Arif Hacılıdan ADR üzvlərinə qadağa

18 Aprel 2015 17:11 (UTC+04:00)

Müsavatla ADR hərəkatı arasındakı qarşıdurma səngimək bilmir. Əldə etdiyimiz informasiyaya görə, həm Müsavatda, həm də ADR-də təmsil olunan şəxslərin partiyanın qərargahına daxil olmasına qadağa qoyulub. Qadağaya məruz qalanlardan biri də Müsavatın Suraxanı təşkilatının sədri Rövşən Dəmirlidir.

R.Dəmirlinin sözlərinə görə, başqan Arif Hacılı Müsavat qərargahına daxil olmaq üçün "icazə sistemi" tətbiq edib: "Partiyadan xaric edilənlərin isə qərargaha girişi qadağan edilib. Oranı hərbi hissənin qərargahına və həbs düşərgəsinə çevirmək istəyirlərsə, mən bunu şiddətlə qınayıram".

Müsavat Partiyası isə daxili problemlərdən qaçmaq üçün mitinq keçirmək məsələsində inad edir. Bakı meriyası partiyanın yürüş-mitinqinə icazə verməsə də, təşkilat bu dəfə mitinq keçirmək haqqında düşünür. Bu məqsədlə də indiki rəhbərliyə sadiq olan şəxslər səfərbər edilib. Hesab olunur ki, aksiyalar təşkil etməklə həm daxili problemlərdən qaçmaq, həm də ADR Hərəkatını satqınlıqda ittiham etmək cəlbedici görünə bilər.

ADR Hərəkatı sədrinin birinci müavini Adil Qeybulla isə Müsavatın mitinq keçirmək qərarını tənqid edib. ADR-in funksioneri faktiki olaraq mitinq siyasətinə qarşı çıxaraq indiki ərəfədə kütləvi etiraz aksiyası təşkil etməyin artıq iş olduğunu bəyan edib: "Hazırda mitinq keçirmək məqsədəuyğun deyil".

Onu da qeyd edək ki, Müsavat Partiyası Bakı meriyasının cavabından sonra 19 aprel yürüş-mitinqini təxirə salıb.

CAVİDAN