiya arasında məsələ də qoyulmuşdu. Amma beynəlxalq məhkəmə qərar verdi ki, Serbiya dövlət kimi bu soyqırımına məsuliyyət daşıya bilməz, amma vaxtilə prezident olan Miloşeviç və generallar həbs edildi, cəzalandırıldı. Başqa sözlə, beynəlxalq məhkəmə şəxsləri cəzalandırdı, lakin dövlət üzərinə məsuliyyət qoymadı. Belə presedent də yoxdur ki, ona istinad edib Türkiyəni cəzalandırmaq mümkün olsun.

- Roma Papasının saxta “soyqırım”la bağlı çağırışını necə şərh etmək olar, məsələnin alt qatlarında hansı məqsədlər durur?
- Bu, Vatikanın köhnə siyasətidir. Vatikanın gözündə İstanbul hələ də Konstantinopol kimi görünür. Vatikan əslində Orta Şərqdə icmasını itirir. Çünki Orta Şərqdə demoqrafik vəziyyət dəyişir, ermənilər də daxil olmaqla xristianlar kütləvi şəkildə köçüb gedirlər. Müsəlmanlarla yəhudilər isə bölgəni tərk etmirlər. Orta Şərqdə xristian icmasını saxlamaq və möhkəmləndirmək Vatikanın əsas məqsədi olub. Çünki Orta Şərqdə İsa Məsihin qəbri, edam olunan yeri xristianlar üçün müqəddəsdir. Səlib yürüşlərindən bu yana Vatikan bu regionda nüfuzunu qorumaq və gücləndirmək istəyib. Son zamanlara qədər bu metod işləyirdi, ancaq indi görünür ki, regionda xristianlar azalır. İkincisi, Orta Şərqdə yeganə erməni kilsəsi mövcudluğunu qoruyub saxlayır, üstəlik həm yəhudilər, həm də ərəblərlə yola gedə bilir. Bu da, ermənilərin köhnə siyasətidir. Hamı ilə dil tapmaq və yaşamaq, özlərini yazıq və tolerant göstərmək əsas fəaliyyətləridir. Fikrimcə, indilikdə Vatikan həm də erməni kilsəsi vasitəsilə mövqelərini möhkəmlətmək istəyir. Necə ki, vaxtilə Konstantinopol kilsəsinə qarşı Vatikan ermənilər vasitəsilə siyasət yeridirdi. Eynilə, burada nüfuzlarını erməni kilsəsi vasitəsilə saxlamaq, xristianlar üçün müqəddəs olan yerlərdə möhkəmlənmək niyyətindədir. Üçüncüsü, ola bilsin ki, geopolitik məsələlər var və Vatikan özü burada böyük dövlətlərin əlində vasitədir. Papa vasitəsilə bunu deyir, erməniləri şirnikləndirir və Türkiyəyə mesaj göndərirlər. Həmçinin görünən budur ki, Avropada dini qarşıdurma halları proses olaraq artır, müsəlmanlara və miqrantlara qarşı aşırı sağ hərəkat güclənir. Həmçinin Orta Şərqdə İŞİD adlı qurum islam adı ilə tarixi abidələri dağıdır, məhv edir. Burada dini qarşıdurmaların, din adına terror hadisələrinin sayı artdıqca, Vatikanın da siyasətə qarışmaq halları çoxalacaq. Mən bunu qətiyyən yaxşı hal hesab etmirəm. Ancaq proses budur.

- Hazırda Türkiyəyə qarşı təzyiqlər ciddi müzakirə edilir. Bəzi mütəxəssislər hesab edirlər ki, bu məqamda müsəlman və türk dövlətləri birlikdə Türkiyəni müdafiə edən bəyanatla çıxış etməlidir, yalnız bu hal xristian dünyasının “soyqırımı” bəhanəsini durdura bilər. Siz, bu haqda nə düşünürsünüz?
- Mən müsəlman birliyinə inanmıram. Bunu boş söhbət hesab edirəm. Müsəlman ölkələri arasında din içində məzhəb savaşı var və bunun da təsiri görünür. Bu saat dinlərarası ədavətdən daha çox dinlər içində ədavət artır. Eyni dinə aid, amma fərqli təriqətlərə bağlı olan müsəlmanlar arasında ədavət güclənir. Məsələn, sünni və şiə məzhəbi ciddi problem yaradır. İran güclənir və Səudiyyə bunu qısqanır. Eləcə də, Türkiyə bu vəziyyətdən istifadə etməyə çalışır. Həmçinin Avropa, Rusiya və Amerikada bu oyunda oynamaq istəyir. Siz dediyiniz məsələ ortaya çıxarılsa, Səudiyyə açıq şəkildə Türkiyəni dəstəkləməyəcək, çünki din bir yana, geopolitik maraqları var. İran da bu dəstəyi verməyəcək.

- Bəs, Türkiyəyə qarşı bu addımlara cavab olaraq Ankaraya kim dəstək verə bilər?
- Bunu ancaq türk dövlətləri edə bilər. Hətta Türkiyə olmasaydı belə, biz bu prosesə qarşı çıxacaqdıq. Çünki erməni “soyqırımı” məsələsi bizim maraqlarımıza birbaşa ziddir. Hesab edirəm ki, türk dövlətləri toplaşıb bunu edə bilər. Mən bunu mümkün sayıram. Fikrimcə, belə çağırış olmalıdır. Biz sadəcə olaraq baş verənləri ciddi təhlil etməli, mümkün olan təhlükələrə qarşı hazırlaşmalıyıq. Əslində, İslam dünyasının Türkiyəyə bir mənəvi borcu var. Çünki türklər İslamı qoruyub. Vatikanın xeyir-duası ilə başlanan xaç yürüşlərinin qarşısını türklər almasaydı, Avropa xristian orduları gəlib onlar üçün müqəddəs hesab olunan yerləri alacaqdı, burada güclənəcəkdi və özləri üçün xristian dövlətləri quracaqdı. Müsəlmanlar da marjinal qruplar kimi qalacaqdı. Bu səlib yürüşlərinin qarşısını türklər aldı, onların sayəsində İslam siyasi faktora çevrildi, böyük coğrafiyanı əhatə etdi, qorundu. Bunun nəticəsi nə oldu? İngilislər gəlib ərəbləri öyrədərək Osmanlıya qarşı qaldırdı və nəticəsi də bəllidir. İndi İslam dünyası Türkiyəni müdafiə etməli, mənəvi borcunu yerinə yetirməlidir.

Nemət